PlayStation və ya qısaca PS — Yaponiyanın "Sony" konqlomeratının törəmə şirkəti olan "Sony Interactive Entertainment"in (SIE) sahib olduğu və onun tərəfindən istehsal edilən videooyun brendidir. Onun flaqman məhsulları bu brend altında istehsal olunan bir sıra ev video-oyun konsollarından ibarətdir; bura həmçinin portativ konsollar, onlayn xidmətlər, jurnallar və digər media formaları da daxildir.
"Sony" rəhbəri Ken Kutaraginin ideya müəllifi olduğu brend 1994-cü ildə Yaponiyada, növbəti il isə bütün dünyada satışa çıxarılan ilk "PlayStation" ev konsolu ilə fəaliyyətə başlamışdır. Bu konsol 100 milyondan çox satılan ilk oyun konsolu növü olmuş və PlayStation-ı qlobal miqyasda tanınan bir brendə çevirmişdir. O vaxtdan bəri çox sayda yeni konsollar — ən sonuncusu 2020-ci ildə çıxan PlayStation 5 olmaqla — buraxılmış, eyni zamanda bir sıra portativ konsollar və media mərkəzi, smartfon kimi digər elektronika vasitələri də təqdim edilmişdir. PlayStation seriyasında istifadə olunan əsas kontroller xətti vibrasiya əks-əlaqəli qeympadlar olan "DualShock"-dur. SIE həmçinin "PlayStation Network", "PlayStation Store" və abunəlik əsaslı "PlayStation Plus" kimi bir çox onlayn xidmətləri idarə edir ki, bunlar oyun xaricində əyləncə xidmətləri də təklif edir. 2025-ci ilin dekabr ayına olan məlumata görə, PlayStation Network-ün aylıq 132 milyondan çox aktiv istifadəçisi var.
Bu seriya, "Sony Interactive Entertainment"-ə məxsus olan və oyunları eksklüziv olaraq PlayStation konsolları üçün hazırlayan "PlayStation Studios" qrupu sayəsində güclü "first-party" (birinci tərəf) oyun siyahısına malikdir. Bundan əlavə, seriya "Sony" tərəfindən hər region üçün fərqli adlarla buraxılan müxtəlif büdcəli təkrar nəşrləri ilə seçilir; bura "Greatest Hits", "Platinum", "Essentials" və "The Best" oyun seçimləri daxildir. Brend həmçinin PlayStation-ın dörd simvolik düyməsi (, , , ) ilə tanınır və çoxsaylı marketinq kampaniyaları ilə məşhurdur ki, bunlardan ABŞ-dakı ən sonuncuları "Greatness Awaits" (Böyük nailiyyətlər sizi gözləyir) və nəhayət "Play Has No Limits" (Oyunun Limiti Yoxdur) reklam çarxlarıdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1994-cü ildə Yaponiyada yarananlar Kateqoriya:PlayStation (marka) Kateqoriya:Videooyun konsolları Kateqoriya:Yaponiya brendləri