Qurban Yusif oğlu Yusifzadə () — Azərbaycan jurnalisti və dövlət xadimi, professor (1967), Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (1970–1982), Azərbaycan SSR Ali Sovetinin 8–10-cu çağırış deputatı.
Həyatı Qurban Yusif oğlu Yusifzadə 1913-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1931-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra kənd məktəbində müəllimlik etmiş, jurnalistika ilə məşğul olmuş, 1932-ci ildə "Şərq qapısı" qəzetinin şöbə müdiri təyin edilmişdir.
1941-ci ildə Azərbaycan Dövlət Universitetini bitirən Qurban Yusifzadə uşaq-gənclər nəşriyyatının direktoru, sonra isə baş redaktoru vəzifələrində işləmişdir. 1942–1944-cü illərdə o, SSRİ Xalq Müdafiə Komissarlığı hərbi nəşriyyatının Zaqafqaziya cəbhəsi yanında nəşriyyat redaktoru olmuşdur. 1947–1950-ci illərdə "Təbliğatçı", "Azərbaycan" jurnallarının məsul katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifələrini tutmuşdur.
1953-cü ildə Qurban Yusifzadə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1953–1954-cü illərdə isə Bakı Ali Partiya Məktəbində işləmiş, bir çox illər ərzində burada marksizm-leninizm fəlsəfəsi kafedrasına başçılıq etmişdir. 1967-ci ildə ona professor adı verilmişdir. Filosof alim və jurnalist kimi o, 60-dan artıq əsərin müəllifi olmuşdur. 1970-ci ildən ömrünün axırınadək Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində işləmişdir.
Qurban Yusifzadə 1944-cü ildən Sov.İKP üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü və KP Təftiş Komissiyasının üzvü seçilmiş, Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X çağırış deputatı olmuşdur. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir.
Qurban Yusifzadə uzun sürət ağır xəstəlikdən sonra 4 iyun 1982-ci ildə vəfat etmişdir. İyunun 7-də Fəxri Xiyabanda dəfn olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax Azərbaycan SSR hökuməti (1971–1975) Azərbaycan SSR hökuməti (1975–1980) Azərbaycan SSR hökuməti (1980–1985)
Kateqoriya:Azərbaycan Televiziyasının sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri