I Faruq (; ) — Misir və Sudan kralı.

Həyatı 11 fevral 1920-ci ildə Qahirədəki Abidin sarayında dünyaya gəldi. Atası Misir sultanı I Fuad, anası isə onun ikinci xanımı Nazlı Səbridir. Uşaqlıq illəri kiçik bacıları Fövziyyə, Faizə, Faiqə və Fəthiyyə ilə yanaşı, atasının ilk evliliyindən doğulan ögey bacısı Fövqiyyə ilə birlikdə keçdi. Atasının yeganə oğlu və taxtının varisi olması səbəbilə, kiçik yaşlarından etibarən sərt və intizamlı saray təlim-tərbiyəsi aldı. Misir ərəbcəsi, türkcə və fransızca ilə yanaşı, ingilis, italyan və klassik ərəb dillərini öyrəndi. İton kolleci imtahanlarında uğursuz oldu və Vulviçdəki hərbi akademiyaya daxil oldu. Ancaq onun Londondakı təhsil həyatı çox da yaxşı deyildi və buradakı gənclik illəri restoranlar, ictimai fahişəxanalar və alış-veriş mərkəzlərində keçdi. 28 yanvar 1936-cı ildə Vestminster abbatlığında baş tutan Britaniya kralı V Corcun cənazə mərasimində atasının rəsmi təmsilçisi olaraq iştirak etdi.

28 aprel 1936-cı ildə atası I Fuad ürək tutması səbəbilə vəfat etdi və xəbəri almasından dərhal sonra 16 yaşlı Faruq İngiltərədən ayrıldı. Ayrılmazdan öncə yeni Britaniya kralı VIII Eduardla görüşdü və atasının vəfatıyla bağlı başsağlını qəbul etdi. Ardından öncə gəmiylə Fransaya keçdi. Burada Parisdə alış-veriş etdikdən və Yelisey sarayını ziyarət etdikdən sonra qatarla Marselə, oradan isə gəmiylə İsgəndəriyyəyə yola düşdü. 6 mayda İsgəndəriyyəyə çatan I Faruq xalq tərəfindən şənliklərlə qarşılandı. Misir və Sudan taxt-tacıyla yanaşı, atasından külli miqdarda şəxsi sərvət də miras almışdı. Bu şəxsi sərvətə 100 milyon ABŞ dolları (inflyasiyanı nəzərə alaraq, 2025-ci il üçün 2.3 milyard ABŞ dolları), Nil çayı sahili boyunca uzanan 30 min hektar torpaq sahəsi, 5 saray, 200 avtomobil və 2 yaxta daxil idi.

29 iyul 1937-ci ildə Qahirədə baş tutan rəsmi tacqoyma mərasiminə qədər seçilmiş 3 naib tərəfindən dövlət idarəsi ələ alındı. Bunlar yeni kralın əmisi oğlu Mehmed Əli Tofiq, dayısı Şərif Səbri Paşa və ailənin uzaq qohumu olan Əziz İzzət Paşa oldu. Rəsmi tacqoyma mərasiminin ardından Misir tarixində ilk dəfə I Faruq radio vasitəsilə xalqa xitab etdi. Atası kimi italyan heyranlığı vardı və bu səbəblə, bürokratiyadakı bütün ingilis əsilli məmurları uzaqlaşdırdı. 24 avqust 1937-ci ildə İsgəndəriyyəli bir dövlət məmurunun qızı olan Sərfinaz Zülfüqarla nişanlandığı elan edildi. Kralın sadə bir məmur qızıyla evlənməsi xəbəri xalq tərəfindən bəyənildi. Hələ 15 yaşında olan gəlin namizədinin atası bu evliliyə qarşı çıxsa da, bir neçə saatlıq həbs edilməsi və Paşa ünvanı alması bu evliliyə razılıq verməsinə səbəb oldu. Sərfinaz Zülfüqarın 17-ci ad günündə (5 sentyabr 1937) rəsmi evlilik təklifi edildi. F hərfiylə başlayan adların insana uğur gətirdiyinə inanan I Faruq, nişanlısının adını Fəridə olaraq dəyişdirdi. Nişan hədiyyə olaraq 50 min ABŞ dolları dəyərində bir çek və yenə eyni dəyərdə almaz üzük hədiyyə edildi. Toy mərasimiylə bağlı açıqlama verildiyi əsnada, Ras əl-Tin sarayının önündə izdiham yaşandı və izdiham əsnasında 22 nəfər əzilərək öldü, 140 nəfər isə ağır yaralandı. Cütlüyün toy mərasimi 20 yanvar 1938-ci ildə Qahirədəki Qübbə sarayında baş tutdu.

26 may 1938-ci ildə drəc olunan qərarla, bacısı Fövziyyəni İran şahı Rza şahın oğlu vəliəhd Məhəmmədza Pəhləvi ilə nişanlandığını elan etdi.

İkinci Dünya müharibəsi illərində Misir hökuməti bitərəf qalsa da, Qahirədəki Britaniya səfiri Lampsonun təzyiqləri nəticəsində Almaniya ilə bütün diplomatik əlaqələr kəsildi. Ancaq dəbdəbəli həyat tərzi, dövlət işlərindən uzaq qalması, vaxtının çoxunu Avropanın fərqli şəhərlərinə səyahət etməklə keçirməsi xalq tərəfindən xoş qarşılanmadı. Bundan başqa lüks maşın kolleksiyası vardı və dünyanın fərqli yerlərindən məşhur zinyət əşyaları və brilyant daşlar satın alırdı.

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:Devrilmiş monarxlar Kateqoriya:İkinci Dünya müharibəsinin monarxları