Mehti Yalçın oğlu Şıxəliyev () — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı Mehti Yalçın oğlu Şıxəliyev 1996-cı il, fevralın 16-da Hacıqabul rayonunun Meyniman kəndində anadan olub.
2013-cü ildə Hacıqabul rayonu İ. Həsənov adına Meyniman kənd tam orta məktəbindən məzun olub.
2014-cü ildə Hacıqabul Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2014–2015-ci illərdə N saylı hərbi hissədə xidmət edib.
2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "MAHHXHQ hazırlığı kursu"nu bitirib.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 19 aprel 2019-cu il tarixli əmri ilə "K/gizir" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 5 il ərzində xüsusi təyinatlı komandanın tuşlayıcısı-operator, atəş dəstək manqasının komandiri, atəş dəstək taqımının tank əleyhinə raket kompleksləri manqasının komandiri-operator vəzifələrində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı" ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən xüsusi əməliyyata, həmçinin Cəbrayılın, Hadrutun, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Noyabrın 10-da Şuşa rayonu ərazisində, Daşaltı istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. Hacıqabul rayonunun Meyniman kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Subay idi.
İstinadlar
Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar