Elxanilər və ya Hülakülər (; monq.: ) — Monqol imperiyasının uluslarından biri kimi yaranmış və daha sonra onun cənub-qərb hissəsində müstəqilləşmiş tarixi dövlət. Dövlətin əsası 1256-cı ildə Toluy xanın oğlu və Çingiz xanın nəvəsi Hülakü xan tərəfindən qoyulmuşdur. Ərazisi müasir İran, İraq, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Suriya, Türkiyə, Əfqanıstan, müəyyən dövrlərdə Pakistanın bəzi hissələrini və Türkmənistanı əhatə edirdi.
Elxanilər dövlətinin yaranması üçün zəmin Çingiz xan dövründən etibarən, Xarəzmə monqol hücumundan sonra formalaşmağa başlamışdı. Lakin onun nəvəsi Hülakü xanın dövründə Elxanilər müstəqil və real bir dövlətə çevrilmişdi. 1259-cu ildə Monqol imperiyasının parçalanması ilə Elxanilər dövləti faktiki olaraq müstəqilləşdi. Buna baxmayaraq, onun hökmdarları hələ də Xanbalıqdakı böyük xaqana sədaqət göstərməyə davam edirdilər. Onlar özlərinə "ilxan" və ya "elxan" titulunu götürmüşdülər ki, bu da "kiçik xan" və ya "tabe olan xan" mənasına gəlirdi. Bu da onların rəsmi olmasa da, nominal asılılıq vəziyyətini göstərirdi.
Elxanilər müsəlman qonşularına qarşı sərt və qəddar davranışları ilə tanınırdılar. Onlar müsəlman qüvvələri arasındakı parçalanma və toqquşmalardan istifadə edərək bu qüvvələrdən bəzilərini özlərinə tərəf çəkməyi bacardılar. Beləliklə, onlar müsəlman qüvvələrini məğlub etdilər. Bu dövr müsəlmanların bölgədəki səlibçi qüvvələri ilə mübarizə apardığı dövrə təsadüf edirdi. Nəticədə monqollar hakimiyyətlərinin əvvəlində islam mövcudluğuna qarşı ciddi bir təhdidə çevrildilər.
1252-ci ildə Qaraqorumdan Xorasan və İrana doğru hərəkətə keçən Hülakü xan əvvəlcə Nizari-İsmaili hakimiyyətinə son qoydu. Daha sonra Abbasilər xilafətini süquta uğradaraq xəlifəni və ailəsini öldürdü, Bağdaddakı xilafət sarayını məhv etdi. Bundan sonra yürüşünü davam etdirərək Cəzirəni, Diyarbəkiri və Anadolunu ələ keçirdi, Suriyaya doğru hərəkət edərək Hələbi və DəməşqiVə ya digər adı ilə "Şam". tutdu. Beləliklə, Hülakü xan İran, İraq, Anadolu və Suriya üzərində hakimiyyət quraraq Elxanilər dövlətini formalaşdırdı. Sonrakı dövrdə monqollar Suriyada möhkəmlənmək məqsədilə Misiri ələ keçirmək istəsələr də, onların irəliləyişi Məmlüklər tərəfindən dayandırıldı. Sultan Seyfəddin Qutuzun rəhbərlik etdiyi Məmlük ordusu Əyn Cəllud döyüşündə monqolları məğlub edərək onların qərbə doğru yürüşünü dayandırdı və onları Suriyadan çıxardı.
Monqollar sərt hakimiyyət qursalar da, idarələri altındakı torpaqlarda sülh dövründə bütün dinlərlə uyğun şəkildə yaşaya bilirdilər. XIII əsrin sonlarından başlayaraq onlar islamı qəbul etməyə başladılar. Bu isə həm onlara tabe olan əhalinin əksəriyyətinin müsəlman olması, həm də onlarla qaynayıb-qarışan türklərin təsiri ilə baş verdi. Elxanilər din və inanclara qarşı böyük dözümlülük nümayiş etdirdilər, hətta islamı qəbul etdikdən sonra belə firqələr arasında fərq qoymadılar. Elxani hökmdarlarından Mahmud Qazan xan islamı rəsmi dövlət dini elan etdi.
