Heydər Əliyev Mərkəzləri — Azərbaycanın paytaxtı Bakı şəhərinin üç: Qaradağ, Suraxanı və Yasamal rayonları, Gəncə, Naxçıvan, Qax, Şəmkir, Mingəçevir, Şəki, Salyan, Xaçmaz, Quba, Yardımlı, Tovuz, Astara, Qəbələ və digər rayonlarında inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzləri.
Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.
Yasamal rayon Heydər Əliyev Mərkəzi 20 dekabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış Bakı şəhəri Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin əsas məqsəd-vəzifələri xalqımızın Ümumilli lideri, Müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əlirza oğlu Əliyevin siyasi irsini, həyat və fəaliyyətini öyrənmək, araşdırmaq, gələcək nəsillərə aşılamaq, onun memarı olduğu dövlətçilik ənənələrini yaşatmaq, inkişaf etdirmək və cəmiyyətimizin bütün sahələrində tətbiq olunmasına dəstək verməkdir. Mərkəzin daxilində bir neçə bölməsi fəaliyyət göstərir. 1078,2 m² sahəsi olan Yasamal rayonu Heydər Əliyev Mərkəzi 6 mərtəbəli binada yerləşir.
Mərkəzin "Heydər Əliyev Dövlətçilik İrsi və Salnamə" bölməsi Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə, irsinə həsr olunan və eləcə də dövlət quruculuğuna, müasir inkişaf istiqamətlərinə, ölkədə, regionda və beynəlxalq aləmdə aktual olan müxtəlif mövzularda mühazirələrin təşkili, dəyirmi masa, disput, elmi praktiki və nəzəri konfrans, seminarlar keçirmək, Heydər Əliyevin həyat və fəaliyyətinə aid sənədli kinofilmlər nümayiş etdirmək üçün nəzərdə tutulmuşdur. Bu zalda keçirilən tədbirlərdə 50–60 nəfər iştirak edə bilər. Mərkəzin "Kitabxana və İnformasiya Texnologiyaları" bölməsi kitabxana və informasiya otağından ibarətdir. Tərtib olunmuş cədvələ əsasən kitabxanaya gələcək yeniyetmə və gənclər Heydər Əliyevin siyasi irsini, fəaliyyətini, qurduğu dövlətçilik ənənələrini, azərbaycançılıq ideyasını kitabxana fondunda olan Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab, jurnal, broşun və digər çap materiallarından öyrənərək yararlanırlar. Bundan əlavə kitabxanada dahi şəxsiyyətə həsr olunmuş yeni kitabların təqdimatı, oxucu konfransları, kitab sərgiləri, görüşlər təşkil olunur. Kitabxana fondunda ulu öndər Heydər Əliyevə həsr olunmuş çox sayda kitab, jurnal, broşur və digər çap materialları mövcuddur. Həmçinin ekspozisiyanı zənginləşdirmək məqsədilə yeni materialların toplanması işi davam etdirilir. Mərkəzdə Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən çox sayda sənədli filmlərin fondu yaradılmışdır. İnformasiya otağında internet vasitəsilə müvafiq saytlardan dahi şəxsiyyət Heydər Əliyevin siyasi irsi, həyatı və fəaliyyəti haqqında məlumatları əldə etmək və müxtəlif kitabxanalarda olan kitabların elektron variantlarından istifadə etmək üçün 8 nəfərlik kompüter masası var.
Mərkəzin "Muzey" bölməsi — Heydər Əliyev irsinin öyrənilməsini təmin edən əsas bölmələrdən biri də mərkəzin IV və V mərtəbələrində yerləşən muzey bölməsi 296 m² olan ekspozisiya sahəsində müasir tələblərə cavab verən tərtibat işləri aparılmışdır. Muzey bölməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bütün ömür yolunu və fəaliyyətini əks etdirən 281 ədəd eksponat toplanmışdır. Mərkəzin V mərtəbəsi Heydər Əliyevin böyük tunc heykəlindən, Ulu Öndərin həyatı, fəaliyyəti və daxili siyasətinə həsr olunmuş 122 ədəd fotoşəkildən, 13 ədəd diplom və təltiflərdən, 7 ədəd mətnlə tərtib olunmuş şüşə lövhədən ibarətdir. Mərkəzin IV mərtəbəsi Heydər Əliyevin xarici siyasətini əks etdirən 72 ədəd fotoşəkil, 10 ədəd mətn, rəsm əsərləri və 4 ədəd tunc heykəllərlə tərtib edilmiş zaldan ibarətdir.
Qaradağ rayon Heydər Əliyev Mərkəzi Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzi 21 yanvar 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qaradağ rayonuna səfəri zamanı açılmışdır. Burada ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği üçün hər cür şərait yaradılmışdır. Heydər Əliyev Mərkəzində nümayiş olunan fotolar ümummilli liderin Qaradağ rayonuna səfərlərini, böyük sənaye obyektlərinin açılışında iştirakını əks etdirir.
Lökbatanda Heydər Əliyev Mərkəzinin yaradılması müasir Azərbaycan tarixinin, Heydər Əliyev irsinin, ulu öndərin zəngin siyasi fəaliyyətinin öyrənilməsi və təbliği, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması baxımından, böyük önəm daşıyır.
Mərkəzdə ümummilli liderin həyatından bəhs edən nəşrlərin toplandığı kitabxana, kiçik kafeteriya və müasir avadanlıqlarla təchiz olunmuş internet zalı fəaliyyət göstərir. Burada 50 yerlik konfrans və 220 yerlik iclas zalları var eləcə də, 3D formatında hazırlanan filmlərin nümayişi üçün avadanlıqlar mövcuddur.
