Sərraf Qasım () — Azərbaycanlı şair və haqq aşığı, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun alimi, çağdaş Naxçıvan aşıq məktəbinin banisi
Həyatı
Uşaqlıq illəri Rüstəmli Sərraf Qasım Əyyub oğlu (əvvəlki adı: Rüstəmov Qasım Əyyub oğlu) 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur. Şahbuz rayonunda məskunlaşmış yerli Azərbaycan tayfalarından biri sayılan "Hacı Əhmədlilər" tayfasına mənsub olan Sərraf Qasım, uşaqlıq və yeniyetməlik illərini öz doğma kəndində ailəsinin yanında yaşamışdır. Sərraf Qasım 8 yaşına çatanda atasını itirmiş və bundan sonra o, yetkinlik yaşına çatanadək anasının və böyük qardaşı Müslümün himayəsində böyümüşdür."Ədalət və həqiqət" qəzetinin 21–31 dekabr 2019-cu il tarixli buraxılışı
Təhsili Sərraf Qasım 1947–1955-ci illərdə Aşağı Qışlaq kənd orta məktəbində (1–8-ci siniflərdə), 1955–1957-ci illərdə isə Kolanı kənd orta məktəbində (9–10-cu siniflərdə) təhsil almış və 10 illik orta məktəb təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır.
1959–1961-ci illərdə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun heyvandarlıq ixtisasında təhsil almışdır.
1962-ci ildə isə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) heyvandarlıq fakültəsinə qəbul olunmuş, 1967-ci ildə tam ali təhsilini müvəffəqiyyətlə başa vuraraq, zootexnika ixtisası üzrə alimlik dərəcəsi əldə etmişdir. Sərraf Qasım bir çox digər rəsmi ixtisasartırma, təkmilləşdirmə və idarəçilik kurslarında da iştirak edərək, həmin kursları müvəffəqiyyətlə başa vurmuşdur.
Sərraf Qasım, Gəncədə təhsil aldığı dövrdə orada tanış olduğu müxtəlif sənət adamlarından, ustadlardan və alimlərdən öz rəsmi ixtisası ilə yanaşı, həm saz-söz sənətini, həm də elmi, ədəbi, dini və ictimai bilikləri dərindən öyrənmişdir. Beləliklə də Gəncə mühiti Sərraf Qasımın hərtərəfli savadlı bir alim və əsl bir saz-söz sənətkarı kimi yetişməsinə səbəb olmuşdur.
Əmək fəaliyyəti Sərraf Qasım ali təhsilini başa vurduqdan sonra 1967–1970-ci illərdə ali təhsilli bir mütəxəssis kimi Sabirabad rayonuna təyinat alaraq üç ilə yaxın orada işləmişdir.
Bundan sonra Naxçıvana qayıdan Sərraf Qasım 1970–1974-cü illərdə bir inzibati işçi və mütəxəssis kimi Şahbuz rayonunun Baş Heyvandarlıq İdarəsində çalışmışdır. Bu dövrdə Sərraf Qasım eyni zamanda Şahbuz rayonunun mətbuat orqanı olan "Qabaqcıl" qəzetində də bir yazıçı və müxbir kimi fəaliyyət göstərmişdir.
1974–1991-ci illərdə Şahbuz rayonunun Lenin adına Sovxozunda müxtəlif illərdə həm bir baş mütəxəssis kimi, həm də rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, o cümlədən bir neçə il ərzində bu Sovxozun direktor müavini və direktoru olmuşdur.
Sərraf Qasım Naxçıvana qayıtdıqdan sonra öz rəsmi əmək fəaliyyəti ilə yanaşı, könüllü şəkildə aşıq-saz sənətini təbliğ etməyə və bu sənəti başqalarına öyrətməyə başlamış və bu sahədə çox ciddi və genişmiqyaslı xidmətlər göstərmişdir.
