Abbas Mirzə və ya Abbas Mirzə Naibəssəltənə (tam adı: Abbas mirzə Qovanlı-Qacar), () — Qacar sülaləsindən olan şahzadə, Fətəli şah Qacar ilə Asiya Xanım Dəvəlinin övladı. O, ölümünə qədər atasının vəliəhdi və Azərbaycandakı canişini olmuşdur. O, atasının ölümündən əvvəl vəfat etmiş və övladlarından Məhəmməd Mirzə onun yerinə keçmişdir.
Abbas Mirzə Rus-İran müharibələri zamanı Cənubi Azərbaycan və Qafqazda böyümüşdür. 20 mart 1799-cu ildə Fətəli şah Abbas Mirzəni özünün naibəssəltənəsi elan etdi. Beləliklə, o, Azərbaycan hakimi oldu. 1803-cü ildə Tehranda o, Mirzə Məhəmməd xan Dəvəlinin qızı ilə evləndirildi. 1805-ci ilin yayında Abbas Mirzə, rəsmi olaraq "Qaflankuhdan Dərbəndə qədər Azərbaycan və Qarabağ"ın hakimi elan edildi. O, 1804-cü ilin iyul ayının əvvəllərində İrəvan ətrafında Rus generalı Sisianovla döyüşmüş, lakin sonda heç bir nəticə əldə edilməmişdir. Bu müharibə son ildən sonra Qacarların məğlubiyyəti və Gülüstan sülhü ilə nəticələndi. Bu sülhə görə Bakı, Şirvan, Dərbənd ruslara verildi. Ruslarla müharibədən sonra qardaşı Məhəmmədəli Mirzə ilə birlikdə Osmanlı imperiyasına hücum etsə də, sonda sülh müqaviləsi imzalamağa məcbur oldu. Müharibənin sonunda Ərzurum müqaviləsi imzalandı. Gülüstan müqaviləsi Rusiya və Qacarlar arasındakı münaqişəni tam olaraq ortadan qaldıra bilməmişdi. Beləliklə, 1826-cı ilin may ayında Rus ordusu İrəvan xanlığının Mirək bölgəsini ələ keçirdi. 1826-cı ilin sentyabrında Abbas Mirzə Şuşa tərəfdən Gəncəyə doğru hücuma keçdi. Lakin ağır şəkildə məğlub edildi. Ruslar öz ordularını Azərbaycanın cənubuna keçirdilər və 1827-ci ilin oktyabrında Təbrizi ələ keçirdilər. İmzalanmış Türkmənçay sülhünə görə Araz çayında şimaldakı bütün torpaqlar ruslara verildi. Əlavə olaraq, Qacarlar Rusiya imperiyaslna 20 milyon rubl təzminat ödəməli idi. Bundan sonra Tehrandakı saray dairələri Abbas Mirzə rusiyapərəstlikdə qınamağa başlamışdır.
Türkmənçay sülhünün imzalanmasından sonra Abbas Mirzənin vəlihədlik mövqeyi rəqib qardaşları tərəfindən daha çox təhdid edilməyə başlandı. Ona ən çox təhlükə törədən qardaşları Fars əyaləti hakimi Hüseynəli Mirzə Fərmanfərma və Kerman hakimi Həsənəli Mirzə Şüçaəlsəltənə idi. Şah da onu Yəzddəki üsyanı yatırmaq və Kerman ilə Fars hakimlərinin ittifaqını qağıtmaq üçün göndərdi. Mart ayı sonlarında Abbas Mirzə bacısının oğlu Seyfülmülk Mirzəni hakimliyə geri qaytarmaq üçün Yəzdə yollandı. Bundan sonra o, Kermana yönəldi və Şücaəlsəltənəni nəzarət altında Tehrana göndərdi. Şücaəlsəltənənin yerinə Xosrov Mirzə yeni Kerman hakimi təyin edildi. 1831-ci ilin 9 sentyabrında Fətəli şah Qacar onu Xorasan hakimi təyin etdi. O, eyni zamanda darüssəltənə hesab edilən Azərbaycan hakimliyini də davam etdirməkdə idi. Beləki onun beşinci oğlu Firudin Mirzə Azərbaycanda onun adından hakimlik vəzifəsini icra etməkdə idi. Abbas Mirzə 1832-ci ildə Məşhədin şəeq və şimal-şərq bölgələrini, Xabuşanı, Sərəxsi və Türbət Heydəriyyətini ələ keçirməyi bacardı. Bir çox müşahidəçinin fikrincə, Xorasan zəif düşmənlər üzərində qazanılan bu qələbələr, ümumiyyətlə bu bölgəyə edilən yürüşlər Azərbaycanda yaşanılmış məğlubiyyətləri unutdurmaq üçün idi. Abbas Mirzə 44 yaşında Məşhəddə xəstəlikdən vəfat etdi və elə həmin şəhərdə İmam Rza türbəsində dəfn edildi. Bu zaman onun 27 oğlu və 21 qızı var idi.
