Nizami Gəncəvinin divanı () — Nizami Gəncəvinin lirik əsərlərinin toplandığı divan. Mənbələrdə Nizami divanının 20.000 beytə yaxın olduğu göstərilsə də, onun çox kiçik bir hissəsi dövrümüzə çatmışdır. Bütün yaradıcılığı boyunca Nizami epik əsərlərində Divanını xatırlatmış, lirik şeirləri və qəzəlləri ilə fəxr etmişdir. Şair qəzəllərindən birinin sonunda, Şirvanşah I Axsitanı öz divanının sahibi adlandırır.
Dünya aləmində daha çox "Nizami Gəncəvi" adı ilə tanınan, amma əsl adı İlyas olan bu böyük şairin lirik irsindən əldə olan nümunələr klassik Şərq şeirinin ancaq üç şəklini – qəsidə, qəzəl və rübai şəkillərini əhatə edir. Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa, müəyyən elmi nəticələrə gəlməyə imkan vermişdir. Bu əsərlər göstərir ki, insan, onun həyatı, taleyi, arzu və istəkləri Nizami Gəncəvi lirikasının əsas mövzusu olmuşdur.
Nizami Gəncəvinin divanının öyrənilməsi daha gec başlanılsa da, şairin divanı haqqında hələ təzkirə müəllifləri müəyyən fikirlər söyləmişlər. Divanın bəzi hissələri müxtəlif orta əsr cünk və təzkirələrində yaşamışdır. Nizami divanının əldə edilmiş hissələri göstərir ki, o, özündən əvvəl yazıb-yaratmış Rudəki, Nasir Xosrov Qubadyani, Sənai, Ənvəri, Qətran Təbrizi və Xəqani kimi şairlərin mütərəqqi ənənələrini davam və inkişaf etdirmiş, poeziyanı həyata, insanın arzu və əməllərinə yaxınlaşdırmışdır.
Məzmunu Nizaminin lirik irsindən əldə olan nümunələr klassik şərq şeirinin ancaq üç şəklini – qəsidə, qəzəl və rübai şəkillərini əhatə edir. Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa, müəyyən elmi nəticələrə gəlməyə imkan vermişdir. Bu əsərlər göstərir ki, insan, onun həyatı, taleyi, arzu və istəkləri Nizami lirikasının əsas mövzusu olmuşdur. Sənətkar "Xəmsə"də olduğu kimi lirik şeirlərində də öz dövrünün mütərəqqi ideyalarına tərəfdar olduğunu göstərmiş, ədaləti, insanpərvərliyi, təmiz məhəbbəti, dostluğu, əməksevərliyi, doğruçuluğu və sair bu kimi müsbət sifətləri tərənnüm etmişdir.
Əgər "Xəmsə"də Nizami öz dövrünün və mühitinin geniş mənzərələrini verirsə, lirik əsərlərində həmin dövrün və mühitin şairin qəlbində oyatdığı hissləri, fikirləri, duyğu və düşüncələri əks etdirmişdir. Əgər poemalarında Nizami gah folklordan, gah da tarixi xronikalardan istifadə edərək feodal cəmiyyətinin ziddiyyərini, dəhşətli epik lövhələrini yaradırsa, lirik əsərlərində həmin ziddiyyət və dəhşətlərdən doğan şikayət, narazılıq, çağırış və nidaları əks etdirmiş, xeyirin qalib gələcəyinə öz dərin inamını bildirmişdir.
X. Yusifli hesab edir ki, "Nizaminin lirik əsərləri öz ideya dərinliyi, forma gözəlliyi, bədii təsir gücü etibarilə, şairin epik əsərlərindən heç də geriyə qalmır."
Qəsidələr Nizami qəsidələrinin çox az bir hissəsi dövrümüzə çatmışdır. Müxtəlif mənbələrdə Nizami adına yazılan qəsidələrdən yalnız altısını tədqiqatçılar əminliklə Nizaminin özünə aid edirlər.