Suraxanı rayon Heydər Əliyev Mərkəzi Suraxanı rayon Heydər Əliyev Mərkəzi "Heydər Əliyev parkı"nın ən gözəl guşəsində, Suraxanı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının sağ tərəfində özünəməxsus xüsusi bir layihə ilə inşa edilmişdir. Bina 3 mərtəbəli olmaqla, ümumi sahəsi 1080 kvadrat metrdir.
Mərkəzin önündəki meydanda Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin bürüncdən hazırlanmış möhtəşəm abidəsi ucalır. Mərkəz 2009-cu il may ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılmışdır.
Mərkəzə ziyarətə gələnlər Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar.
Mərkəzin 1-ci mərtəbədə Ulu Öndərin Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillərdən ibarət stend vardır. Mərkəzdə Multimedia və Rəsm studiyaları, Elektron kitabxana fəaliyyət göstərir. Mərkəzdə həmçinin, bir çox ictimai-siyasi tədbir keçirilir.
Mərkəzin 2-ci mərtəbədəki geniş sərgi salonunda "Ulu Öndər" əsəri ilə yanaşı Ulu Öndərin həyatının müxtəlif anlarını, fəaliyyətinin əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir. 2-ci mərtəbədə həmçinin mərkəzi ziyarətə gəlmiş qonaqların, məktəblilərin, tələbələrin Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrətmək məqsədilə məşğələlər keçmələri üçün xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriya yaradılmışdır.
3-cü mərtəbədə foto slaydlarla təchiz olunmuş rəqəmsal çərçivələrdə "Heydər Əliyev Azərbaycan xalqının Ümumilli Lideridir" mövzusunda elektron sərgi nümaiş etdirilir, həmçinin müasir texnoloji avadanlıqlarla təchiz olumuş, audi, video sistemlə müşayyət olunan konfrans zalı da vardır.
Mərkəzin fəaliyyəti ilə daha geniş tanış olmaq üçün girişdə elektron informasiya köşkü quraşdırılmışdır.
Digər şəhər və rayonlar üzrə mərkəzlər
Naxçıvan şəhəri Naxçıvan şəhəri Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 18 fevral 1999-cu il tarixli sərəncamına əsasən yaradılmış və 10 may 1999-cu ildən etibarən fəaliyyətə başlamışdır. Muzeydə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər nümayiş etdirilir. Həmçinin Naxçıvan MR Ali Məclisinin sədri (1991–1993) işlədiyi dövrdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar, filmlər, albomlar öz əksini tapmışdır.
Muzeyin ekspozisiya zalının mərkəzində Heydər Əliyevin "Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır" sözləri yazılmışdır.
Habelə muzeydə Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır. Burada "Xalqımla həmrəyəm", "Qayıdış", "Naxçıvan yaşayır və döyüşür" bölmələri təşkil olunmuşdur. Muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4807 eksponat toplanmışdır. Həmçinin muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.
Gəncə şəhəri Gəncə şəhəri Heydər Əliyev Mərkəzinin tikintisinə 2012-ci ildən başlanılıb və 2014-cü il yanvarın 21-də cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Gəncə şəhəri Heydər Əliyev mərkəzinin açılışı zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev çıxış edərək bu sözləri söyləmişdir:
2012-ci il yanvarın 21-də Gəncə şəhərindəki Heydər Əliyev parkının təməli qoyulmuşdu. Bu mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin bütün anları, bütün mərhələləri əks olunub. Eyni zamanda, istənilən beynəlxalq tədbirin keçirilməsi üçün də gözəl imkanlar vardır. Parkın ərazisi 450 hektar, uzunluğu 2 kilometrdir. Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə parkı da yer alır.
Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli, müasir materiallardan istifadə olunub. Mərkəzin əhatə etdiyi ərazidə orijinal memarlıq üslubunda fəvvarələr və müasir işıqlandırma sistemi quraşdırılıb. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Dördmərtəbəli mərkəzdə şüşədən müasir tavan quraşdırılıb. Tavanda Azərbaycanın xəritəsi əks olunub. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.
Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Mərkəzdə Azərbaycanın xəritəsini əks etdirən çil-çıraq quraşdırılıb. Sahəsi 450 ha olan Gəncə Heydər Əliyev park-kompleksində yerləşən 24 metr hündürlüyü olan Heydər Əliyev Mərkəzi 4 mərtəbədən ibarətdir. Mərkəzin I mərtəbəsində Ümummilli liderin keçdiyi həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirən xatirə muzeyi yerləşir. Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993–2003-cü illərdə həyata keçirdiyi böyük işlər, Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasət, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara muzeydə geniş yer verilib. Burada ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.
Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident cənab İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələrinə də geniş yer ayrılıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir.
III mərtəbəsində video-konfrans salonu və hər cür təchizatı olan konfrans zalı mövcuddur. Mərkəzin konfrans zalında şəhərin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr, beynəlxalq və əlamətdar günlərlə bağlı tədbirlər yüksək səviyyədə həyata keçirilir.
Şəki şəhəri Şəki şəhəri Heydər Əliyev Mərkəzi Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 10 fevral 2006-cı il tarixli "4-№ li əmrinə müvafiq olaraq inşa edilmiş Heydər Əliyev Muzeyi kimi fəaliyyətə başlamışdır. 13 aprel 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə muzeyin rəsmi açılışı olmuşdur. 01 may 2013-cü il tarixindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 24.01.2012-ci il tarixli 19 №li əmrinə əsasən muzeyin fəaliyyət sahələri daha da genişləndirilərək Heydər Əliyev Mərkəzi kimi fəaliyyətini davam etdirmişdir.