Digər monqol dövlətləri kimi (Qızıl Orda və Hindistandakı Baburiləri çıxmaqla) Elxanilər dövlətinin də hakimiyyət dövrü XIV əsrdən uzağa gedə bilmədi. Daxili parçalanmalar dövlətin özülünü zəiflətdi, nəticədə bu ərazilər parçalanaraq yerli hakimlər, türk və monqol əmirləri arasında bölündü. Monqollar idarəedici hərbi təbəqə kimi cəmiyyətdən təcrid olunmuş şəkildə qaldılar. Onların islamı qəbul etməsi belə bu baxış tərzini dəyişdirmədi və idarəçilərlə idarə olunanlar arasındakı fərqlərin aradan qalxmasına səbəb olmadı.
Elxan anlayışı
"İlxan" və ya "elxan" anlayışı Hülakü xanla bağlıdır. Belə ki, o, "elxan" titulu ilə tanınırdı. Bu söz iki hissədən ibarətdir: "El" itaət edən və ya tabe olan mənasında, "xan" isə hökmdar mənasındadır. Yəni Elxanilər dövlətinin hökmdarı Qaraqorumda, sonra isə Çindəki Xanbalıq şəhərində yaşayan böyük xaqana tabe sayılırdı.
Bu titulun mənası barədə başqa bir variant isə, "elxan" birləşməsinin türkcə olması haqındadır. Hansı ki, "el" yəni "tayfa", "xan" isə "rəhbər" mənasına gəlir. Bu zaman "elxan" ifadəsi "tayfa başçısı", yaxud "el rəhbəri" kimi tərcümə olunur.
Bəzi tədqiqatçılar bu titulun "sülh lideri" və "sülh xanı" mənasını verdiyini bildirirlər. Araşdırmaçı Dorotiya Kravolski bu terminin "sülh gətirən xan" kimi tərcümə edilməsinin daha doğru olduğunu hesab edir. Elxanilərin 1296-cı ildə islamı tam şəkildə qəbul etməsindən sonra Elxani sikkələrindən monqol xaqanının adı çıxarıldı. "Elxan" və "ilxan" titulu "xan" titulu ilə əvəz olundu.
Dövlətin qurulması thumb|Monqol imperiyasının coğrafi genişlənməsi. Çingiz xanın fəthlərindən başlayaraq imperiyanın parçalanmasına qədər.
Böyük Monqol imperiyasının əsası 1206-cı ildə Çingiz xan tərəfindən qoyulmuşdur. Əvvəlcə Çinə yürüş edən monqollar, daha sonra Mərkəzi Asiyadakı Xarəzmşahlar üzərinə hərəkət etdilər. 1218–1221-ci illərdə Xarəzmşahları məğlub edərək Məvərənnəhr və Xarəzmi tamamilə ələ keçirdilər.
Çingiz xanın ölümündən sonra 1229-cu ildə Böyük Monqol imperiyasının taxtına Ugedey xan keçdi. 1231-ci ildə Ugedey xanın əmri ilə Xarəzmşahların Əcəm İraqında və Azərbaycanda hakimiyyətini bərpa etmiş hökmdarı Cəlaləddin Məngüberdinin üzərinə ordu göndərildi. Tezliklə Rey və Həmədanı ələ keçirən monqol qüvvələri Azərbaycan sərhədlərinə çatdılar. Cəlaləddinin məğlub edilməsi və ölümündən sonra monqollar Xarəzm, Xorasan və Fars üzərində nəzarəti ələ keçirdilər.
Monqol ordusunun komandanı Çormoqun noyon Azərbaycanda möhkəmləndikdən sonra Ərəb İraqı, Diyarbəkir, Ərzurum, Mardin və Nüseybin, eləcə də Sincar bölgələrinə hücum etdi, irəliləyərək Fərat sahilinə çatdı. Həmçinin şimal istiqamətində irəliləyərək Gürcüstanın paytaxtı Tiflisə daxil oldu. Müqavimət göstərə bilməyən Gürcüstan çarlığı vassallığı qəbul etdi.
Monqolların növbəti hədəfi Anadolu oldu. Rum sultanlığı və Əyyubilər arasında anlaşılmazlıqlardan istifadə edən monqollar 1243-cü ildə Kösedağ döyüşündə Rum sultanlığını məğlub etdilər. Beləliklə, Rum sultanlığı da monqollara tabe oldu.
Hülakü xan
Abbasi xilafətinin süqutu
Monqol hökmdarı Münke xan 1251-ci ildəki qurultayda Hülakünü İran hakimi təyin etdi və ona Mazandaran bölgəsindəki ismaili təriqətinin məhv edilməsini, Abbasi xilafətinə son qoymağı, habelə Suriya və Misir ərazilərini ələ keçirməyi tapşırdı.
1252-ci ilin iyul ayında Hülakü böyük ordu ilə Qaraqorumdan Xorasan və İrana doğru hərəkətə başladı. Əksər yerlərdə müqavimətlə qarşılaşmadı, çünki bəzi ərazilər artıq monqolların hakimiyyəti altında idi və yerli hökmdarlar zəif vəziyyətdə olduğundan, monqollara təslim olmağı üstün tuturdular.
Nizari-İsmaili dövləti üzərinə hərəkət edən monqol ordusu onlara məxsus əksər qalaları ələ keçiridi. Yalnız Meymundiz, Ələmut və Kürdəkuh qalaları hələ də müqavimət göstərirdilər. Bundan sonra Hülakü xan ismaili şeyxi Ruknuddin Xurşaha təslim olmaları barədə xəbərdarlıq məktubu göndərdi. İsmaililərin rəhbəri müqavimətin artıq mənasız olduğunu başa düşdü və 20 noyabr 1256-cı ildə təslim oldu. Hülakü xanın əmri ilə Ələmut qalası dağıdıldı və Ruknuddin Xurşah başda olmaqla bütün ismaililər qətlə yetirildilər. Bununla da İsmaili dövləti süqut etdi.thumb|Monqolların Bağdadı mühasirəyə almasını və şəhərin müdafiəçiləri ilə döyüşlərini təsvir edən miniatür|leftHülakü xaşxaşi qalalarını mühasirəyə aldığı zaman xəlifə əl-Müstəsim ilə əlaqə saxlayaraq, ondan hərbi yardım göndərməsini istədi. Lakin xəlifə bunun Bağdadın müdafiəsinin zəifləmək üçün plan olduğundan narahat olduğu üçün bu yardımı göndərməkdən imtina etdi. Hülakü ismaililəri məğlub etdikdən sonra xəlifəyə sərt məzmunlu məktub göndərərək onu təhqir etdi və hədələdi. Bağdadın qala divarlarını dağıtmasını, şəhərin xəndəklərini doldurmasını və şəxsən ona təslim olmasını tələb etdi. Əks təqdirdə ölkəsinə dağıntı və fəlakət gətirəcəyini, heç kimin sağ qalmayacağını bildirdi. Xəlifənin də eyni məzmunlu cavabından sonra Hülakü Bağdada hücuma keçdi.
Bağdad 1258-ci ilin 20 yanvarında mühasirəyə alındı və ay sonuna qədər mühasirə davam etdi. Mancanaqlarla hücum edən monqollar qısa müddətdə şəhərin şərq hissəsini ələ keçirirdilər. Bundan sonra xəlifə Hülakü ilə sülh yolu tapmaq istəsə də, bu cəhd uğursuz oldu. Nəticədə 10 fevral 1258-ci ildə özü, ailəsi və yaxınları ilə birlikdə Hülakünun qarşısına çıxaraq təslim oldu.
Monqol əsgərləri şəhərdə dağıntılar törətməyə və qarətə başladılar, böyük kitabxanalardakı çoxsaylı qiymətli kitablar məhv edildi, elm adamları qətlə yetirildi. Təxminən qırx gün ərzində Bağdadın 80 min sakini həyatını itirdi. Bu hadisələr zamanı xəlifə əl-Müstəsim, onun iki oğlu və ona sadiq beş nəfər Abbasi əyanı da öldürüldü.