Onlardan üçü "Məcməül-füsəha"dan, dördüncüsü Saib səfinəsindən, beşincisi Xalxali bayazından götürülmüşdür. Bu qəsidələrdəki Nizamiyə məxsus yüksək şeiriyyət və müxtəlif bioqrafik cizgilər göstərir ki, onların Nizamiyə aid olduğuna heç bir şübhə ola bilməz. Altıncı qəsidə 1328-ci ildə tərtib olunmuş bir cünkdə Nizami Gəncəvinin adına yazılır. Həmin cünkdə Nizamidən 59 qəzəl və iki qəsidə verilmişdir. Bu cünkdə verilmiş başqa şeirlərin Nizamiyə məxsusluğu şübhə doğurmadığı kimi, tədqiqatçılar, həmin qəsidənin də onun olduğuna şübhə etmirlər.
Lakin, bu altı qəsidədən başqa müxtəlif mənbələrdə Nizami adına bir sıra şübhəli qəsidələr də yazılır. Hazırda 11 belə qəsidə məlumdur. Bunlardan səkkizi "Nizami divanı" adlı məcmuədəndir ki, onları da ilk dəfə 1939-cu ildə V. Dəstgirdi "Gəncineyi-Gəncəvi"də Səfəvi dövrü nizamilərinin əsərləri kimi çap etdirmişdir.
Əsl Nizami qəsidələri ilə bu qəsidələr arasında həm ideya məzmunu, həm də şeiriyyət cəhətdən çoxlu fərqlər vardır.Bu siyahıua S. Nəfisi daha iki qəsidə əlavə etmişdir ki, onların da hər ikisi Nizam Astrabadiyə məxsusdur. S. Nəfisi özü də həmin qəsidələrin Nizami Gəncəviyə aid olması fikrini düzgün qəbul etmir. Bunlardan biri vaxtilə N. Y. Marr tərəfindən çap olunmuş sonra isə Y. E. Bertels tərəfindən əsl Nizami şeiri kimi nəşr edilmişdir. Lakin, uzun araşdırmalardan sonra tədqiqatçılar, mənbələrdə saxlanılmış və Nizami Gəncəvinin adına yazılan qəsidələrdən yalnız altısının həqiqətən də şairə aid olduğu qərarına gəlmişlər.
Nizami qəsidələrindən əldə olan nümunələr göstərir ki, şair, öz sələfləri və müasirlərinin bu formadakı əsərlərinə yaxşı bələd olmuş, onların yaradıcılığındakı mütərəqqi və humanist meylləri davam və inkişaf etdirmişdir. Nizami qəsidələrində ictimai-fəlsəfi düşüncələr əsas yer tutur. "Xəmsə"də olduğu kimi, şairin qəsidələrində də o dövrün mütərəqqi adamlarını düşündürən bir sıra ictimai məsələlərə toxunulmuşdur. Bu şeirlər o dövrün lirik əks-sədası olub, Nizaminin 30 yaşlarından başlayaraq ömrünün axırına qədər hansı arzu və ideyalarla yaşadığını göstərir.
Qəzəllər Nizaminin dövrümüzə çatmış lirik əsərləri içərisində qəzəl şəklində yazılmış şairlər daha çoxdur. Şair, həm poemalarında, həm məşhur fəxriyyəsində, həm də qəzəllərinin özlərində tez-tez qəzəllərini xatırladır, onların məclislərin bəzəyi, dillərin əzbəri olmasını, qulaqlarda ərqənun sədası kimi səslənməsini iftixarla qeyd edir. Bunları nəzərə alan tədqiqatçılar, qeyd edirlər ki, şairin yaradıcılığında başqa lirik şəkillərə nisbətən qəzələ daha çox yer verilmişdir.
Nizami qəzəllərinin böyük bir hissəsinin sonunda müəllifin imzası vardır. Bəzilərinin sonunda isə müəllif təxəllüsü ilə yanaşı, həm də bəzi hökmdarların adları çəkilir. Hökmdarların adları çəkilən həmin beytlər öz xüsusiyyətləri ilə qəsidələrin gürizgahlarını xatırladır. Bu cür sonluqlarla bitən qəzəllər ehtimal ki, şair tərəfindən ayrıca əsər kimi yazılmamış, mədhiyyə-qəsidələrin "giriş" hissəsini əvəz etmişdir. Lakin, buna baxmayaraq həmin qəzəllər şairin başqa şeirlərindən nə məzmun, nə də formaca fərqlənmir. Nizaminin dövrümüzə çatmış yüzdən çox qəzəlindən cəmi doqquzu bu cürdür. X. Yusiflinin fikrincə, həmin qəzəlləri Nizami divanından köçürən katiblər onların mədh hissəsini ataraq, ancaq qəzəl hissəsini saxlamışlar.
