Goranboy rayonu (əvvəlki adı: Qasım İsmayılov rayonu) — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. Mərkəzi Goranboy şəhəridir. Rayon respublikanın qərb hissəsində, Gəncə-Daşkəsən iqtisadi rayonunda yerləşir. Goranboy rayonu ilə Bakı şəhəri arasındakı məsafə 317 km-dir.
14 aprel 2009-cu il tarixli 793-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun inzibati ərazisindən 574,82 ha (o cümlədən, Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha və Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 489,0 ha (o cümlədən Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmiş, Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir.
Ümumi məlumat Sahəsi 1790 km², əhalisi 107,900 nəfərdir.(01.01.2024). Mərkəzi Goranboy şəhəridir.
Rayonda 2 şəhər, 7 qəsəbə, 79 kənd var. (ümumilikdə, 88 yaşayış məntəqəsindən 86-da yaşayış var, 2 məntəqədə Gülüstan və Baş Qışlaq kəndlərində yaşayış yoxdur.) Şəhərlərin sayı2Kəndlərin sayı79Qəsəbələrin sayı7İri və orta müəssisələrin sayı~Məktəbəqədər təhsil müəssisələrinin sayı32Ümumtəhsil məktəblərinin sayı80Texniki, orta ixtisas və peşə məktəblərinin sayı1Xəstəxanalar və tibb müəssisələrinin sayı66Mədəniyyət ocaqlarının sayı113
Coğrafiyası thumb|right Azərbaycanın qərb bölgəsində yerləşməklə qərbdən Göygöl, şimal-qərbdən Samux, şərqdən Yevlax, cənub-şərqdən Tərtər, cənubdan Ağdərə və Kəlbəcər rayonları ilə həmsərhəddir. Rayonun şimal sərhədləri Mingəçevir su anbarına birləşir.
Relyefi şimal-şərqdə düzənlik, cənub-qərbdə isə dağlıqdır, ayrı-ayrı yerlərdə qobu və dərələrlə kəsilmişdir. Dağlıq sahədə Paleogen və Neogen, düzənlikdə isə Antropogen çöküntüləri yayılmışdır. Dünyada yeganə müalicəvi neft yatağı (Naftalan) buradadır.
Uzunluqları 10–12 km-ə çatan yarğan qolu şəbəkəsi Qurudərə, Gürzalılar, Aşağı Ağcakənd zonlarında yerləşir. Rayonun cənubunu əhatə edən Murovdağda Kiçik Qafqazın ən yüksək zirvələri: Gamışdağ (3724 m), Murovdağ (3340 m) və Keçəldağ (2225 m) yerləşir.
Çayları (Kürəkçay, Gorançay, Qaraçay, Korçay) Kür hövzəsinə aiddir. Şabalıdı, dağ boz-qəhvəyi torpaqları var. Əsas bitki örtüyü yovşanlı və yovşanlı-şoranotulu yarımsəhra tiplidir. Meşəliklər var. Korçay Dövlət Təbiət Qoruğu rayonun ərazisindədir.
Korçay Dövlət Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə Goranboy rayonunun inzibati ərazinin 4833,6 hektar sahəsində Korçay Dövlət Təbiət Qoruğu yaradılmışdır. Yaradılmasının əsas məqsədi Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır.
Torpaq örtüyü əsasən müxtəlif dərəcədə şorlaşmış adi və açıq şabalıdı, qismən də allüvial-çəmən torpaqlardan ibarətdir. Ərazinin relyefi düzənlik, təpəlik və alçaq daglıq (Bozdağ) sahələrindən ibarətdir. Ərazidə qışı quraq keçən yarımsəhra və quru bozqır iqlim tipii hakimdir. Bitkti örtüyü yovşanlı-şoranlı, şoranlı-yovşanlı bitki qruplarından, çay yataqlarının bitki kompleksindən ibarətdir. Ərazidə efemerlər də yaxşı inkişaf edir. Buranın təbii landşaft sahələri heyvan və quşlar üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın "Qırmızı Kitab"ına daxil olmuş heyvanlardan əsasən ceyranı və turacı qeyd etmək olar.
Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turac və s. vardır.
Qazanbulaq-Naftalan düzənliyi rayonun böyük hissəsini əhatə edir. Mütləq hündürlüyü 300–800 m arasında dəyişir. İncəçayın və Kürəkçayın gətirmə konusları ilə mürəkkəbləşmiş qırıntılı çay daşlarından, qum və gillərdən təşkil olunmuşdur.
Şəhərlər və iri qəsəbələri Goranboy rayonunda 2 şəhər (Naftalan istisna), 7 şəhər tipli qəsəbə var. 1.Goranboy şəhəri2.Dəliməmmədli şəhəri3.Aşağı Ağcakənd qəsəbəsi4.Goran qəsəbəsi5.Kürəkçay qəsəbəsi6.Qazanbulaq qəsəbəsi7.Qızılhacılı qəsəbəsi8.Yeni Veysli qəsəbəsi9.Yuxarı Ağcakənd qəsəbəsi .