Bu hadisələrdən sonra Hülakü xan Marağanı özünə paytaxtı seçdi. Həmçinin Məcidəddin Təbriziyə Urmiya gölünün sahilində qala tikmək tapşırığı verdi. Yürüş zamanı ələ keçirilmiş xəzinə, pul və qiymətli əşyaları həmin qalaya daşıtdı. Ələ keçirilmiş qiymətli əşyaların və pulun bir hissəsi Qaraqoruma, Münke xana göndərildi. Hülakü Bağdadın əvvəlki idarəedicilərini — İbn əl-Əlqəmi (vəzir), Fəxrəddin Damğani (divan sahibi), Nizaməddin əl-Yəncədhi (baş qazı) — öz vəzifələrində saxladı. Əli Bəhaduri isə Bağdada vali təyin edildi. Elxanilər 1258-ci ildən 1338-ci ilə qədər, yəni 82 il boyunca Bağdadda hökm sürdülər.مصطفى جواد وأحمد سوسة، دليل خارطة بغداد المفصل في خطط بغداد قديماً وحديثاً، ص 202
Suriya və Fələstinə yürüşlər
Hülakü Marağada uzun müddət dayanmadı, Suriyaya doğru sürətlə hərəkət etməyi əmr etdi. Həmin dövrdə bu ərazi üç gücün hakimiyyəti altında idi: Əyyubilər, səlibçilər və Kilikiyadakı Ermənistan krallığı. Əyyubilər Mayyafariqin, Hasankeyf, Kərək, Hələb, Hüms, Həma və Dəməşq kimi şəhərlərə nəzarət edirdilər. Lakin onların vahid birliyi yox idi. Belə ki, buradakı Əyyubi şahzadələri və əmirlər bir mərkəzdən yox, müstəqil hakimiyyət sürürdülər. Səlibçilər isə, monqollara qarşı qarşı qərarsız mövqe tutmuşdular. Onlar arasında yalnız Antioxiya knyazı VI Bohemond 1260-cı ildə Hülakü xanın vassallığını qəbul etmişdi. Həmçinin erməni kralı I Haytum da bölgədə monqolların müttəfiqlərindən biri idi.
Hülakü 1259-cu il Hələbə doğru yürüşə başladı. Monqol ordusu Mayyafariqin, Mardin, Nüseybin, Harran, Urfa, Birəcik və Harim kimi şəhərləri ələ keçirərək 1260-cı ilin 18 yanvarında Hələbə çatdı və şəhəri mühasirəyə aldı. Erməni kralı I Haytum və Antioxiya knyazı VI Bohemond da buraya gələrək, mühasirəyə yardım etdilər. Beləliklə, 1260-cı ilin yanvarında şəhər ələ keçirildi. Monqol ordusu tərəfindən çox sayda insan qətlə yetirildi. Bundan sonra monqol ordusu Dəməşqə doğru irəlilədi. 1260-cı ilin mayında Dəməşq tamamilə nəzarətə götürüldü.
Monqol irəliləyişinin dayandırılması
thumb|Əyn Cəllud döyüşünün yerini və monqol və Məmlük ordularının hərəkət marşrutlarını göstərən xəritə
Suriyanın ələ keçirilməsindən sonra Hülakü xan 1260-cı ildə ildə Məmlük sultanı Seyfəddin Qutuza təslim olmasını tələb edən xəbərdarlıq göndərdi. Məktubun məzmununun bir hissəsi:
Məktub belə bir şeirlə bitirdi:
Bu xəbərdarlıqdan sonra Seyfəddin Qutuz Məmlük əmirləri və ordu komadanları ilə təcili toplantı keçirdi. Alınan qərara əsasən Elxanilərin ultimatumu rədd edildi və monqol elçiləri edam edildilər. Onların başları Qahirə qalasının Zuvalə qapısından asıldı. Bu dövrdə Hülakünün böyük qardaşı, monqol hökmdarı Münke xanın ölümü və Hülakünün digər qardaşları Xubilay xan və Arıq Buğa arasında taxt uğrunda mübarizənin başlaması səbəbindən Hülakü ordusunun böyük hissəsini özü ilə apararaq bölgədən uzaqlaşdı və burada Kit Buğa noyonun rəhbərliyi altında 10 minlik qüvvə saxladı.