Zəkəriyya Məmməd oğlu Mehdizadə (24 mart 1913, Cəbrayıl ‒ 18 noyabr 1990, Bakı) ― azərbaycanlı psixoloq-alim, professor.

Həyatı Zəkəriyya Məmməd oğlu Mehdizadə 24 mart 1913-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində dünyaya gəlib. İlk təhsilini 1920–1924-cü illərdə kəndlərindəki ibtidai məktəbdə alıb. Təhsilini 1926–30-cu illərdə Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki II dərəcəli məktəbdə (doqquzillik) davam etdirib. 1930–1931-ci illərdə Xızı rayonunda natamam orta məktəbdə müəllim işləyib. 1932–1936-cı illərdə V.İ.Lenin adına APİ-nin Fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsində təhsil alıb.

1936-cı ildə Azərbaycan XMK tərəfindən Cəbrayıl rayonuna riyaziyyat müəllimi göndərilən Zəkəriyya Mehdizadə 1936–1942-ci illərdə Cəbrayıl rayonunda müəllim, M.Qorki adına orta məktəbdə direktor müavini (dərs hissə müdiri), direktor, rayon Xalq Maarif Şöbəsində inspektor və müdir vəzifələrində çalışıb. 1926-cı ildə ÜİLKGİ-nin, 1931-ci ildə Ümumittifaq Həmkarlar İttifaqları Şurasının, 1940-cı ildə isə Sov.İKP-nin üzvü seçilib. 1942–1944-cü illərdə Cəbrayıl rayon Partiya Komitəsininin Təbliğat və Təşviqat şöbəsinin müdiri, 1944–46-cı illərdə isə rayon partiya komitəsinin II katibi vəzifələrində çalışıb. 1946–1947-ci illərdə Bakı şəhər Xalq Maarif şöbəsində metodist və 1 saylı məktəbdə riyaziyyat müəllimi işləyib.https://archive.org/details/ilovepdf_merged_20210321/page/9/mode/2up

Elmi-pedaqoji fəaliyyəti alt=Zəkəriyya Mehdizadə müəllim həmkarları ilə birlikdə. Noyabr, 1958|left|thumb|300x270px|Zəkəriyya Mehdizadə müəllim həmkarları ilə birlikdə. Noyabr, 1958-ci il.

Zəkəriyya Mehdizadə 21 noyabr 1947-ci ildə Pedaqoji İnstitutun Psixologiya kafedrası üzrə aspiranturaya qəbul edilir. Aspiranturada oxuyarkən "Sovet psixologiyası inkişafının əsas yolları" (1947), "Təfəkkür nəzəriyyəsinin tarixi inkişafına dair bəzi mülahizələr" (1948) mövzularında irihəcmli referat işlərini yazır.https://ar-ar.facebook.com/107345721119162/posts/118812389972495/

1950-ci ildə aspiranturanı bitirən Zəkəriyya Mehdizadə, Azərbaycan SSR Maarif Nazirliyinin göndərişi ilə Ağdam İkiillik Müəllimlər İnstitutuna göndərilir. O, 1950–1952-ci illərdə həmin İnstitutun Pedaqogika kafedrasında baş müəllim vəzifəsində çalışmaqla bərabər, həm də dissertasiya işi ilə bağlı Ağdam rayonunun məktəblərində eksperimentlər aparır. 1952-ci ildə Bakıya qayıdan Zəkəriyya Mehdizadə, pedaqoji fəaliyyətini APİ-nin Psixologiya kafedrasında davam etdirir.Psixologiya. Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik

1953-cü il, dekabr ayının 23-də üzərində çalışdığı dissertasiya işini müdafiə etmək üçün Moskvaya ezam olunur. RSFSR Pedaqoji Elmlər Akademiyasının Psixologiya Elmi-Tədqiqat İnstitutunun Şurasında (protokol № 44) "Ədədlərin bölünməsi və kəsrlərlə əməliyyatların mənimsənilməsində əsas çətinliklərin psixoloji təhlili və bu çətinliklərin aradan qaldırılması yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. 1954-cü ilin 31 martında SSRİ Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyası tərəfindən ona "pedaqoji elmlər namizədi" elmi dərəcəsi verilir.

Zəkəriyya Mehdizadə 1954-cü ildə Azərbaycan KP MK-nın sərəncamı ilə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna göndərilir. Səkkiz il burada işləyən Zəkəriyya Mehdizadə, bir müddət Pedaqogika-psixologiya şöbəsinə, daha sonra isə Psixologiya laboratoriyasına rəhbərlik edir. 6 sentyabr 1958-ci ildə SSRİ Ali Təhsil Nazirliyi yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyası tərəfindən ona "Psixologiya" ixtisası üzrə "baş elmi işçi" elmi adı verilir. 1961-ci ildə Zəkəriyya Mehdizadə yenidən Pedaqoji İnstituta qayıdır. 18 oktyabr, 1961-ci ildə "İbtidai təhsilin pedaqogikası və metodikası" kafedrasına baş müəllim təyin olunur, az sonra Psixologiya kafedrasına dəyişdirilir. 1961–1966-cı illərdə Psixologiya kafedrasında baş müəllim, 1966–1975-ci illərdə dosent vəzifələrində çalışır. 20 iyul, 1966-cı ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyası tərəfindən ona Psixologiya kafedrası üzrə "dosent" elmi adı verilir.Psixologiya. Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün dərslik Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə, 2007 O, Ümumi psixologiya, Uşaq psixologiyası, Yaş və pedaqoji psixologiya fənlərindən mühazirələr oxumaqla yanaşı, həm də ciddi elmi yaradıcılıqla məşğul olur, doktorluq dissertasiyası üzərində işləyir. Bu müddət ərzində o, mövzu ilə bağlı 30-a yaxın elmi məqalə (onlardan 20-si rus dilində) nəşr etdirir. 1975-ci ildə Tbilisi Dövlət Universitetinin Müdafiə Şurasında "Hesab və cəbr materiallarının mənimsənilməsi prosesində şagirdlərin qarşılaşdıqları çətinlikərin tədqiqi və onların psixoloji təhlili" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 14 mart, 1975-ci ildə "Yaş və pedaqoji psixologiya" kafedrasına müdir və dosent vəzifəsinə seçilən Zəkəriyya Mehdizadə, 1 sentyabr, 1987-ci ilə kimi həmin vəzifədə çalışır. Kafedranın elmi və tədris fəaliyyətinin səmərəli qurulmasında, yaş və pedaqoji psixologiya ilə bağlı tədris resurslarının hazırlanmasında onun mühüm xidmətləri olub.

Psixoloq-alim Zəkəriyya Mehdizadə tədris və elmi nailiyyətlərinə görə, 10 iyun, 1984-cü ildə APİ-nin "Yaş və pedaqoji psixologiya" kafedrasına professor vəzifəsinə seçilir və 24 may, 1985-ci ildə Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona "professor" elmi adı verilir. İki il həmin vəzifədə çalışan Zəkəriyya Mehdizadə, 29 avqust, 1987-ci ildə öz ərizəsi ilə təqaüdə çıxdığı üçün işdən azad edilir. 1989-cu ildə yenidən "Yaş və pedaqoji psixologiya" kafedrasına professor-məsləhətçi vəzifəsinə təyin olunur və ömrünün sonuna kimi həmin vəzifədə çalışır.

Professor Zəkəriyya Mehdizadə Ümumittifaq və Zaqafqaziya psixoloqlarının qurultay və konfranslarının fəal iştirakçılarından biri olub. Zaqafqaziya psixoloqlarının Tbilisidə keçirilən I (1959), İrəvanda keçirilən II (1960), Bakıda keçirilən VI (1974), Tbilisidə keçirilən VII (1977), Bakıda keçirilən IX (1989) qurultaylarında və digər elmi simpoziumlarda maraqlı məruzələrlə çıxış etmişdir.

Ümumtəhsil məktəblərində riyaziyyat və fizika fənlərinin mənimsənilməsində şagirdlərin qarşılaşdıqları çətinliklərin tədqiqi və psixoloji təhlili onun yaradıcılığının əsas istiqamətini təşkil etmişdir.

Professor Zəkəriyya Mehdizadənin 35-dən çox dərslik, dərs vəsaiti, kitab və kitabçası, 50-dən artıq elmi məqalə və məruzə tezisi nəşr olunmuşdur.Çələbiyev N.Z. — Dünyanın məşhur və tanınmış psixoloqları (tarixi –bioqrafik oçerklər) — Bakı: ADPU, 2017 — Zəkəriyyə Mehdizadə, səh.300 Bundan əlavə, o, professor Yəhya Kərimovla birlikdə I siniflər üçün yazılmış "Əlifba" dərsliyinin tərtibində psixoloq kimi 6 il davamlı olaraq iştirak etmişdir.

Professor Zəkəriyya Məmməd oğlu Mehdizadə 18 noyabr, 1990-cı ildə Bakı şəhərində vəfat edib.

Ailəsində 3 qız (Dilşad, Gülşad, Növrəstə) və 2 oğlan (Rəşid, Ramiz) övladı böyüyüb.

Zəkəriyya Mehdizadə tanınmış ictimai xadim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR-nin xalq maarif naziri (1952-1954); (1960-1980), akademik Mehdi Məmməd oğlu Mehdizadənin qardaşıdır.

Bədii yaradıcılığı Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, Zəkəriyya Mehdizadə poeziyaya da xüsusi maraq göstərərək bədii yaradıcılıqla məşğul olmuş, 50-ci illərdən başlayaraq respublika mətbuatında şeirlərini çap etdirməyə başlamışdır. İlk oxuduğu və çox sevdiyi kitab M.Ə.Sabirin "Hop-Hopnamə"si olmuş və bu səbəbdən də o, satirik şeirlər yazmağa böyük həvəs göstərmişdir. Satirik şeirlərinin əksəriyyətini siyasi mövzuda yazmışdır. Şeirləri "Kirpi" jurnalı, "Azərbaycan gəncləri", "Bakı", "Kommunist" qəzetlərində dərc olunub. Satirik şeirlərdən əlavə, o həm də klassik ədəbiyyatın ən geniş yayılmış şeir janrlarından olan qəzəllər müəllifidir.

2021-ci ildə onun qəzəllərdən ibarət əlyazmaları ailəsi tərəfindən toplanaraq, "Mən fəxr edirəm Azərbaycan Vətənimdir!"https://archive.org/details/ilovepdf_merged_20210321 adı ilə "Elm və Zəka" nəşriyyatında çap edilmişdir. Kitabda Zəkəriyya Mehdizadənin 1944–1989-cu illər ərzində müxtəlif mövzularda qələmə aldığı 316 qəzəli toplanıb. Əsasən vətənpərvərlik hissi, saf məhəbbət, psixoloji mövzuları və ictimai problemləri əhatə edən qəzəllərində o həm də vətən sevgisi, dürüst insan obrazı, qürur, vəfa, gözəlliyə pərəstiş kimi insani hisslər tərənnüm etmişdir.

Biblioqrafiya

Dərslik və dərs vəsaitləri Uşaq psixologiyası. I hissə ‒ 1982 Uşaq psixologiyası. II hissə ‒ 1984 Uşaq psixologiyası. III hissə ‒ 1988ttp://web2.anl.az:81/read/page.php?bibid=vtls000016347 Yaş və pedaqoji psixologiya. I hissə ‒ 1977 Yaş və pedaqoji psixologiya. II hissə ‒ 1978 Nisbət anlayışı və şagirdlər tərəfindən onun mənimsənilməsi ‒ 1956 Faizlərin mənimsənilməsi psixologiyası ‒ 1961 Səkkizinci sinifdə cəbr materiallarının mənimsənilməsi psixologiyası haqqında ‒ 1963 Tənasüb bəhsinin mənimsənilməsində bəzi çətinliklərin analizi və aradan qaldırılması haqqında ‒ 1966 Məktəb direktoru üçün sorğu kitabı ‒ 1959 Uşaqlarda təfəkkür və nitqin inkişafı ‒ 1966

Qəzəllər toplusu "Mən fəxr edirəm Azərbaycan Vətənimdir!" ‒ 2021

Məqalələri Kəsr rəqəmlərinin mənimsənilməsində şagirdlərin rast gəldikləri çətinliklərin psixoloji təhlili ‒ 1956 Sadə cəbr əməllərinin mənimsənilməsi psixologiyası haqqında ‒ 1960 Tam cəbri ifadələrlə əməliyyatın mənimsənilməsi psixologiyası ‒ 1960 IX sinifdə loqarifmalar mövzusunun mənimsənilməsi psixologiyası ‒ 1962 Müxtəsər vurma düsturlarının mənimsənilməsi psixologiyası ‒ 1963 Hesab kursunda metamorfoza ‒ 1966 Diqqət ‒ şüurun qapısıdır ‒ "Azərbaycan müəllimi" qəzeti. 8 aprel, 1977-ci il. Təlim probleminin psixologiyası ‒ "Azərbaycan məktəbi" jurnalı, № 4. 1979-cu il. Kiçikyaşlı məktəblilərin iradəsinin inkişafı ‒ "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalı, № 4. 1985-ci il.

Tərcümələri B.M.Teplovun "Psixologiya" dərsliyi N.A.Dobrolyubovun "Seçilmiş pedaqoji əsərləri" (Ə.Zeynalovla birlikdə) N.A.Dobrolyubovun "IV sinifdə riyaziyyat" kitabı

Mükafat və təltifləri "Qafqazın müdafiəsinə görə" medal ‒ 1944 "Böyük Vətən müharibəsində vicdanlı əməyə görə" medalı ‒ 1945 "Zərbəçi əməyə görə" medalı ‒ 1949 "Əmək Veteranı" medalı "Sosialist yarışmasının qalibi" medalı ‒ 1977, 1979 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illik yubileyi" medalı ‒ 1975 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "Qabaqcıl maarif xadimi" medalı

İstinadlar