Nizaminin lirik əsərləri içərisində hazırda qəzəllər sırasına daxil edilən bir sıra ictimai-didaktiki şeirlər də vardır. X. Yusifli qeyd edir ki, "Şairin divanı əldə olmadığından bu şeirlərin qəzəl olub-olmadığını müəyyənləşdirmək çətindir. Ola bilsin ki, həmin şeirlər ayrı-ayrı qəsidələrdən götürülmüş parçalardır." "Təzkirətüş-şüəra"da da həmin şeirlərdən biri qəsidə kimi qeyd olunmuşdur. Şeir özü də həm dil, ifadə, həm də məzmun cəhətdən şairin qəsidələrinə daha yaxındır. Bunları nəzərə alan Y. E. Bertels də həmin şeiri qəsidə kimi çap etdirmişdir.
X. Yusifli Nizami lirikasının toplanması və nəşri sahəsində apardığı işlər, klassik farsdilli şeirin bir sıra mənbələri üzərində apardığı tədqiqatlara əsaslanaraq Nizami qəzəllərinin əsas mənbələri olaraq aşağıdakı qaynaqları qeyd edir:
1328-ci ildə yazılmış və hazırda Aya Sofya kitabxanasında saxlanan 4819 nömrəli cünkdəki 59 qəzəl. Burdakı Nizami şeirləri ilk dəfə S. Nəfisi tərəfindən aşkar edilmişdir. 1330-cu ildə yazılmış və Aya Sofya kitabxanasında saxlanılan 2051 nömrəli cünkdəki 25 qəzəl. Bu qəzəllər ilk dəfə Y. Rıpka tərəfindən aşkar və çap edilmişdir. Saib və Xalxali səfinələrində qeyd olunmuş qəzəllər. Bu şeirlər ilk dəfə V. Dəstgirdi tərəfindən çap edilmişdir. XIII–XIV əsrlərdə yazıldığı ehtimal edilən və biri Tehranda Məcid Müvəqqərin şəxsi kitabxanasında, digəri isə "Məcmuəye-lətaef və səbineyi-zəraef" adı altında Kabul Universitetinin Ədəbiyyat Fakültəsinin kitabxanasında saxlanılan cünklərdə qeyd olunmuş bədii qəzəllər. Bu mənbələrdəki şeirləri ilk dəfə S. Nəfisi aşkara çıxararaq nəşr etdirmişdir. "Lübabül-əlbab", "Təzkirətüş-şüəra", "Xülasətül-əşaru zibdətül-əfkar", "Həft iqlim", "Atəşgədə", "Riyazül-arifiyi" və "Məcməül-füsəha" təzkirələrində qeyd olunmuş qəzəllər. Bu qəzəllər V. Dəstgirdi tərəfidən toplanaraq çap edilmişdir.
Bütün bu mənbələrdə birlikdə 120 qəzəl dövrümüzə çatmışdır ki, onların da 3–4-ü istisna olmaqla, qalanlarının Nizamiyə aid olmasına şübhə yoxdur.
Nizami qəzəllərinin əsas mövzusu məhəbbətin tərənnümüdür. Ölməz eşq dastanlarında məhəbbətə geniş yer verən, "eşqi göylərin yeganə mehrabı, yer üzərində həyatın əsas amili" kimi göstərən Nizami, qəzəllərində də bu ənənəni davam etdirərək aşiqanə şeirin gözəl nümunələrini yaratmışdır. Şair qəzəllərində məşuqəni "dünyanın qibləsi", "göyləri belə səcdəyə gətirən" bir qüvvə kimi tərənnüm edir, "eşqdən kənar dünyada nə varsa, hamısını boş xəyal və əfsanə" sayır. Şairin lirik əsərlərində eşq, insanın həyatına rövnəq verən, insanı gözəlləşdirən, onu əməyə, fəaliyyətə səsləyən, möcüzələr göstərməyə qadir edən böyük bir qüvvə kimi qiymətləndirilir.