Seyid Cavad Təbatabayinin fikrincə, vəliəhdlərin Təbrizə yerləşməsi və buranın darussəltənə olaraq formalaşması İran tarixində aydınlanmanın, modernizmin və ənənəvi düşüncədən uzaqlaşmanın başlanğıcının qoyulmasına gətirib çıxarmışdır. Müasir Avropa dövlətləri ordularının gücündən heyrətlənən Abbas Mirzə bu yeni sivilizasiyanın araşdırmağa və öyrənməyə səy göstərdi. O, Avropa bədii ədəbiyyatı ilə, ehtimal ki, Osmanlı yazıçılarının əsərləri ilə də tanış oldu və Avropadakı siyasi hadisələrdən xəbərdar oldu. Böyük Britaniya ilə diplomatik münasibətlər qurulduqdan sonra Abbas Mirzə onların Qacarların işlərinə qarışmasına son dərəcə həssas yanaşırdı. O, təhsil almaları üçün müxtəlif gəncləri İngiltərəyə oxumağa göndərmişdi. Onun xəritə kolleksiyası İstanbul çapxanasından götürülmüşdü. Bu da onun Qərb dillərini bilməməsinin daha bir əlaməti hesab edilir. O, şəriət məhkəmələrində dürüst hakimlərin olmasına çalışırdı. Bunun üçün o, Təbrizdə yeni bir məhkəmə qurmuşdu. O, dini azlıqlara da xüsusi diqqət ayırırdı. Avropaya tələbələr göndərmək, Avropalı mühacirləri cəlb etmək, hərbi islahatlar aparmaq, Avropa əsərlərini tərcümə etmək, müxtəlif fabriklər və mətbəə qurmaq onun islahat səylərindən bəziləri idi. Moris de Kotzebue, Pyer Amedey Jober, Ceyms Moriyer, Qaspard Druvil kimi avropalılar Abbas Mirzəni liberalizminə, cəsarətinə, ədalətinə və özünəhörmətinə görə tərifləyirdilər. Lakin Rusiya ilə müharibələrarası dövrdə Abbas Mirzənin hərbi məsləhətçisi olmuş fransız həkimi və zabiti Lui Qaspard Barakin Abbas Mirzəni bacarıqsız, motivasiyasız və iddialı hesab edirdi. Abbas Mirzənin şəxsi əhval-ruhiyyəsi ilə bağlı fərqli mühakimələrə baxmayaraq, Rusiyaya qarşı ağır və tarixi məğlubiyyətdən sonra o, müasir Avropa sivilizasiyasının üstünlüyünü və İranın geriliyini bu hərəkatdan anladı və geriliyi necə kompensasiya edəcəyini düşünməyə başladı. Əfşin Mətin Əskərinin fikrincə, onun diqqətinin əsas hissəsi ölkənin hərbi modernləşdirilməsinə yönəlsə də, bürokratik aparatda güclü mərkəzləşmənin qurulması, millətçilik və konstitusiyaçılıq anlayışlarının kökləri Abbas Mirzənin Avropaya tələbə göndərməsinə gedib çıxır.
Tarixi zəmin
Qacarların meydana çıxması İran təxminən bir əsrlik siyasi qarışıqlıq və müharibələrdən sonra XIX əsrə daxil oldu. 1722-ci ildə Səfəvilərin Əfqanlar tərəfindən süqutundan sonra uzun bir siyasi qarışıqlıq dövrü başladı. Bu dövr Nadir Şahın (1736-1747-cı illərdə hakimiyyətdə olub) yüksəlişi və süqutu, Kərim xanın (1751-1779-ci illərdə hakimiyyətdə olub) nisbi sabitliyi, ardınca isə tayfalararası rəqabət və siyasi çəkişmələrlə müşahidə edildi. Nəhayət, 1796-cı ildə Qacar sülaləsinin bir qolunun başçısı və Səfəvi taxtına iddia edən Ağa Məhəmməd xan Qacar rəqiblərini məğlub etdi və özünü yeni sülalənin banisi kimi təsdiqlədi. Sələfləri kimi, Ağa Məhəmməd Xan da ölkəni daxildən fəth etməyə və sahib olmaq istədiyi ölkənin ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparmağa məcbur oldu. Qacar sülaləsi 1925-ci ilə qədər nisbi sabitlik dövrü yaşasa da, dövlətin xarakterində və təbiətində, xüsusən də beynəlxalq statusu ilə bağlı dərin dəyişikliklərə şahid oldu.
Qacarların hakimiyyətinin ilk illərindən, yəni Ağa Məhəmməd xanın səltənəti dövründən etibarən varislik məsələsi artıq gündəmdə idi. Ağa Məhəmməd xan bu məsələni həll etməli və Qacar elinə mənsub tayfalar arasında gərginliyin artmasının qarşısını almalı idi. Yuxarıbaş və Aşağıbaş tayfaları arasındakı rəqabət, eləcə də Qovanlı və Dəvəli tayfaları arasındakı düşmənçilik aradan qaldırılmalı idi ki, Qacar eli hakimiyyətini davam etdirə bilsin. Ağa Məhəmməd xanın yeganə doğma qardaşı və onun varisi hesab edilən Hüseynqulu xan Cahansuz idi, lakin o, ondan əvvəl vəfat etmişdi. Hüseynqulu xanın Fətəli xan və Hüseynqulu xan adlı iki oğlu var idi. Ağa Məhəmməd xan 1779-cu ildə Şirazdan qaçdıqdan sonra Fətəli xanı öz varisi təyin etmək qərarına gəldi və daha sonra 1781-ci ildə Fətəli xanın Dəvəli tayfasından olan Fətəli xanın qızı ilə evlənməsini əmr etdi. Bu nikah Qovanlu və Dəvəli tayfaları arasında bağların möhkəmləndirilməsinə xidmət edirdi. Daha sonralar Abbas Mirzənin də Dəvəli tayfasından olan bir qızla evlənməsi bu ittifaqı daha da gücləndirdi və beləliklə, Qacar hakimiyyətinin gələcəyi Abbas Mirzə və onun övladlarının nəslinə bağlandı.
XIX əsrin əvvəllərində imperializm XIX əsrdə Qacar dövlətinə yönələn müstəmləkəçi güclər arasında Rusiya imperiyası ən iddialı regional qüvvə, ona ən yaxın Avropa qonşusu və XVIII əsrdə onlarla ən çox təmasda olan dövlət idi. İrandan fərqli olaraq, Rusiya XVIII əsrdə hərbi, inzibati, təhsil və qismən iqtisadi sahələrdə xeyli irəliləyiş əldə etmişdi. I Pyotr (1682–1725) və II Yekaterina (1762–1796) arasında Rusiya imperiyası bütün rəqibləri — İsveç, Polşa və Osmanlı imperiyalarını — məğlub edərək güclü ordusu olan geniş bir imperiyaya çevrilmişdi. Qafqaz istiqamətində irəliləmə Rusiyanın əsas siyasi hədəflərindən biri idi və bu, yeni formalaşmaqda olan Qacar dövlətinə ciddi təhdid yaradırdı.