Kəndləri Goranboy rayonunda 79 kənd var:
İqlimi İqlimi xüsusiyyətlər Goranboyun iqlimi, kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Müxtəlif bitki növləri, xüsusilə taxıl, meyvə və tərəvəz yetişdirmək üçün uygundur. Goranboy rayonunun mülayim kontinental iqlimi, yerli əhalinin kənd təsərrüfatı fəaliyyəti və gündəlik həyatında mühüm rol oynayır. İqlim şəraiti, bitki örtüyü və su resurslarının mövcudluğu ilə birlikdə Goranboyun iqtisadi inkişafına və ətraf mühitin qorunmasına kömək edir.
Etimologiyası "Goranboy" toponiminin mənşəyi və etimologiyası ilə bağlı toponimikada, dilçilikdə və hərbi-tarixi tədqiqatlarda bir neçə əsas elmi versiya və fərziyyə mövcuddur:
Hərbi-monqol ("kuran / koran") nəzəriyyəsi: Ən əsaslandırılmış etimoloji versiyalardan birinə görə, toponimin birinci komponenti olan "Goran" sözü qədim türk-monqol dillərindəki "kuran/koran" (güryan) kökündən yaranmışdır. XIV əsr tarixçisi Rəşidəddinin xronikalarında qeyd edildiyi kimi, səhrada və ya döyüş meydanında 1000 dənə alaçığın dairəvi şəkildə düzülərək ortasında tayfa başçısının qərargahının yerləşməsi "koran" (düşərgə, ordugah, hərbi istehkam) adlanırdı. Etnonimik ("Kolani" tayfa qolu) nəzəriyyəsi: Başqa bir toponimik versiyaya görə, "Goran" komponenti Qarabağda yaşamış Kolanı tayfasının "Goran" adlanan tirəsi (qolu) ilə bağlıdır. Toponimin ikinci tərkib hissəsi olan "boy" isə qədim türk dillərində tayfa, qəbilə, oba və ya el mənasını ifadə edir. Qədim tayfa ("Gel-ger / Gelan") nəzəriyyəsi: Bəzi tədqiqatçılar "Goran" sözünü antik dövr coğrafiyaşünası Strabonun 17 kitabdan ibarət "Coğrafiya" əsərində Qafqaz Albaniyası ərazisində məskunlaşdığı göstərilən 26 tayfadan biri olan "gel/ger" (gelan) etnonimi ilə əlaqələndirirlər. Epos/Folklordakı "Gor" sözü nəzəriyyəsi: "Kitabi-Dədə Qorqud" eposunda və qədim türk dialektlərində işlənən "gor" (məzar, dəfn yeri, qədim kurqanlar) sözü ilə bağlayan fərziyyələr də mövcuddur. Xalq etimologiyası versiyası: Əhalinin şifahi gələnəyində "goran" sözü bəzən atəşpərəstlik dövrü ilə əlaqələndirilsə də, elmi toponimikada daha çox cografı-etnik termin kimi qəbul edilir.
Tarixi Goranboy rayonu ərazisi Cənubi Qafqazın və Azərbaycanın ən qədim insan məskənlərindən, eləcə də zəngin dövlətçilik və hərb tarixinə malik regionlarından biridir.
Antik dövr və Qafqaz Albaniyyası Arxeoloji tədqiqatlar göstərir ki, Goranboy ərazisində məskunlaşma Tunc və İlk Dəmir dövrünə (e.ə. III–I minilliklər) təsadüf edir. Rayon ərazisində yerləşən Borsunlu, Sarov və Xocalı-Gədəbəy mədəniyyəti tipologiyalı kurqanlar burada qədim tayfaların oturaq həyat sürdüyünü təsdiq edir.
E.ə. IV əsrdən başlayan dövrdə bölğə Qafqaz Albaniyası dövlətinin tərkibinə daxil olmuşdur. Antik dövr mənbələrinə görə, Bərdə və Gəncə şəhərləri arasında yerləşən bu ərazi mühüm ticarət və sənətkarlıq marşrutu kimi fəaliyyət göstərmiş, antik Şətəl şəhər yeri bu dövrün əsas mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir.
Orta əsrlər və Xanlıqlar dövrü Erkən orta əsrlərdə və sonrakı əsrlərdə Goranboy ərazisi Sacilər, Salarilər, Şəddadilər və Səlcuqlular dövlətlərinin, XIII–XIV əsrlərdə Hülakülər və Teymurilər imperiyalarının, XV əsrdə isə Qaraqoyunlular və Ağqoyunlular dövlətlərinin inzibati tərkibində olmuşdur.
