Davud Cəbrayıl oğlu Məmmədov () — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1958–1963).

Həyatı Davud Məmmədov 1910-cu ildə hazırkı Gəncə şəhərində xırda qulluqçu ailəsində anadan olmuşdur. 1928-ci ildə orta məktəbi bitirərək Tiflis Politexnik İnstitutuna daxil olmuş, sonra isə Bakıdakı Azərbaycan Neft İnstitutuna keçərək həmin institutu 1933-cü ildə mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Davud Məmmədov təhsil aldığı illərdə S. M. Kirov adına mexaniki zavodda mühəndis vəzifəsində çalışmış, təhsilini tamamladıqdan sonra da burada qalaraq əvvəlcə mühəndis-texnoloq, sonra növbə rəisi və mexaniki sexin rəis müəvini işləmişdir.

1935-ci ildə Davud Məmmədov Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmış, tərxis olunduqdan sonra yenidən işlədiyi zavoda qayıtmışdır. Burada texnoloji proseslər üzrə qrupun rəhbəri, 1939-cu ilin avqustunda isə zavodun baş mühəndisi olmuşdur. Bundan sonra o, rəhbər işə irəli çəkilərək "Azərneftmaş" trestinə müdir təyin edilmişdir.

Davud Məmmədov Sovet İttifaqının sifariş etdiyi qazıma avadanlığını texniki cəhətdən yoxlayıb qəbul etmək üçün 1946-cı ildə mütəxəssis qismində Amerika Birləşmiş Ştatlarına göndərilmiş, ezamiyyətdən qayıtdıqdan sonra bir müddət Leytenant Şmidt adına maşınqayırma zavoduna başçılıq etmiş, sonra isə yenidən "Azərneftmaş" trestinin müdiri olmuşdur. 1957–1958-ci illərdə Davud Məmmədov Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədr müavini, sonra isə Azərbaycan SSR yerli sənaye naziri olmuşdur.

Davud Məmmədov "Lenin", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. O, dəfələrlə Bakı və rayon zəhmətkeş deputatları sovetlərinə deputat seçilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan SSR yerli sənaye nazirləri Kateqoriya:Sənaye müəssisələrinin direktorları