II Yekaterina dövründə Rusiyanın Qafqaz siyasəti hərbi və ticarət maraqları nəzərə alınmaqla genişləndi. Hərbi baxımdan ruslar Qafqazın şərq hissəsinə nəzarət əldə etməyə can atırdılar ki, bu da onlara Qərbi Qafqazda osmanlılarla mübarizədə üstün mövqe qazandıracaqdı. Ticarət baxımından isə bu bölgə Rusiyaya İranla ticarətə nəzarət etmək və onu Hindistana doğru genişləndirmək üçün potensial imkan yaradırdı. Qafqazın şərq hissəsinə gəldikdə isə, Rusiyanın siyasəti əvvəldən Kür, daha sonra isə Araz çayını Qacarlarla sərhəd kimi müəyyənləşdirməyə yönəlmişdi. 1783-cü ildə bağlanmış Georgievsk müqaviləsinə əsasən, Kartli-Kaxetiya kralı II İrakli (1762–1798) rəsmi olaraq Qızılbaş şahları ilə dörd əsrlik asılılıq münasibətlərinə son qoydu və öz krallığını Rusiyanın himayəsinə verdi. O, həmin bölgədə Qızılbaş şahlarına tabe olan, vali və ya hakim kimi fəaliyyət göstərən Baqrationi sülaləsinə mənsub idi. Lakin XVIII əsrdə mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində İrakli Rusiya yönümlü siyasət yürütməyə başladı və Georgievsk müqaviləsi bu prosesin zirvəsini təşkil etdi. Qafqazın şərqində yaşayan digər xristian icmalar da Rusiyanın hakimiyyəti altına keçməkdə maraqlı oldu və Qacar-Rusiya müharibələri zamanı ruslara hərbi dəstək verdilər.
XIX əsrin əvvəllərində Rusiyanın siyasəti Rusiya ilə Qacarların qarşılıqlı münasibətləri həmin dövrdə Avropa dövlətlərinin Asiya monarxiyaları ilə münasibətlərinə bənzəyirdi. Qacarlar da XIX əsrdə Avropa imperialist siyasətinin təsiri altında köklü şəkildə dəyişən və ya süqut edən digər sülalələr kimi bir vəziyyətlə üz-üzə qaldılar. Həm Qacarlar, həm də Rusiya geniş siyasi iddialara malik idi və bu iddialar Qafqaz bölgəsində toqquşurdu. 1796-cı ildə Ağa Məhəmməd xanın Gürcüstan üzərində qələbəsindən dərhal sonra baş tutan taxta çıxma mərasimi Qafqaz üzərində Qacar hakimiyyətinin həyati əhəmiyyətini nümayiş etdirirdi. Qafqazın cənubundakı bəzi hökmdarlar və ərazilər üzərində Qacar nüfuzunun bərpası, xüsusilə də Gürcüstan üzərində nəzarət, Qacarların Səfəvilərin qanuni varisləri kimi tanınması üçün mühüm bir amil idi. Buna görə də Qacarlar Gürcüstan və Qafqazın digər bölgələri üzərində hakimiyyət iddiası irəli sürdülər. Bu iddialar yeni yaranmaqda olan bir sülalənin Asiya ilə bağlı yeni Avropa həssaslığına malik olan Rusiya ilə ziddiyyət təşkil edirdi. Xüsusilə də II Yekaterina dövründə, Avropanın mədəni üstünlüyü barədə maarifçilik ideyalarından və Avropa şirkətləri vasitəsilə həyata keçirilən iqtisadi-siyasi genişlənmə nümunələrindən dərin şəkildə təsirlənmişdi. Bu baxımdan İranın Rusiyanın himayəsində olan Gürcüstan krallığına qarşı 1795-ci ildəki hücumu və Tiflis şəhərinin dağıdılması Rusiya imperial elitasının özünə inamına ciddi zərbə vurdu. Rusiya imperiyası yerli rəhbərlərin vasitəsilə həyata keçirilən aqressiv ekspansiya siyasəti nəticəsində Qafqaz xanlıqlarını bir-bir öz nəzarəti altına aldı və bu proses gələcəkdə baş verəcək iki İran-Rusiya müharibəsinin əsasını qoydu.