Gümüşü iydə
Təbii yayılması Şimali Amerikada yayılmışdır. Yabanı halda Kanadada bitir.
Botaniki təsviri İynəsiz, enli şaxələnmiş çətiri olan yarpağı tökülən, 5 m-ə qədər hündürlükdə kol və ya kiçik ağacdır. Zoğları qırmızı-qonur rəngli qabıqla örtülmüşdür. Yarpaqları yumurtaşəkilli və ya uzunsov-neştərvarı olub, uzunluğu 3–8 sm-dir. Hər iki tərəfdən gümüşü rənglidir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri xırda, içəri tərəfdən sarı, çox ətirlidir, 1–3 ədədi birlikdə yarpaqların qoltuğunda toplanmışdır. Meyvələri oval və ya şarşəkilli, ölçüsü 1–2 sm-dir, gümüşü qabıqlarla sıx örtülmüşdür. Çoxlu kök pöhrələri verir. Toxum, qələm və kök zoğları ilə çoxalır.
Ekologiyası İşıqsevəndir, yarımkölgəyə dözür və daha çox soyuğadavamlıdır. Torpağa tələbkar deyil və gillicəli, qumluca torpaqlarda yaxşı bitir. Şəhər şəraitinə davamlıdır.
Azərbaycanda yayılması Abşeronda, Qobustanda, Kürdəmirdə rast gəlinir.
İstifadəsi Budanmanı yaxşı götürür. Gümüşü rəngdə yarpaqları çox dekorativ görünür. Tək və qruplarla əkinlərdə, canlı çəpərlərin salınmasında istifadəsi məqsədyönlüdür. Qumluqların və yamacların bərkidilməsi üçün yararlıdır.
Məlumat mənbəsi Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Kateqoriya:İydə