Şairin divanından dövrümüzə çatmış hissələri detallı tədqiq edən X. Yusiflinin fikrincə, Nizamiyə məxsus olduğu şübhə doğurmayan bütün qəzəllərdə başdan-başa real insan sevgisi, insan əlaqəsi və münasibətləri tərənnüm olunur. Bu şeirlərin əsas təravəti ondadır ki, onlar həqiqətən yaşanılmış hiss və duyğuların ifadəsidir.
Rübailər Nizami lirikasının ilk naşiri V. Dəstgirdi müxtəlif mənbələrdən topladığı 46 rübaidən yalnız 9-nun Nizami Gəncəviyə aid olduğunu bildirmiş, qalanlarının müəllifini isə Səfəvilər dövrü nizamiləri olduğunu yazmışdır. Müəllif Həmin doqquz rübaidən beşini Saib səfinəsindən, üçünü "Həft-iqlim", birini isə "Məcməül-füsəha" təzkirəsində qeyd olunmuş rübailərin içərisindən seçmişdi. Sonralar bir sıra İran və Sovet alimləri V. Dəstgirdinin bölgüsü ilə hesablaşmayaraq onun Nizamidən hesab etmədiyi rübailərdən də bəzilərini Nizami əsəri kimi çap etdirdilər. Buna misal olaraq Nizami lirikasının 1947-ci il Moskva və Bakı nəşrlərini göstərmək olar. Bakı nəşrində V. Dəstgirdinin bölgüsü təshih edilərək Nizami adına 12 rübai yazılmışdır. Bu on iki rübainin içərisində İran aliminin Nizami adına yazdığı 9 rübaidən ancaq beşi vardır. Qalan 7 rübai isə "Həft iqlim" təzkirəsindən və V. Dəstgirdinin molla nizamilərin hesab etdiyi şeirlər içərisindən seçilmişdir.
Nizami lirikasının görkəmli SSRİ şərqşünası Y. E. Bertels tərəfindən hazırlanmış nəşrində də 12 rübai qeyd olunmuşdur. Burada da "Həft iqlim" əsas götürülmüşdür. Ancaq, buradakı rübailərdən yalnız səkkizi Bakı nəşri ilə müştərəkdir. Nizaminin rübailəri öz ideya-bədii xüsusiyyətlərinə görə şirin başqa şəkillərdə yazdığı əsərlərlə tam bir vəhdət təşkil edir. Burada da birinci növbədə Nizami şeirinə xas ideya dərinliyi, forma rəngarəngliyi, şuxluq və səmimilik diqqəti cəlb edir.
Tarixi Dövlətşah Səmərqəndinin yazdığına görə Nizami Gəncəvi 20.000 beyt həcmində bir divan tərtib etmişdir. Nizaminin lirik şerləri "Xəmsə"si qədər şöhrət qazanmamış, onun qədər geniş yayılmamış və onun kimi bütöv şəkildə dövrümüzə çatmamışdır. Lakin, şairin lirikasından dövrümüzə çatmış nümunələr göstərir ki, bu sahədə də Nizami dövrünün ən qüdrətli şairlərindən biri olmuş, yaradıcılığının əvvəlindən axırına qədər çoxlu miqdarda lirik şeirlər yazıb-yaratmışdır. Əslində Nizami yaradıcılığına lirika ilə başlamış, lirik əsərləri ilə tanındıqdan sonra yaradıcılıq meydanını genişləndirmişdir. Nizami, poemaları ilə yanaşı bütün yaradıcılığı dövründə lirik şeirlər yazmaqda davam etmiş, hətta öz yaradıcılığına farsdilli lirik poeziyanın ən gözəl nümunələrindən olan məşhur "Qocalıq" şeri ilə yekun vurmuşdur.
Nizami, lirik şeir sahəsindəki bu fəaliyyətinə "Xəmsə"də dəfələrlə işarə etmişdir. Məsələn, şair, "Sirlər xəzinəsi"ndə həmin əsərdən əvvəlki ədəbi fəaliyyətinə işarə edərək yazır: