Türk memarlığı, Türkiyədə memarlıq və ya Türkiyə Respublikası dövrü memarlığı — 1923-cü ildə qurulan, Türkiyə Respublikası ərazisində davam edən memarlıq prosesi. Mövcud memarlıq üslubu, müəyyən dövrlərdə Türkiyə tarixi boyunca yaşanan xüsusi problemlər, qarşıdurma, müharibə və mitinqlərdən meydana gəlmişdir. Bu ziddiyyətlər arasında ən başlıcası, xüsusilə respublikanın ilk dövrlərində gündəmə gələn Şərq-Qərb dilemmasıdır. Bundan əlavə, milli-ümumbəşəri, ənənəvi-modern, dindarlıq-dünyəvilik və fərqli siyasi baxışlar kimi dilemmalar, memarlıq təcrübələrinin gedişatına da mühüm təsir göstərən faktorlardan olmuşdur. Bu dövrləri bir-birindən ayırmaq mümkün deyil. Bir dövrün və ya bir üslubun təmsilçisi kimi xarakterizə olunan bəzi türk memarlar, karyeralarının sonrakı dövrlərində də fərqli üslublarda da əsərlər dizayn etmişdir.
Türkiyənin qurulduğu ilk illərdə, memarlığa dəstək verəcək və dövlət dəstəyi təmin edəcək muxtar burjuaziya olmamışdır. Bu səbəbdən də Osmanlı İmperiyası dövründə elitist bir məzmuna sahib olan və yalnız saraya bağlı olan memarlar, yeni dövrdə də dövlət rəhbərliyinə bağlı qalmışdır. Bu vəziyyət 1950-ci illərdən başlayaraq dəyişməyə başlasa da, özəl sektorun inkişafı və memarlıq sahəsinin meydana çıxaraq dominant hala gəlməsi çox sonralar baş vermişdir.
Müasir Türkiyə memarlığı, Osmanlı memarlığından böyük təsir almışdır. Bu təsirləri xüsusilə 1920-ci illərdə hakim olan Birinci Milli Memarlıq Hərəkatında müşahidə etmək mümkündür. 1930–1940-cı illərdə Almaniya, Avstriya və İsveçrədə yüksək nüfuza malik memarlar Türkiyəyə dəvət olunmuş və bir çox ictimai binalar onların dəstəyi ilə tikilmişdir. 1940-cı ildə başlayan İkinci Dünya müharibəsindən sonra Türkiyə, xarici dünyadan təcrid olunmuş, 1950-ci il İkinci Milli Memarlıq Hərəkatına qədər bu vəziyyət davam etmişdir. Türkiyədəki memarlıq üslubları, xüsusilə 1970-ci illərədək, yerli memarlar tərəfindən inkişaf etdirilmişdir. Bu memarlıq üslubları xaricdə daim inkişaf edən modern və postmodern üslublarından təsirlənmişdir. İlk dövr podratçıları və Türkiyədəki memarlıq üslublarının inkişafı prosesi 1980-ci illərdən başlayaraq özəl sektorun payını artmasına səbəb olmuşdur.
1920–30-cu illər 1923-cü ildə qurulan Türkiyə Respublikası, yeni ortaya çıxan bir dövlət memarlığı anlayışı ilə dövrün həm ictimai, həm siyasi, həm də şəxsi problemlərinə toxunulmuşdur. Xüsusilə Osmanlı İmperiyasının son dövrlərində inkişaf etməyə başlayan millətçilik hərəkatı bu dövrdə daha da gücləndi. Bunun nəticəsində ortaya çıxan memarlıq üslubuna Birinci Milli Memarlıq Hərəkatı deyildi, lakin bu dövrdə müasir memarlıq üslublarına uyğun tikililər də inşa edilmişdir.
1930-cu ildə ali təhsil müəssisələrində memarlığın tədrisi, özəl sektorun payının azalması və ilk dəfə müntəzəm olaraq buraxılmağa başlayan "Arkitekt" memarlıq jurnalı, Türk memarlığının inkişafında ən mühüm addımlardan biri olmuşdur. 1931-ci ildə Zəki Sayar, Abidin Mortaş və Abdullah Ziya tərəfindən "Mimar" adı altında fəaliyyətə başlayan, daha sonra "Arkitekt" adını alan memarlıq jurnalı 1981-ci ilə qədər müntəzəm olaraq nəşr olunmuşdur.
Dövrün memarlıq sahəsindəki əhəmiyyətli inkişaflardan biri də Sənay-i Nəfisə məktəbinin, 1926-cı ildə İstanbulun Fındıqlı səmtində yer alan Cəmilə Sultan Sarayına köçməsi və İncəsənət Akademiyası olaraq təhsil verməyə başlaması olmuşdur. O dövrə qədər intibah və Osmanlı memarlığı sahələrində tədris verən bu məktəb 1926-cı ildən bəri modern memarlıq əsaslı tədris verməyə başlamışdır. Türkiyənin ilk qadın memarı olan Ləman Cevat Tomsu da, 1934-cü ildə İncəsənət Akademiyasının məzunu olmuşdur.
Birinci Milli Memarlıq Hərəkatı
Mimar Kəmaləddin və Vədat Təkin başçılıq etdiyi, əvvəlcə "neoklassik türk üslubu" və ya "milli memarlıq intibahı" adlandırılan, daha sonra Birinci Milli Memarlıq Hərəkatına çevrilən bu memarlıq üslubunun ən fərqli xüsusiyyəti həm yerli, həm də klassik Osmanlı tikililərində yer alan dekorasiyalara yer verilməsi olmuşdur. Bu hərəkat ilə, türk memarlığına xüsusi memarlıq elementləri və bəzək əşyaları daxil edilmişdir. Klassik Osmanlı memarlığından fərqli olaraq, əvvəllər yalnız dini binalarda istifadə olunan günbəz və saçaq kimi memarlıq elementləri Birinci Milli Memarlıq Hərəkatı dövründə hər növ ictimai binalarda tez-tez istifadə olunmağa başlanmışdır. Ancaq bu tendensiyanın təsiri yalnız ictimai binalarla məhdudlaşmışdır. Həmçinin, bu hərəkata "Osmanlı dirçəlişi" və ya "Neo-Osmanlıçılıq" kimi adlar da verilmişdir.
Birinci Milli Memarlıq Hərəkatının təmsilciləri Mimar Kəmaləddin və Vədat Tək, Arif Hikmət Koyunoğlu, Əli Talat və Giulio Monceri olmuşdur. Birinci Milli Memarlıq Hərəkatında inşa olunan tikililərə İstanbulda Kamer Hatun məscidi və Tayyare mənzillərini, Ankarada isə Türkiyə Respublikası Dövlət Dəmir Yolları binasını nümunə göstərmək olar. Mimar Kəmaləddin bəy tərəfindən dizayn edilmiş və 1926–1927-ci illər arasında inşa edilmiş II Evkaf mənzili, Birinci Milli Memarlıq Hərəkatına aid əsərlərdən biridir və hal-hazırda dövlət teatrı olaraq fəaliyyət göstərir. Vədat Təkin dizaynları arasında isə Böyük Poçt idarəsi və İstanbulun Fateh ilçəsindəki Haydarpaşa Limanı yer alır. Arif Hikmət Koyunoğlunun həyata keçirdiyi layihələr arasında Ankara Dövlət rəsm və heykəl muzeyi və Ankara Etnoqrafiya Muzeyi yer alır. Giulio Mongerinin isə Birinci Milli Memarlıq Hərəkatı əsərləri arasında Ankarada inşa edilən nümunələri olan Ziraat Bank, Osmanlı Bankı və Türkiyə İş Bankının mərkəzi ofisləri yer alır. Həmçinin, Əli Talat bəyin dizayn etdiyi Beşiktaş və Kuzguncuk limanları da bu dövrün əsərləri arasındadır.
