Tural Şakir oğlu Abdullayev () — Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı Tural Şakir oğlu Abdullayev 1990-cı il, fevralın 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. Tural Abdullayev Laçın rayonunda doğulsa da, iki yaşınadək ailəsi ilə birgə Xocalıda yaşamışdı. 1992-ci il fevralın 26-da Xocalının erməni silahlı dəstələri tərəfindən işğala və əhalinin soyqırıma məruz qalmasından sonra, Abdullayevlər ailəsi Bakının Xətai rayonuna gəlmişdi.

Orta təhsilini 1997–2005-ci illərdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Laçın rayonu 28 saylı tam orta məktəbində alsa da, 9–11-ci sinifləri ailəsinin təsərrüfat qurmaq səbəbilə müvəqqəti yaşamaq üçün üz tutduğu Qax rayonunun Almalı kənd orta məktəbində oxumalı olub.

2009-cu ildə Xocalı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2009–2011-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə xidmət edib.

2011-ci ilin aprelindən Daxili Qoşunların Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsinin "Qartal" xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmətə başlayıb.

Müxtəlif illərdə daxili işlər nazirinin əmrləri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Kəlbəcər-Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb. Sentyabrın 30-da Kəlbəcər istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Subay idi.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar