Rövşən Çingiz oğlu Nəcəf () — Azərbaycan dövlət xadimi. 2022-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, 2024-cü ildən isə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidentidir. 3-cü dərəcəli dövlət müşaviridir.
Əvvəllər Prezident Administrasiyasında şöbə müdiri, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, iqtisadiyyat nazirinin müavini və birinci müavini, həmçinin SOCAR-ın birinci vitse-prezidenti vəzifələrində çalışıb. 2025–2029-cu illər üçün FIFA-nın Kommersiya və Marketinq üzrə Məsləhət Komitəsinin üzvüdür. SOCAR-a rəhbərliyi dövründə şirkətin operator olduğu konsorsium İsrailin dəniz zonasında kəşfiyyat lisenziyası əldə edib, SOCAR MOL Group ilə quruda hasilatın pay bölgüsü sazişi imzalayıb və Abşeron qaz-kondensat yatağının tam miqyaslı işlənməsi üzrə yekun investisiya qərarı qəbul olunub.
Həyatı və təhsili Rövşən Nəcəf 1982-ci il aprelin 9-da Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistr pilləsini fərqlənmə ilə bitirib. 2007–2008-ci illərdə SOCAR-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində "İqtisadi siyasətin idarəedilməsi / Beynəlxalq enerji menecmenti və siyasəti" üzrə magistr proqramını bitirib.
İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Evlidir, iki övladı var.
Karyerası İlk illər Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant kimi başlayıb. 2003–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin İnvestisiya siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi, 2008–2009-cu illərdə SOCAR-ın Sərmayələr idarəsinin Sərmayələr üzrə kontraktlar şöbəsinin rəisi işləyib. 2009–2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri və nazirin köməkçisi olub. 2010–2018-ci illərdə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini, sonra isə icraçı direktoru vəzifələrində çalışıb.
Dövlət qulluğu 2018-ci il mayın 11-də Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib. 2019-cu ildə Prezidentin sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin olunub.
2020-ci il fevralın 11-də iqtisadiyyat nazirinin müavini, 2021-ci il dekabrın 23-də isə birinci müavini təyin edilib. Bu dövrdə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvü, "AzerGold" QSC-nin və "Təmiz Şəhər" ASC-nin Müşahidə şuralarının sədri olub.
SOCAR 2022-ci il fevralın 10-da Prezidentin sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti təyin edilib. Həmin il iyulun 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Rövnəq Abdullayevin yerinə SOCAR-ın prezidenti təyin olunub.
Onun rəhbərliyi dövründə SOCAR, BP və İsrailin NewMed Energy şirkətindən ibarət konsorsium 2023-cü ilin oktyabrında İsrailin Aralıq dənizindəki müstəsna iqtisadi zonasında I-6 sahəsində kəşfiyyat üçün keçirilən tenderin qalibi olub, SOCAR layihənin operatoru seçilib. Lisenziyanın verilməsi ilə bağlı saziş 2025-ci ilin martında imzalanıb.
2024-cü il iyunun 3-də COP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclasında SOCAR-ın "yaşıl gündəliyi" və şirkətin fəaliyyət istiqamətlərində emissiyaların azaldılması barədə çıxış edib.
2025-ci ilin dekabrında Macarıstanın MOL Group şirkətinin sədri və baş icraçı direktoru Jolt Hernadi ilə Şamaxı-Qobustan regionunda quru sahədə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş imzalayıb. Layihədə MOL operator kimi 65%, SOCAR isə 35% paya malikdir.
2026-cı il sentyabrın 26-da Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR, ADNOC-un XRG şirkəti və TotalEnergies arasında Abşeron qaz-kondensat yatağının tam miqyaslı işlənməsi üzrə yekun investisiya qərarını, həmçinin Comstock Resources və Apollo şirkətləri ilə strateji tərəfdaşlığa dair sənədləri mübadilə edib. Abşeron yatağının qaz ehtiyatları 350–400 milyard kubmetr həcmində qiymətləndirilir.
İdman fəaliyyəti 2022-ci ilin dekabrında Neftçi PFK-nın Müşahidə Şurasının sədri seçilib və bu vəzifədə Çingiz Abdullayevi əvəzləyib. 2024-cü ilin iyununda klubun Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib və şuranın sədri Hafiz Zeynalov olub.
2024-cü il aprelin 2-də dörd illik müddətə AFFA-nın prezidenti seçilib. Onun prezidentliyinin ilk aylarında, 2024-cü il iyunun 12-də AFFA İcraiyyə Komitəsi Portuqaliya yığması ilə Avropa çempionu olmuş Fernandu Santuşu Azərbaycan milli komandasının baş məşqçisi təyin edib. 2025-ci ilin sentyabrında, 2026 FIFA Dünya Çempionatının seçmə mərhələsində İslandiya yığmasına 0:5 hesabı ilə məğlubiyyətdən sonra Santuşla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 2025-ci ilin oktyabrında FIFA Şurasının qərarı ilə 2025–2029-cu illər üçün FIFA-nın Kommersiya və Marketinq üzrə Məsləhət Komitəsinin üzvü təyin edilib.
Digər vəzifələri 2025-ci il aprelin 9-da Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri təyin olunub.
İstinadlar
Xarici keçidlər Rövşən Nəcəf — SOCAR-ın rəsmi saytında Rovshan Najaf — Facebook səhifəsi
Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları Kateqoriya:Kolumbiya Universitetinin məzunları Kateqoriya:SOCAR-ın birinci vitse-prezidentləri Kateqoriya:SOCAR prezidentləri Kateqoriya:Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri Kateqoriya:Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidentləri Kateqoriya:Azərbaycanın dövlət xadimləri