Nəhayət, Sərraf Qasım 1996-cı ildə Şahbuz Rayon Kolanı Uşaq Musiqi Məktəbinin tərkibində öz səbəbkarlığı ilə yaranan Saz Məktəbində (saz şöbəsində) bir saz müəllimi kimi işə götürülmüş və bundan sonra o, bir rəsmi saz müəllimi kimi əmək fəaliyyətini davam etdirmişdir.
Sərraf Qasım 2001-ci ildə bu Saz Məktəbindən təqaüdə çıxaraq, ömrünün sonuna kimi öz doğma kəndində yaşamış və ədəbi-bədii yaradıcılıq fəaliyyətini davam etdirmişdir.
Təltifləri Sərraf Qasım ləyaqətli əmək fəaliyyəti ilə məşğul olduğuna görə bir çox dövlət mükafatlarına və tərifnamələrə layiq görülmüş, o cümlədən aşağıdakı döş nişanları ilə təltif olunmuşdur: "Qabaqcıl işçi" nişanı – 1979 "Sosializm yarışının qalibi" nişanı – 1980
Ailə həyatı Sərraf Qasım 1975-ci ildə öz qohumu və həmkəndlisi olan İbrahimova (Rüstəmova) Pakizə İbrahim qızı ailə həyatı qurmuş və ömrünün sonuna kimi səadətli bir ailə həyatı yaşamışdır. Sərraf Qasım və Pakizə xanım bu ailə həyatından 2 oğul və 1 qız övladı, eləcə də 8 nəvə sahibi olmuşlar. Sərraf Qasım öz atası, anası və əmisinin adlarını öz övladlarına qoymuşdur. Sərraf Qasımın övladları və nəvələrinin adları aşağıdakılardan ibarətdir: Böyük oğlu: Əyyub (Əyyub Sərrafoğlu) Qızı: Göycə Kiçik oğlu: Teyyub Nəvələri: Rüstəmli Rüqəyyə, Rüstəmli Şükran, Rüstəmli Əkbər, Mehdizadə Kubra, Mehdizadə Sövlət, Mehdizadə Arzu, Rüstəmli Yusif, Rüstəmli Nur.
Mənəvi həyatı Sərraf Qasım mənəviyyat aləminə sıx bağlı olan və dini vəzifələrini tam şəkildə yerinə yetirən arif, abid və mömin bir insan olmuşdur.
El arasında "haqq aşığı" və "haqq adamı", "haqq şairi" və "Əhli-beyt şairi kimi" tanınan Sərraf Qasımın poeziya yaradıcılığında dini mövzulara, mərsiyələrə, nəsihətamiz və ibrətamiz şeirlərə böyük üstünlük verilmişdir.
Sərraf Qasım çox təvazökar bir insan olmuş və çox sadə bir həyat yaşamışdır. Həddindən artıq təvazökar bir insan olan Sərraf Qasım, məhz bu səbəbə görə heç vaxt öz yaradıcılıq fəaliyyəti vasitəsilə şan-şöhrət əldə etməyə can atmamışdır.
İbadət və Quran əhli olan Sərraf Qasım eyni zamanda yaşadığı bölgədə cəmiyyət arasında xeyirxah və əltutan bir insan kimi tanınmış və xalq ilə öz çörəyini bölüşən, xalqın dərdinə yanan, sevincinə şadlanan, kədərinə şərik olan öndə gedən bir el ağsaqqalı olmuşdur.
Ölümü thumb|frame|right|Sərraf Qasımın məzarı Sərraf Qasım 9 fevral 2018-ci il tarixdə (78 yaşına yeni qədəm qoyduğu bir vaxtda) sağlamlığı çox yaxşı bir vəziyyətdə olduğu halda öz doğma kənd evində sübh namazını qıldıqdan və bir Quran surəsi oxuduqdan sonra öz yatağına gedərək uzanıb yatmış və bu yuxu onun sonuncu yuxusu olmuşdur. Beləliklə də Sərraf Qasım 09.02.2018-ci il tarixdə sübh çağında yuxuda olduğu halda ürək infarktı keçirərək, vəfat etmişdir.
Sərraf Qasım vəfat etdiyi gün öz yaxınlarının iştirakı ilə Şahbuz rayonunun Aşağı Qışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur."Zamanla birgə" qəzeti: "Ömrünü aşıq-saz sənətinin təbliğinə həsr edən çağdaş Naxçıvan aşıq məktəbinin banisi — Sərraf Qasım
Yaradıcılığı
Saz-söz sənətkarı kimi tanınması Saz-söz sənətinin vurğunu olan Sərraf Qasım, Gəncə şəhərində ali təhsil aldığı dövrdə (1960-cı illərdə) yaradıcı aşıq və şairlərlə daha sıx şəkildə dostluq etməyə, onlarla yaradıcılıq əlaqələri qurmağa və beləliklə də onların bilik və bacarıqlarını mənimsəməyə çalışmışdır. Sərraf Qasım artıq tələbəlik illərindən etibarən həm peşəkar səviyyədə saz ifa etməyə və həm də bəstəli aşıq şerləri və dastanlar yazmağa başlamışdır. Gəncə ədəbi mühiti, Sərraf Qasımın bir aşıq və şair kimi yetişməsində xüsusi rol oynamışdır. Sərraf Qasım, Gəncə aşıqlarından olan Aşıq Cuma, Aşıq Mais, Aşıq Teymur, digər tanınmış Azərbaycan aşıqlarından isə Məzahir Daşqın, Mikayıl Azaflı, Aşıq İmran, Aşıq Əkbər, Aşıq Kamandar, Aşıq Hüseyn Saraçlı, Aşıq Ədalət Nəsibov və s. kimi bir çox aşıqlarla yaradıcılıq əlaqələri qurmuş və onların bəziləri ilə yaxından dostluq etmişdir. Sərraf Qasımın şeirləri belə aşıqlar tərəfindən bütün ölkə miqyasında el məclislərində saz üstündə səsləndirilmiş və elə buna görə də Sərraf Qasım gənc yaşlarından etibarən bir şair kimi tanınmağa başlamışdır."Naxçıvan ensiklopediyası" kitabı, 2-ci cild, AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan, "Əcəmi", 2005, 425 səh. ISBN 5-8066-1468-9.
Sərraf Qasım ilk şeirlərini "Qışlaqlı" (Qışlaqlı Qasım) təxəllüsü ilə yazmağa başlamış, lakin ali təhsil aldığı dövrdə o, Gəncədə iştirak etdiyi aşıq və şair məclislərinin birində görkəmli aşıq və şair Məzahir Daşqının tövsiyəsi əsasında təntənəli bir mərasimlə öz təxəllüsünü dəyişərək, "Sərraf" (Sərraf Qasım) təxəllüsünü qəbul etmişdir.
Sərraf Qasım eyni zamanda həm peşəkar bir şair, həm də ustad aşıq və haqq aşığı olmuşdur. Bir çox aşıqlardan fərqli olaraq, Sərraf Qasımın aşıqlıq etməsi, əsasən aşıq-saz sənətini dərindən öyrənib, təmənnasız şəkildə bu sənəti başqalarına öyrətməsindən və təbliğ etməsindən ibarət olmuşdur.
Sərraf Qasım öz dövründə Naxçıvan ədəbi mühitinin görkəmli bir nümayəndəsi kimi Azərbaycanın müxtəlif bölgə aşıqları ilə ən geniş yaradıcılıq əlaqələrinə malik olan bir şəxs kimi tanınmışdır. Tədqiqatçıların qənaətinə görə həmin dövrdə Naxçıvanlı aşıq və şairlər arasında Sərraf Qasım qədər başqa şairlər və aşıqlarla deyişmələri, şeirləşmələri və görüşmələri olan, dastanlar yaradan ikinci bir şəxs olmamışdır.
Sərraf Qasım eyni zamanda həm klassik, həm də müasir poeziya janrlarında heyrətamiz şeirlər və dastanlar yazıb-yaradan bir şair olduğu üçün xalq şairi Zəlimxan Yaqub və professor Həsən Mirzə kimi görkəmli şair və yazıçılar Sərraf Qasımın yaradıcılığı ilə yaxından maraqlanmış, Sərraf Qasımın bir neçə dastanını çap elətdirmiş və Sərraf Qasımı öz dövründə "Azərbaycanın misilsiz və təkrarsız şair oğlu" adlandırmışlar."Dərələyəz folkloru" kitabı, 8-ci cild, Həsən Mirzə, Bakı, "Elm", 2006, 768 səh. ISBN 5-8066-1712-2.
