Pirəbədil Tarix Muzeyi — Azərbaycanda Şabran rayonunun Pirəbədil kəndində yerləşən tarix muzeyi. Muzey Mahmudağa bəy Musabəyovun 1862-ci ildə tikilmiş mülkündə yerləşir. Binadan 1968-ci ildən etibarən muzey kimi istifadə olunur.

Haqqında Muzeyin yerləşdiyi mülk 1862-ci ildə Qəzənfər Musabəyov və Ayna Sultanovanın atası Mahmudağa bəy Musabəyovun sifarişi ilə Pirəbədil kəndində tikilib. Bişmiş kərpicdən tikilmiş mülk iki mərtəbəlidir. 14 otaqdan, eyvandan və aynabənddən ibarətdir. Mülkün baş otağının divarlarına və tavanına 1903-cü ildə yağlı boya ilə rəsmlər işlənib.

1968-ci ildə Qəzənfər Musabəyovun 80 illik yubileyi münasibətilə mülkdə onun ev muzeyi açılıb. Muzeyin qarşısında onun büstü qoyulub. Muzey binanın 2 otağında fəaliyyət göstərib. 1988-ci ildə Qəzənfər Musabəyovun 100 illik yubileyi münasibətilə isə mülk tamamilə təmir olunub və bütünlüklə muzeyin istifadəsinə verilib.

2013-cü ildən muzeyin adı dəyişdirilib və muzey "Pirəbədil Tarix Muzeyi" adı ilə fəaliyyət göstərməyə başlayıb.

Muzeyin eksponatları Muzeydə ümumilikdə 749 ekspozisiyada 2451 eksponat toplanıb. Burada Pirəbədil kəndinin tarixinə, kənd təsərrüfatına, kənd əhalisinin təhsilinə, "Pirəbədil" xalçasına və Musabəyovlar ailəsinə həsr olunmuş zallar fəaliyyət göstərir.

Maraqlı fakt Mahmudağa bəy Musabəyovun həyat yoldaşı Dibaxanım Musabəyovanın, muzeyin yerləşdiyi mülkdə toxuduğu Pirəbədil çeşnisi, 1912-ci ildə Sankt-Peterburqda keçirilən "Xalça simpoziumu"nda birinci yer tutaraq qızıl medal alıb. Xalçanın toxunmasında iştirak edən Dibaxanım xanım və Mahmudağa bəyin qardaşı qızları Güllər Əfəndiyeva və Münəvvər Əfəndiyeva hər biri buna görə 1000 manat mükafat qazanıblar.

Şəkilləri

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Muzeyə çevrilən bəy evinin son halı ürək ağrıdır / APA TV Pirəbədil Tarix Muzeyi / Baku TV

Kateqoriya:1968-ci ildə yaradılmış muzeylər Kateqoriya:Azərbaycandakı tarix muzeyləri Kateqoriya:Şabran rayonunun abidələri