400px|thumb|right|Gürcüstan Müəssislər Məclisinin iclası (1919)

Gürcüstan Demokratik Respublikası parlamentində təmsil olunan müsəlmanlar — 1918-ci ilin 26 may tarixində Gürcüstan Milli Şurası tərəfindən Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra 13 sentyabr 1918-ci il tarixli qanunla milli azlıqların nümayəndələrinə bu ilk qanunverici orqanda təmsilçilik kvotaları ayrılır. Buna uyğun olaraq Azərbaycan türklərinə 4 yer ayrılır. Qanuna görə, sözügedən kvotalar milli azlıqların Gürcüstan ərazisində fəaliyyət göstərən milli şuralarının nümayəndələri hesabına doldurulmalı idi. Buna uyğun olaraq, 29 sentyabr 1918-ci ildə Tiflisdə toplanan Gürcüstan Müsəlmanlarının Milli Şurası Əbdürrəhim Haqverdiyev, Əbdüləziz Şərifov, Mirzə Hüseyn Həsənzadə və Əliheydər Qarayevə parlamentdə təmsilçilik mandatını verir.

Parlamentin yaradılması və fəaliyyəti 26 may 1918-ci il tarixində müstəqilliyini elan etmiş Gürcüstan Demokratik Respublikası mövcud olduğu 33 aylıq dövr ərzində milli dövlət quruculuğu prosesinə böyük önəm verərək bu istiqamətdə bir sıra mühüm islahatlara imza atmışdır. Bu islahatlar çərçivəsində demokratik təsisatların yaradılmasına xüsusi diqqət ayrılmış, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə yolu ilə keçirilmiş ümumxalq seçkiləri nəticəsində ali qanunverici orqan – Müəssislər Məclisi və yerli özünüidarəetmə orqanları — "eroba"lar formalaşdırılmışdır.

Gürcüstanda ali qanunverici orqan rolunu oynayacaq Müəssislər Məclisinin çağırılması barədə ilk təşəbbüs 1917-ci ilin sonlarında, hakimiyyətdə və idarəetmədə boşluq yarananda irəli sürülsə də, bəzi səbəblərə görə təxirə salınmışdı. Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra bu məsələ yenidən aktuallaşaraq ölkə gündəminə daşınan ilk mövzulardan biri olur. Gürcüstan Milli Şurası 1918-ci ilin yayında Müəssislər Məclisi seçimi qaydaları və seçki əsasnaməsinin hazırlanması üzərində işləməyə başlayır. 22 noyabr 1918-ci il tarixində o zaman artıq parlament adlanan Milli Şura 10 bənddən və 119 maddədən ibarət "Müəssislər Məclisinə seçkilər barədə Əsasnamə"ni təsdiq edir. Əsasnaməyə görə, milliyətindən və cinsindən asılı olmayaraq 20 yaşı tamam olmuş Gürcüstan vətəndaşına seçkilərdə iştirak etmək hüququ verilirdi.

Parlamentə seçkilərin keçirilməsi Parlament tərəfindən, həmçinin, seçkilərin təşkili üçün Parlament Mərkəzi Seçki Komissiyası (PMSK) yaradılır. PMSK-da hər bir seçki subyekti üçün ən azı 1 üzvlük mandatı nəzərdə tutulur, eyni zamanda parlament fraksiyalarına təmsilçilərinin sayına müvafiq olaraq müxtəlif sayda yerlər ayrılır. Parlamentin müsəlmanlar ("tatarlar") blokunu PMSK-da Əbdürrəhim bəy Haqverdiyev təmsil edir. Qeyd edək ki, PMSK üzvlərinin eyni zamanda Müəssislər Məclisinə seçkilərə namizəd qismində iştirakına heç bir məhdudiyyət qoyulmamışdı və onların bir çoxunun adı müxtəlif siyasi təşkilatların namizədlər siyahısına salınmışdı. Parlamentin 10 yanvar 1919-cu il tarixli iclasında "Müəssislər məclisinə seçkilərin təyin olunması barədə" qanun qəbul olunur. Qanuna görə, Müəssislər Məclisinə bir neçə mərhələdə keçiriləcək seçkilərin ilk günü 14 fevral 1919-cu il tarixinə təyin olunur.

PMSK həm zaman, həm də maliyyə məhdudiyyətinə baxmayaraq seçkilərin yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlarını səfərbər edir. PMSK-da tərcümə işləri müsəlmanların nümayəndəsi Ə. Haqverdiyev və daşnakların təmsilçisi D. Davitxanyanın rəhbərliyi altında yaradılmış komissiya tərəfindən həyata keçirilirdi. 22 – 26 yanvar 1919-cu il tarixlərində PMSK siyasi partiya və təşkilatların Müəssislər Məclisinə namizədlərinin siyahısını gözdən keçirir və 27 yanvarda qeydiyyat nömrələrinə uyğun olan ardıcıllıqla adları aşağıda çəkilən 15 seçki subyektinin seçkilərdə iştirakını təsdiq edir: 200px|thumb|right|Gürcüstan Müsəlmanlarının Milli Şurasının sədri Əbdürrəhim bəy Haqverdiyev

Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyası (GSDFP); Gürcüstan Milli-Demokrat Partiyası (GMDP); Gürcüstan Sosialist-İnqilabçı Partiyası (GSİR); Erməni İnqilabçı Partiyası "Daşnaksutyun"; Gürcüstan Sosialist-Federalist İnqilabçı Partiyası (GSFİP); Gürcüstan Müsəlmanlarının Milli Şurası; Gürcüstan Radikal-Demokrat Kəndli Partiyası; Gürcüstan Milli Partiyası; Gürcüstan Solçu Sosialist-Federalist Partiyası; Şota Rustaveli Qrupu; Müstəqil (Partiyasızlar) İttifaqı; Borçalı Qəzası Müsəlmanları Qrupu; Rusiya Sosial-Demokrat Fəhlə Partiyası (RSDFP); Vətənpərvərlərin Estetik Liqası; Elinlərin (Yunanların) Demokratik Qrupu. PMSK yuxarıda qeyd olunan seçki subyektlərinin namizədlərinin siyahısını da təsdiq edərək Gürcüstan Demokratik Respublikası (GDR) hökumətinin rəsmi yayın orqanı "Sakartvelos Respublika" qəzetinə göndərir. Sözügedən qəzetin 1 fevral 1919-cu il tarixli sayına əlavə olaraq dərc olunan siyahıdan bəlli olur ki, seçkidə iştirak etmək niyyətində olan siyasi partiya və təşkilatların irəli sürdüyü namizədlərin sayı bir-birindən kəskin fərqlənir. Belə ki, seçkilərdə iştirak edən ümumi 600 namizəddən (onlardan 26-sı qadın idi) sayca ən çoxu — 130 nəfər GSDFP-nin siyahısında yer alırdı, ən az namizədlər isə Şota Rustaveli Qrupundan cəmi 1 nəfər (yazıçı Yevgeni Dvali) seçkilərə qatılırdı.

Müsəlman namizədlər thumb|285x285px|Gürcüstan Müsəlmanlarının Milli Şurasının sədr müavini Alay bəy Bayramov Şota Rustaveli Qrupundan sonra seçkilərdə ən az namizəd sayı ilə, hərəsində 5 nəfər olmaqla Gürcüstan Müsəlmanlarının Milli Şurası və Borçalı Qəzasının Müsəlmanlarının Qrupu iştirak edirdi.

Gürcüstan Müsəlmanları Milli Şurasının (GMMŞ) namizədlərinin adı:

Alay bəy Aslan ağa oğlu Bayramov; Abbasqulu Cabbar oğlu Xanəhmədov; Qasım Abbas oğlu Bayramov; Əlimirzə Molla Məhəmməd oğlu Nərimanov; İsmayıl İsa oğlu Xəlilov.

Borçalı Qəzasının Müsəlmanları Qrupunun (BQMQ) namizədləri:

Böyük bəy Ağa bəy oğlu Axundov; Mirzə Rza Mahmudəli oğlu Əlizadə; Molla Abbas Hacı Qasım oğlu Məmmədov; İbrahim bəy Hacı Həsən ağa oğlu Mursaqulov; Qurban Həsən oğlu.

Gürcüstan Milli Tarix Arxivində saxlanılan sənədlərdən aydın olur ki, Gürcüstan Müsəlmanlarının Milli Şurası tərəfindən ilkin olaraq tərtib olunmuş və GMMŞ-nin sədr müavini Alay bəy Bayramov (instruktor-aqronom) tərəfindən imzalanıb PMSK-ya göndərilmiş 6 nəfərlik siyahıda 1-ci sırada Alay bəyin özü, 2-ci sırada – GMMŞ-nin sədri Əbdürrəhim bəy Haqverdiyevin (Gürcüstan Parlamentinin üzvü), 3-cü sırada Ömər Faiq Nemanzadənin (jurnalist), 4-cü sırada Əlimirzə Nərimanovun (müəllim), 5-ci sırada İbrahim bəy Mursaqulovun, 6-cı sırada isə Mirzə Rza Əlizadənin (müəllim) adları əks olunurdu. Bu siyahının ardınca PMSK-ya GMMŞ sədri Ə. Haqverdiyevin imzasıyla əlavə namizədlərdən ibarət 5 nəfərlik başqa bir siyahı göndərilir. Bu əlavə siyahıda ardıcıllıqla Abbasqulu Xanəhmədovun (tacir), Fətəli bəy Rəşid bəy oğlu Axundovun (tələbə), Qasım Abbas oğlu Bayramovun (tramvay konduktoru), Məşədi Əli Bayram oğlu Quliyevin (tacir) və İsmayıl Xəlilovun (kiçik usta) adları qərarlaşırdı. thumb|Sadaxlı kəndindən namizəd Molla Xəlil Borçalı Qəzası Müsəlmanlarının Qrupu da ilkin olaraq seçkilərə 15 nəfərlik fərqli siyahı ilə qatılmaq niyyətində olmuşdur. Qrupun 22 yanvar 1919-cu ildə tərtib etdiyi və PMSK-nın katibliyində 24 yanvar 1919-cu ildə (№ 151) qeydiyyata alınmış siyahısında bu şəxslərin adları yazılırdı: Böyük ağa Axundov (Aşağı Saral kəndi); Mirzə Rza Əlizadə (Faxralı kəndi); Molla Abbas Hacı Qasım oğlu (Axlı-Mahmudlu kəndi); İsrafil bəy Həsən bəy oğlu Yadigarov (Təkəli kəndi); Məhəmməd Qarabağlıoğlu (Lecbəddin kəndi); Əlipaşa ağa Əsgər ağa oğlu Abbasov (Təkəli); Molla İsa Molla Nəsib oğlu (Kəpənəkçi kəndi); İbrahim bəy Mursaqulov (Qızılhacılı kəndi); Molla Qara Musa oğlu (Arıxlı kəndi); Hasan Molla Vəli oğlu (Qaçağan kəndi); Molla Xəlil (Sadaxlı kəndi); Əli Dəli Əhməd oğlu (Görarxı kəndi); Təhməzqulu Dünyamalı oğlu (Faxralı kəndi); Qurban Həsən oğlu (Saraclı kəndi); Cəfər ağa Eminov (Dəmirçihasanlı).

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasında çıxışı Gürcüstan Milli Şurasının üzvü Əbdürrəhim bəy Haqverdiyevin Milli Şuranın 19 dekabr 1918-ci ildə Tiflisdə keçirilən iclasındakı çıxışı. Həmin tarixdə Gürcüstan Ermənistan müharibəsi davam edirdi.

Həmçinin bax Gürcüstan Müəssislər Məclisi Gürcüstan azərbaycanlıları Gürcüstan azərbaycanlılarının siyahısı Azərbaycan Xalq Cümhuriyyəti-Gürcüstan əlaqələri

İstinadlar

Kateqoriya:Gürcüstan Demokratik Respublikası Kateqoriya:Gürcüstan azərbaycanlıları