2024-cü il Azərbaycanda növbədənkənar prezident seçkiləri və ya hökumətyönümlü mənbələrcə Zəfər seçkisi — Azərbaycanda 2024-cü il fevralın 7-də Azərbaycan prezidentini müəyyən etmək üçün keçirilmiş növbədənkənar prezident seçkiləri.
Zəmin
2016-cı il referendumu və 2018-ci il seçkiləri
2016-cı ildə keçirilmiş Azərbaycanda konstitusiya referendumundan sonra qəbul olunan dəyişikliklərə əsasən Azərbaycan Prezidenti 7 il müddətinə seçilir. Referendumdan sonra prezidentlik müddətinin 2018-ci ilin oktyabr ayında bitməsinə baxmayaraq İlham Əliyev növbədənkənar seçki qərarı almışdır. Beləliklə, 11 aprel 2018-ci ildə növbədənkənar seçkilər keçirilmiş və prezident İlham Əliyev 3 394 898 (86.02%) səs toplayaraq seçkiləri 1-ci sırada başa vurmuş, 4-cü dəfə və 7 illiyinə Azərbaycan Respublikasının prezidenti seçilmişdir.
2020-ci il parlament seçkiləri
COVID-19 pandemiyası
II Qarabağ müharibəsi
27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca qarşıdurmalar başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi.
Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı. Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi.
Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan (UTC+3) etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı. Müqaviləyə əsasən, Azərbaycan müharibə zamanı işğaldan azad etdiyi ərazilərə nəzarəti əlində saxladı. Ermənistan isə işğal altındakı keçmiş DQMV ətrafı əraziləri Azərbaycana qaytardı. Azərbaycan, həmçinin Türkiyə və İranla həmsərhəd olan Naxçıvana dəhliz əldə etdi. Təxminən 2000 rus əsgəri Ermənistan və Dağlıq Qarabağ arasındakı Laçın dəhlizi boyunca və keçmiş DQMV-nin Azərbaycanın nəzarətində olmayan hissəsində ən azı 5 il müddətinə sülhməramlı qüvvələr olaraq yerləşdirildi.
Həbs dalğası
Seçkilərin elanından öncə Azərbaycanda həbs dalğası vüsət almışdır. Belə ki, 24 iyul 2023-cü ildə rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu haqqında Nərimanov Rayon Məhkəməsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilmişdir. Onun həyat yoldaşı İradə Bayramova onların maşınının önünün kəsildiyini, İbadoğlunun maşından düşürüldüyünü, xanımının isə fiziki zoralığa məruz qaldığını söyləmişdir. ABŞ-nin Azərbaycandakı səfirliyi isə bu həbsi qınamışdır. Hökumətyönümlü mediada və Türk mediasında İbadoğlunun Fətullahçı Terror Qruplaşması ilə əlaqəli olduğu yazılmışdır. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi onun həbsinin Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə keçirilmiş FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat çərçivəsində olduğunu açıqlamışdır.
11 sentyabr 2023-cü ildə Xural TV-nin rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində Binəqədi rayon Məhkəməsinin qərarıyla Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) ilə irəli sürülmüş ittihama əsasən 4 aylıq həbs qətimkan tədbiri seçilmişdir.
20 noyabr 2023-cü il saat 7:00 radələrində "AbzasMedia"nın baş direktoru Ülvi Həsənli xarici dövlətə səfər məqsədilə evdən hava limanına gedən zaman evinin yaxınlığında saxlanıldı. Bakı Şəhər Baş Polis İdarəsinə aparılan Həsənlinin evində və "AbzasMedia"nın ofisində axtarışlar aparıldı. Həsənlinin hüquqlarını müdafiə edən vəkil Zibeydə Sadıqova ofisdə 5 saat davam edən axtarış zamanı polislər tərəfindən 40 min avro məbləğində pulun tapıldığını bildirdi. "AbzasMedia" isə bu ittihamları rədd etdi və bunu "Ülvi Həsənliyə qarşı ittihamın irəli sürülməsi üçün qurulan ssenari" olduğunu bildirdi.
