"Görkəmli adamların həyatı" — məşhur şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında kitab seriyası. Əsası 1890-cı ildə Florenti Fyodoroviç Pavlenkov tərəfindən qoyulmuş və Maksim Qorkinin təşəbbüsü ilə 1933-cü ildən Moskvada buraxılmağa başlanmışdır. 1938-ci ildən "Molodaya qvardiya" nəşriyyatında buraxılır. Bu seriyaya daxil olan kitablar içərisində yazıçı, bəstəkar, rəssam və digər sənət adamlarına, alimlərə (İbn Sina, Ömər Xəyyam, Şekspir, Dante, Mixail Lomonosov, Onore de Balzak, Gi de Mopassan, Frederik Şopen, Lev Tolstoy, Dostoyevski, Çexov və başqaları) həsr olunmuş nəşrlər mühüm yer tutur. Nəşr olunan bu kitablarda dahi şəxsiyyətlərin həyatı, yaradıcılıqları diqqət mərkəzinə gətirilir, zəruri faktlar, yaxud arxiv sənədləri əsasında tədqiqata cəlb olunur, maraqlı faktlar, araşdırmalar üzə çıxarılır. Müəllifin həyat və fəaliyyətinin bütün incəliklərini olduğu kimi oxucuya təqdim etdiyi qəhrəmanı isə öz növbəsində, geniş oxucu marağı üçün zəmin yaradır. Məsələn, "Görkəmli adamların həyatı" seriyasından Şərqin böyük şairi və mütəfəkkiri Ömər Xəyyamla bağlı nəşr olunan kitabda şairin həyat və yaradıcılığından, xüsusən də bir çox dillərə tərcümə olunaraq dünya şöhrəti qazanmış rübailərindın bəhs edilir. Ömər Xəyyamın həm də bir riyaziyyatçı və filosof kimi məşhur olması diqqət mərkəzinə gətirilir. Ümumiyyətlə, müəlliflər az məlum olan çoxlu materiallar əsasında Ömər Xəyyamın həyat və fəaliyyətini işıqlandırmaqla yanaşı, həm də XI–XII əsrlərdə müsəlman Şərqində mövcud tarixi şəraiti və mənəvi həyatı da geniş qələmə almışlar.
"Görkəmli adamların həyatı" seriyasında Babək (1936), Nizami (1947), Mirzə Fətəli Axundov (1959), Nəriman Nərimanov (1978), Heydər Əliyev (2005), Mirəli Qaşqay (2008), Zərifə Əliyeva (2010), Müslüm Maqomayev (2025) haqqında da kitablar çap olunmuşdur. Seriyada çıxmış bəzi kitablar Azərbaycan dilinə tərcümə olunmuşdur. N. İ. Piroqov (1961), Evarist Qalua (1962), Çaykovski (1962), Hüqo (1963), Cordano Bruno (1966), Dostoyevski (1972), Nərimanov (1979), Çkalov (1984), Nikolay Ostrovski (1986), Janna D'Ark (1988), Mirzə Fətəli Axundov (1990), Birinci Pyotr (1991), Ömər Xəyyam (1991), Heydər Əliyev (2008), Zərifə Əliyeva (2013) kitabları sovet və müasir dövrdə azərbaycanca çıxmışdır.
Son illərdə “Görkəmli adamların həyatı” seriyası ilə “Heydər Əliyev”, “İlham Əliyev” və “Zərifə Əliyeva” kitabları dünyanın bir çox xalqlarının dillərinə (ərəb dili, birman dili, vyetnam dili və s.) tərcümə olunaraq çap edilməkdədir. Tbilisidə də bu seriyadan “Tərcümeyi-hal davam edir: İlham Əliyev” kitabı gürcü dilində nəfis tərtibatla çap olunmuşdur. Kitab arxiv sənədlərinə və materiallarına istinad edərək yazılmışdır və tərcümeyi-halı geniş sovet və postsovet məkanının tarixi fonunda davam edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər uşaqlıq, gənclik və tələbəlik, istərsə də əmək fəaliyyətinə başladığı illərdə siyasətçi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı kimi xarakterinin formalaşması mərhələlərinin dolğun təsviri gürcü oxucuları tərəfindən böyük maraqla qarşılanmışdır.
İstinadlar
Kateqoriya:Bioqrafiyalar Kateqoriya:SSRİ-də kitab seriyaları