İlk respublika dövründə modernizm 1930-cu illərdə tikilən və Milli Memarlıq Hərəkatında qəbul edilməyən bir çox binalar da inşa edilmişdir. Həm ənənəvi, həm də müasir memarlıq elementləri daxil olmaqla bu qrupa daxil olan layihələrdən biri də Ankara Dəmiryolu Stansiyası olmuşdur. Şekip Akalın tərəfindən dizayn edilmiş və 1935–1937-ci illər arasında inşa edilmiş bu stansiya, 1891-ci ildə inşa edilmiş və dövrün tələbləri üçün uyğun olmayan köhnə stansiya binasının yerinə inşa edilmişdir. 1930-cu illərdə dünyada geniş yayılmış memarlıq üslubunda inşa edilən tikillərdən biridir.
Türkiyənin ilk stadionu olan 19 May Stadionu 1934–1936-cı illər arasında Paolo Vietti-Violi tərəfindən inşa edilmişdir. Seyfi Arkan tərəfindən dizayn edilmiş və 1935-ci ildə inşa edilmiş Florya Atatürk Dəniz Köşkü, 1930-cu illərin modernist memarlıq xüsusiyyətlərini özündə əks etdirir. Bu gün bu bina Saraylar İdarəsinə bağlı saraylardan biridir.
Teador Cost və Robert Oerli tərəfindən 1927–1932-ci illər arasında inşa edilmiş Refik Saydam Hıfzıssıhha İnstitutu dövrün tibb müəssisələrindən biridir. Teador Cost tərəfindən hazırlanan ilk dizaynda dam örtükləri düz olduğu halda, Robert Oerlinin yeni layihəsi ilə müəssisə genişləndirilmiş və dam örtükləri dəyişdirilmişdir. Binanın girişindəki dəmir barmaqlıq və girişdəki qadın idmançı relyefi 1930-cu illərin modernizm üslubunun xüsusiyyətlərini əks etdirir.
1940-cı illər
Türkiyə Respublikasının paytaxtı Ankara olduğu üçün burada yeni inzibati binalar inşa etmək zərurəti yaranmışdır. Ehtiyaca baxmayaraq kifayət qədər yerli memar olmadığından, bu layihələrin bəziləri 1927-ci ildə Avropadan gələn memarlar tərəfindən inşa edilmişdir. 1924–1942-ci illər arasında Almaniya, Avstriya, Fransa və İsveçrədən ümumilikdə 40 memar və layihəçi, Türkiyədə bir çox layihəyə imza atdı. Qudrun Baudiş, Rudolf Bellinq, Paul Bonatz, Ernst Arnold Eqli, Martin Elsaesser, Anton Hanak, Franz Hillinger, Klemens Holsmayster, Uerner İssel, Hermann Censon, Teador Cost, Henrix Krippel, Karl Kristof Lörley, Robert Bernhard, Bruno Taut, Cosef Thorak və digər bir çox görkəmli memar və layihəçilər iştirak etmişdir. Respublikanın qurulmasından başlayaraq 1940-cı illərə qədər davam edən və hətta sonralar Avropa avanqardı olaraq dilə gətirilən bu dövrü şərh edən bir çox memarlıq tənqidçiləri var.
Bu dövrdə üstünlük təşkil edən xarici memarlar əsasən Mərkəzi Avropadan (Avstriya və Almaniya) gəldiyindən, o dövrdə yayğın olan neo-klassik hərəkat, memarlıq üslubu olaraq bir çox əsərlərdə əks olunmağa başladı. Bu dövrdə tikilən binalar əsasən simmetrik planlara sahibdir. Digər üstünlük təşkil edən memarlıq xüsusiyyətləri düz və simmetrik fasadlar, monumental pilləkənlər, ümumi neo-klassik dizayn və sütunlu giriş tənzimləmələridir. Dövrün mühüm əsərləri arasında Çanqaya köşkünün bir hissəsi olan Çəhrayı köşk, Ankara Opera Salonu, Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi, Parlament binası və Ankara Ali Məhkəməsi yer alır. Türkiyə Böyük Millət Məclisi binasının inşası bu dövrdə başlamışdır. Klemens Holsmayster tərəfindən dizayn edilən bu bina, Hermann Censonun hazırladığı planın əsasında Çanqaya və Dikmən vadisi arasında yerləşən Dövlət məhəlləsi adlı ərazinin ən yüksək nöqtəsində inşa edilmişdir. TBMM binası 6 yanvar 1961-ci rəsmən fəaliyyətə açılmış, dörd ildən sonra, 1965-ci ildə peyzaj memarlığı sahəsində yarışma keçirilmişdir. Türkiyədə peyzaj memarlığı sahəsində keçirilən ilk yarışmada Yüksəl Öztan qalib seçilmiş və Türkiyənin ilk peyzaj memarı adını qazanmışdır.