Noyabrın 20-dən 21-nə ötən gecə "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı həbs olunacağını bildiyi halda İstanbuldan Azərbaycana qayıtdı. Sevinc Vaqifqızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polislər tərəfindən saxlanıldı. Elə həmin gün onun mənzilində axtarış apardıldı. Sevinc Vaqifqızının hüquqlarını müdafiə edən Elçin Sadıqov axtarış zamanı heç bir qanunsuz əşyanın tapılmadığını bildirdi. Bununla belə onun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açıldı. Noyabrın 21-də Xətai Rayon Məhkəməsində Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçildi.
Noyabrın 23-də jurnalistlər Nərgiz Absalamova və Sahilə Aslanova "Abzas Media" ilə bağlı açılan cinayət işi üzrə şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldılar. Nərgiz Absalamovanın sözlərinə görə isə, BŞBPİ-dən Ülvi Həsənli və Sevinc Vaqifqızının həbs olunması ilə bağlı çağırıldığını desələr də sualların heç biri o istiqamətdə deyildi. Noyabrın 30-da "Abzas Media"nın jurnalisti Nərgiz Absalamova yenidən Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edildi. BŞBPİ-də dindirilən Nərgiz Absalamova dindirilmədən sonra polislər tərəfindən saxlanıldı və ona qarşı "Abzas Media"nın rəhbərliyinə qarşı irəli sürülən eyni ittiham irəli sürüldü. Absalamovanın hüquqlarını müdafiə edən vəkil Şəhla Hümbətova onun hazırda dəqiq olaraq harada olduğunun məlum olmadığını bildirdi. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti isə Nərgiz Absalamova saxlanıldığını təsdiqlədi, araşdırma aparıldığını bildirdi. Dekabrın 1-də Nərgiz Absalamova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açıldı və Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi.
Noyabrın 24-də jurnalistlər Elnarə Qasımova və Mina Əlyarlı "Abzas Media" ilə bağlı açılan cinayət işi üzrə şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırıldılar. Elnarə Qasımova idarədə təxminən 2 saat dindirildi və həbs olunan jurnalistlərlə bağlı sorğu-sual edildi. Mina Əlyarlı isə sualların daha çox Sevinc Vaqifqızının fəaliyyəti, "Abzas Media"da görülən işlər, araşdırmalarla bağlı olduğunu qeyd etdi. Abzas Medianın reportyoru Elnarə Qasımova 2024-cü il yanvarın 13-də "Abzas Media" işi ilə bağlı növbəti dəfə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmışdır. Həmin gün Elnarə Qasımova şübhəli şəxs qismində saxlanılmışdır. Onun hüquqlarını müdafiə edən Bəhruz Bayramovun sözlərinə görə, Elnarə Qasımova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə şübhəli şəxs qismində saxlanılmışdır. Yanvarın 15-də isə Xətai Rayon Məhkəməsinin Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçmişdir. Elnarə Qasımova ittihamları rədd etmişdir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirmişdir. Elnarə Qasımovanın hüquqlarını müdafiə edən digər vəkil Aişə Abdel Qadir onun həbsi ilə bağlı heç bir sübut təqdim edilmədiyini bildirmişdir.
Aprelin 18-də, saat 18:20-də iqtidaryönümlü "Qafqazinfo" saytında ""Abzas Media" və "Toplum TV" işində yeni faktlar" adlı məqalə dərc olundu və orada "Meclis.info" platformasının rəhbəri İmran Əliyevin də adı hallandı. Həmin məqalədə o, qrant qaçaqmalçılığında ittiham olunurdu. Həmin gün saat 20:30 radələrimdə İmran Əliyev Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidməti tərəfindən saxlanıldı və ardınca hüquq-mühafizə orqanlarına təhvil verildi. Hava limanından yaydığı videoda o, bunları bildirmişdi: "Haqqımda gedən sifarişli yazıdan sonra İstanbula bilet almışdım. Barəmdə yazılan xəbərlər uydurmadır. Saat 20:54-dür, pasportumu, həmçinin biletimi də alaraq məni saxlayıblar."