Sərraf Qasımın yaradıcılığı barədə məlumatlar ilk dəfə "Naxçıvan ensiklopediyası" və "Naxçıvan folkloru" kitabları kimi bir çox ölkə əhəmiyyətli ensiklopedik kitablarda və Sovet mətbuatının bəzi nəşrlərində xüsusi ilə öz əksini tapmışdır. Sərraf Qasımın yaradıcılığına ən yüksək səviyyədə qiymət ilk dəfə Sərraf Qasımın vəfatından qısa müddət öncə 2017-ci ildə Naxçıvanlı tədqiqatçılar qrupu tərəfindən verilmişdir. Tədqiqatçıların qənaətinə görə Sərraf Qasım Naxçıvan mühitində aşıqlar arasında həm aşıq sənətinin, həm də aşıq ədəbiyyatının inkişafına ən zəngin töhfələr verən bir şəxs olmuş və bu barədə ətraflı məlumatlar və faktlar ilk dəfə Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimovun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun Naxçıvan aşıqları barədə apardığı araşdırma əsasında ərsəyə gələn, 2017-ci ildə bir ensiklopedik kitab kimi çap olunan "XVII-XX əsrlər və çağdaş Naxçıvan aşıqları" adlı ikicildli kitabda və həmin tədqiqatçı alimlərin verdiyi açıqlamalarda öz əksini tapmışdır. Bütün bunlara baxmayaraq, bir çox dəyərli əsərlər yaradan və mühüm yaradıcılıq xidmətləri olan Sərraf Qasım, hər zaman sadə bir həyat yaşamağa üstünlük vermiş və heç vaxt öz yaradıcılığı ilə öyünərək hər hansı bir mükafat almağa həvəs göstərməmişdir.
Aşıq məktəbi yaratması Sərraf Qasım ali təhsilini başa vurub, doğma el-obası olan Naxçıvana qayıtdıqdan sonra öz rəsmi əmək fəaliyyəti ilə yanaşı, könüllü şəkildə aşıq-saz sənətini təbliğ etməyə və bu sənəti başqalarına öyrətməyə başlamış və bu sahədə çox ciddi və genişmiqyaslı xidmətlər göstərmişdir. Sərraf Qasımın gördüyü bu işlər nəticəsində onun doğma kənd evi, Sovet dövründə Naxçıvanda təhsil müəssisələrində saz sənətinin tədrisinin qadağan olunduğu bir vaxtda böyük bir aşıq-saz məktəbi kimi tanınmnışdır. Sərraf Qasımın bu xidmətləri Naxçıvan mühitində aşıq-saz sənətinin təbliğ olunmasının nisbətən zəiflədiyi bir dövrdə baş tutmuş və böyük rəğbətlə qarşılanmışdır. Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən qısa bir müddət sonra Sərraf Qasımın səbəbkarlığı və onun Vahid Qurbanov kimi yetirmələrinin ciddi səyləri nəticəsində 1992-ci ildə Naxçıvan zonasında dövlət təhsil müəssisələrinin tərkibində (Şahbuz rayonundan başlayaraq) ilk rəsmi saz məktəbləri (saz şöbələri) yaradılmışdır. Sərraf Qasımın çoxsaylı tanınmış, ustad aşıq və müəllim səviyyəsinə çatmış yetirmələri olmuş və onlar, yeni yaranan bu saz məktəblərində müəllim işləmişlər. Hazırda Naxçıvanda fəaliyyət göstərən aşıqların və saz müəllimlərinin böyük əksəriyyəti, təməli Sərraf Qasım tərəfindən qoyulmuş bu qeyri-rəsmi və ya rəsmi aşıq-saz məktəblərinin yetirmələridilər.