Türkiyədəki memarlıq üslubu, dövrünün müasir memarlıq meyllərinin qarşılıqlı təsirləri ilə formalaşmış, 1930–1940-cı illərdə bir çox tikililər beynəlxalq üslubda inşa edilmişdir. Bu üslubda tikilən binalara İstanbul Universiteti rəsədxanası (Arif Hikmət Holtay, 1934), Florya Atatürk Dəniz Köşkü (Seyfi Arkan, 1934), Taksim Bələdiyyəsi əyləncə mərkəzi (Rüknəttin Güney, 1938) və Yalova Termal Oteli (Sədad Hakkı Əldəm, 1935) daxildir. Dövrə aid müxtəlif üslublar da mövcud olmuşdur. Məsələn, Türkiyə Respublikasının ilk illərində dövlət quruluşu olan Mersin İcma Mərkəzi binası, icma mərkəzi memarlıq texnikalarını nümayiş etdirən bir tikilidir. Bu tikili Türkiyədə inşa edilən ən böyük icma mərkəzidir, eyni zamanda ölkədə ilk fırlanan səhnə texnologiyasının tətbiq olunduğu yerlərdən biridir. Ərtuğrul Məntəşə tərəfindən dizayn edilən bina kompleksi 1944–1946-cı illər arasında tamamlanmışdır.
İkinci Milli Memarlıq Hərəkatı
1940–1950-ci illərdə, Türk memarlığı İkinci Dünya müharibəsinin səbəb olduğu müxtəlif iqtisadi-sosial problemlər, xaricdən lazımi tikinti materiallarını gətirə bilməməsi kimi bir çox çətinliklərlə üzləşmişdir. Bu dövr İkinci Milli Memarlıq Hərəkatı adlanır. Bu dövrü "Yeni Regionalizm" kimi xarakterizə edən memari tənqidçiləri də var.
Bu dövrdə də Birinci Milli Memarlıq Hərəkatında olduğu kimi, Osmanlı memarlığı və xüsusilə də Səlcuqlu tikililərinin memarlıq xüsusiyyətləri əsas götürüldü. Bu iki memarlıq üslubuna əlavə olaraq, türk rezident üslubu da götürülmüşdür. Əsasən klassik Osmanlı üslubundan istifadə edən Birinci Milli Memarlıq Hərəkatı dövrünün geridə qaldığına dair tənqidlər alsa da, İkinci Milli Memarlıq Hərəkatı bu cür tənqidlərə məruz qalmadı. Bunun ən mühüm səbəblərindən biri ikinci üslubda müasir memarlıq elementlərinin geniş yayılması olmuşdur. Qurulması asan yüngül daşıyıcı sistemlər İkinci Milli Memarlıq Hərəkatı tətbiqçiləri tərəfindən tez-tez istifadə olunmuşdur.
1940-cı illərdə dünyada geniş yayılmış millətçilik hərəkatlarının təsiri ilə yerini daha çox milli hərəkatlara vermək məsələsinin ən konkret nümunələrindən biri də Ankaradakı köhnə Sərgi Evidir. 1933–1934-cü illər arasında Şevki Balmumcu tərəfindən inşa edilən Sərgi Evi, orijinal formasında Sovet konstruktivizm üslubuna bənzər bir dizayna malik olmuşdur. Digər şərhlərə görə, bu dizayn əslində De Stijl üslubunda olmuşdur. Lakin bina Paul Bonatz tərəfindən yenidən dizayn edilmiş və 1948-ci ildə Ankara Opera Səhnəsi olaraq fəaliyyətə yenidən başlamışdır. Bu gün Ankarada istifadə edilən yeganə opera salonu olan bu binanın ilk modernist xətləri tamamilə klassik üsluba aid olmuş və bəzək əşyaları ilə İkinci Milli Memarlıq Hərəkatı stilinə uyğunlaşdırılmışdır.