Bir gün sonra, aprelin 19-da Xətai Rayon Məhkəməsində İmran Əliyev barəsində 2 ay 1 gün müddətinə həbs-qətimkan tədbiri seçildi. Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan olundu. Yaxınlarının sözlərinə görə, o, "AbzasMedia işi" üzrə təqsirləndirilən şəxs olaraq istintaqa cəlb olunub. İmran Əliyev ona qarşı irəli sürülən ittihamı qəbul etmədi. Onun hüquqlarını müdafiə edən Qanqa İbrahimovun sözlərinə görə İmran Əliyev saxlanıldıqdan sonra polis orqanına gətirilib, orada onu döyüblər, işgəncə veriblər və zorla hansısa sənədə imza atdırıblar. İmran Əliyevin rəhbəri olduğu "Meclisinfo" platforması Milli Məclisin fəaliyyətini monitorinq edən platformadır.
Aprelin 20-də həmçinin ictimai fəallar Elgiz Qəhrəman və Murad Rüstəmbəylinin Azərbaycandan çıxışlarına məhdudiyyət qoyulduğu məlum olub. Bu barədə məlumatı müxtəlif vaxtlarda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidməti tərəfindən məlumat alıblar. Məhdudiyyət Daxili İşlər Nazirliyi tərəfindən qoyulub, ancaq məhdudiyyətin səbəbi ilə bağlı məlumat verilməyib.
Human Rights Watch (HRW) "Abzas Media" müstəqil nəşrinin təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini Məhəmməd Kekalovun həbsləri və pis rəftara məruz qalmaları ilə bağlı bəyanat yaydı. "Azərbaycan iqtidarı öz tənqidçilərinə qarşı şübhəli, cəzalandırıcı cinayət ittihamları irəli sürür. Həsənli, Vaqifqızı və Kekalovun həbsləri uzun müddətdir mövcud olan nümunənin son illüstrasiyasıdır və onlar dərhal azad edilməlidir" deyə bəyanatda deyildi. Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan iqtidarının "Abzas Media"nın direktoru Ülvi Həsənlini və baş redaktoru Sevinc Vaqifqızını azad etməyə, Həsənlinin bazar ertəsindən bəri yoxa çıxmış müavini Məhəmməd Kekalovun harada olduğunu bildirməyə çağırmışdır. "Azərbaycan iqtidarı Vaqifqızı və Həsənlini dərhal azad etməlidir. Məhəmməd Kekalovun harada olduğu barədə məlumat verilməli və "Abzas Media"ya ictimai maraqlara uyğun mühüm reportajlarını davam etdirməsi üçün şərait yaradılmalıdır" – deyə çağırışda deyilmişdir. Norveç Helsinki Komitəsi (NHC) Azərbaycan iqtidarını müstəqil mediaya qarşı davam edən repressiyaları dayandırmağa və son günlər saxlanılan "Abzas Media"nın jurnalistlərini dərhal azad etməyə çağırmışdır. Norveç Helsinki Komitəsinin bəyanatında "Abzas Media" tənqidi reportajları, korrupsiya araşdırmaları və Azərbaycanda ictimai maraq doğuran mövzuları işıqlandırması ilə tanındığını qeyd eləmişdir. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi Azərbaycanda mediaya və vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyalar və bu yaxınlarda müstəqil jurnalistlərin həbsi ilə bağlı bəyanat yaydı. Komitənin yaydığı bəyanatda bu repressiyalar qətiyyətlə pislənildi, həbs edilmiş müstəqil jurnalistlərin və bütün siyasi məhbusların dərhal azad edilməsinə çağırıldı. "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi müstəqil jurnalistlər – "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini və əlillərin hüquqlarının müdafiəçisi Məhəmməd Kekalovun son həbslərini pisləyir və Azərbaycan iqtidarını fəallara, jurnalistlərə qarşı siyasi motivli təqib və təzyiqləri dayandırmağa çağırır" deyə bəyanatda deyildi. "Freedom Now" da Həsənli, Vaqifqızı və Kekalovun həbsi ilə bağlı bəyanat yaydı. "Biz Azərbaycan iqtidarını onları dərhal həbsdən azad etməyə və bütün ittihamlardan uzaq durmağa çağırırıq" deyə bəyanatda deyilir.
15 dekabr 2023-cü ildə Demokratik Qüvvələrin Milli Şurası Koordinasiya Mərkəzinin üzvü, Müsavat Partiyası üzvü Tofiq Yaqublu haqqında Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qəbul etdiyi qərarla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə sürülmüş ittihama əsasən 4 aylıq həbs qətimkan tədbiri seçilmişdir.
Seçki tarixi və təyini