Səfəvilər imperiyası dövründə ərazi Qarabağ bəylərbəyliyinin tərkibinə daxil edilmişdir. XVIII əsrin ortalarında Qarabağ xanlığı yarandıqdan sonra Goranboy ərazisi xanlığın mühüm mahallarından biri olan Qaraçorlu və İncəbasa mahalının tərkibində yer almışdır. Ərazidə yerləşən Gülüstan qalası uzun illər Gülüstan məlikliyinin mərkəzi kimi fəaliyyət göstərmişdir.
Çar Rusiyası və AXC dövrü 1813-cü il oktyabrın 12-də Rusiya imperiyası ilə Qacar dövləti arasında Birinci Rus-Qacar müharibəsinə son qoyan tarixi Gülüstan müqaviləsi Goranboy rayonu ərazisindəki Gülüstan kəndində imzalanmışdır. XIX əsrdə Çar Rusiyasının inzibati-ərazi bölgüsünə əsasən ərazi Yelizavetpol quberniyasının Yelizavetpol qəzasına daxil edilmişdir. XIX əsrin ortalarında çar hökuməti tərəfindən köçürülən rus molokan icmaları tərəfindən dağətəyi zonada Rus Borisi kəndi salınmışdır. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə bölğə Gəncə quberniyasının tərkibində respublikanın suverenliyinin korunmasında strateji dayaqlardan biri olmuşdur.
Sovet dönəmi və Inzibati tarix Goranboy rayonu müstəqil inzibati-ərazi vahidi kimi ilk dəfə 8 avqust 1930-cu ildə Goranboy rayonu adı ilə təşkil olunmuşdur.
8 sentyabr 1938-ci ildə Goranboy rayonunun adı dəyişdirilərək inqilabçı Qasım İsmayılovun şərəfinə Qasım İsmayılov rayonu adlandırılmışdır. 14 yanvar 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin Qərarı ilə keçmiş Şaumyan (kənd) rayonu ləğv edilərək ərazisi Qasım İsmayılov rayonuna birləşdirilmişdir. 12 fevral 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Qərarı ilə rayonun tarixi adı bərpa edilərək yenidən Goranboy rayonu adlandırılmışdır.
Sovet illərində rayon pambıqçılıq, tahılçılıq, heyvandarlıq və üzümçülük sahələrində respublikanın aparıcı kənd təsərrüfatı mərkəzlərindən biri olmuşdur.
Müasir dövr Qarabağ münaqişəsi və müstəqillik illərində Goranboy rayonu Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində mühüm strateji istehkam rolunu oynamış, I və II Qarabağ müharibələrində böyük qəhrəmanlıqlar göstərmişdir. Məqalənin Hərb tarixi bölməsində bu barədə ətraflı məlumat verilmişdir. Tarix və memarlıq abidələri Goranboy rayonu ərazisi antik dövrlərdən və Orta əsrlərdən bəri Cənubi Qafqazın mühüm mədəniyyət və sivilizasiya mərkəzlərindən biri olmuşdur. Rayon ərazisində dövlət tərəfindən mühafizə olunan ölkə və yerli əhəmiyyətli çoxsaylı arxeoloji, memarlıq və etnoqrafik abidələr yerləşir.
Qalalar və müdafiə istehkamları
Gülüstan qalası Gülüstan qalası — XII əsrdə inşa olunmuş, Murovdağ silsiləsinin ətəyində, Gülüstan kəndindən 2 km şimalda, dəniz səviyyəsindən 1700 metr hündürlükdə sıldırım qaya üzərində yerləşən respublika əhəmiyyətli müdafiə istehkamıdır. Qala müdafiə xarakterli 3 arakəsmədən ibarətdir və relyefinə görə gəmi formasını xatırladır. Qala divarları boyunca 4 gözətçi məntəqəsi və 12 mazqal (müşahidə gözcüyü) var. Daxildə yağış və qar sularını yığmaq üçün ovdanlar düzəldilmiş, İncəçay istiqamətinə 200 metr uzunluğunda gizli yeraltı tunel çəkilmişdir. Daimi su ehtiyatı və yeraltı tunelin olması qalanın müdafiəsində mühüm rol oynamışdır. Qala daxilində orta əsr şəhər istehkamlarına xas "Narın qala" tipli daxili qala da mövcud olmuşdur.
Qala uzun illər Gülüstan məlikliyinin mərkəzi olmuşdur. 12 oktyabr 1813-cü ildə Rusiya imperiyası ilə Qacar dövləti arasında Birinci Rus-Qacar müharibəsinə son qoyan tarixi Gülüstan müqaviləsi məhz bu qalanın ətəyindəki Gülüstan kəndində imzalanmışdır.
Qarabağ müharibələri dövrü, işğal və azad olunması