Mərdan Əhməd oğlu Mehdizadə () — Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin baş miçmanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı Mərdan Əhməd oğlu Mehdizadə 1979-cu il, martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub.
1996-cı ildə Şəki rayonu Çələbixan qəsəbə tam orta məktəbindən məzun olub.
1997-ci ildə Şəki Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 1997–1999-cu illərdə N saylı hərbi hissədə xidmət edib.
1999-ci ildə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi nəzdində "Xüsusi təyinatlı gizir və miçmanlar kursu"nu bitirib.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 1 avqust 1999-cu il tarixli əmri ilə "K/miçman" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 21 il ərzində dəniz dalğıc gəmisi dalğıc postunun rəisi, axtarış xilasedici gəmilər divizionunun dəniz dalğıc gəmisinin (DDG-109) dalğıc postunun rəisi, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı qrupunun dalğıcı-qrup komandirinin müavini, hərbi hissənin anbar rəisi, hərbi hissənin qərargah və təchizat bölüyünün təsərrüfat taqımının anbar rəisi, xüsusi təyinatlı dəstənin (sualtı müdafiə) xüsusi təyinatlı qrupunun dalğıcı-kəşfiyyatçısı, xüsusi təyinatlı taborun (xüsusi əməliyyatlar) gəmi əməliyyatları dəstəsinin xüsusi təyinatlı qrupunun dalğıcı-kəşfiyyatçısı, xüsusi təyinatlı taborun (sualtı hücum) xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı qrupunun dalğıcı-kəşfiyyatçısı vəzifələrində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 12-də Füzuli istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. Şəki rayonunun Göybulaq dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi. Əkrəm adında bir oğlu və Əfşan adında bir qızı var.
İstinadlar
Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar