Məhəmməd Azər Aran () — Müsavat Partiyası sədri (1981–1992).
Həyatı Məhəmməd Azər Aran 1911-ci ildə Azərbaycanın Qarabağ bölgəsindəki Zəngilan şəhərində anadan olub. Atası və bütün qohumları Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycanın istiqlal və hürriyyətə qovuşmasını, Azərbaycan Milli Cumhuriyyətinin qurulmasını istəyən Milli Müsavat Xalq Partiyasına mənsub olub. M. Azər Aran gənc yaşlarından kommunistlərin Azərbaycanda törətdiyi ölümləri, cinayətləri gördüyü üçün mövcud rejimə dərindən nifrət edib.
1920-ci ildə məktəbi bitirdikdən sonra M. Azər Aran Türkiyəyə getmək qərarına gəlir. Sərhədi keçərkən Əli Aran adlı bir riyaziyyat müəllimi ilə tanış olur, birlikdə İrana, oradan isə Türkiyəyə gəlirlər. Azər Aran İstanbulda hərbi tibb fakültəsini bitirib. İstanbulda olarkən Azərbaycan Milli Azadlıq Hərəkatının ideoloqu M. Ə. Rəsulzadə ilə yaxından tanış olub. Sonradan nevrologiya sahəsində ixtisas alaraq mütəxəssis həkim kimi fəaliyyət göstərən, polkovnik rütbəsinə qədər yüksələn Azər Aran hərbi xəstəxanalarda baş həkim olmuş, sonrakı illərdə öz arzusu ilə təqaüdə çıxmışdır.
Azər Aran Tibb fakültəsinin üçüncü kursunda oxuyarkən, M. Ə. Rəsulzadə və bir çox siyasi mühacirlər Türkiyədən getmək məcburiyyətində qaldılar. 1931-ci ildən Azər Aran bir çox dostları ilə Azərbaycan istiqlal davasının fəalları olaraq, ciddi işlər görürlər. Avropadan göndərilən "İstiqlal", "Qurtuluş" kimi mətbuat vasitələrini alıb lazımi ünvanlara çatdırır, milli mətbuata xəbərlər, müxtəlif yazılar hazırlayırlar. Beləliklə, Müsavat Partiyasının və Azərbaycan Milli Mərkəzinin üzvü olurlar. Özü sonradan səmimiyyətlə etiraf edərmiş: "Biz daha gənc olmamış böyük yüklə yükləndik". Azər Aran Sivasda hərbi xəstəxanada baş həkimlik edərkən, Türkiyə Anıtlar Dərnəyinin də üzvü olub. O, Sivasda Qazi Bürhanəddinin abidəsini hazırlatdırıb.
Azər Aran 1949-cu ildən fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin işində də yaxından iştirak edirdi. Müsavat Partiyasının sədri Kərim Odərin 1981-ci ilin 19 noyabrında vəfatından sonra Müsavat Partiyasının sədri olur. Ömrünün sonlarında ağır xəstəlik keçirən Azər Aran uzun illər çalışıb işini yürütdüyü Azərbaycan davasının ana vətəni Azərbaycanda qələbə çaldığını gördü. On bir ilə yaxın sədri olduğu Milli Müsavat Xalq Partiyasının 1992-ci ildə Azərbaycanda bərpası onu çox sevindirdi. Azər Aran 1993-cü il aprelin 8-də Ankarada 82 yaşında vəfat edib və Karşıyaka məzarlığında dəfn edilib.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Türkiyə həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Müsavat Partiyası başqanları