Əli Səməd oğlu Məhəmmədov (Məmmədov) () — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR xalq maliyyə komissarı (1931–1932), Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi (1927–1929), xalq daxili işlər komissarı (1926–1927), Gəncə Qəza İcraiyyə Komitəsinin sədri (1922–1926), Lənkəran Qəza İnqilab Komitəsinin sədri (1920). Siyasi repressiyaya uğramışdır.

Həyatı Əli Səməd oğlu Məhəmmədov 1900-cü ildə Bakı quberniyasının Lənkəran şəhərində sənətkar ailəsində anadan olmuşdur. Buradakı dördsinifli məktəbi bitirmişdir.

1917-ci ildə Lənkəran qəzasında inqilabi fəaliyyət göstərmiş, 1919-cu ildə bolşeviklər partiyasına daxil olmuşdur. Muğan Sovet Respublikası qurulduqdan sonra Qırmızı qvardiya dəstələri tərkibində əks-inqilabçılara qarşı vuruşmuşdur. 1920-ci ilin yanvar ayında fəaliyyətini bərpa etmiş Lənkəran gizli qəza partiya komitəsinin tərkibinə seçilmiş, Azərbaycan Kommunist Partiyasının birinci qurultayının nümayəndəsi olmuş və həmin qurultayda çıxış etmişdir. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Lənkəran Qəza İnqilab Komitəsinin sədri seçilmiş, həmin ilin oktyabr ayında Azərbaycan K(b)P tərəfindən Moskvadakı Yakov Sverdlov adına Kommunist Universitetində oxumağa göndərilmişdir.

Əli Məhəmmədov təhsilini bitirdikdən sonra Bakıya qayıtmış və 1921-ci ilin sentyabr ayında də Azərbaycan K(b)P MK təlimatçısı təyin edilmiş, sonra isə Azərbaycan K(b)P Lənkəran Qəza Komitəsinin katibi vəzifəsində çalışmışdır. O, 1922–1926-cı illərdə Gəncə Qəza İcraiyyə Komitəsinin sədri, 1926–1929-cu illərdə Azərbaycan SSR xalq daxili işlər komissarı və Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Şirvan (Göyçay) Mahal İcraiyyə Komitəsinin sədri, Ağdam Rayon İcraiyyə Komitəsinin sədri, 1931–1932-ci illərdə Azərbaycan SSR xalq maliyyə komissarı, Qutqaşen Rayon İcraiyyə Komitəsinin sədri və Taxıl Tədarükü İdarəsi Azərbaycan kantorunun müvəkkili vəzifələrində işləmişdir.

Əli Məhəmmədov dəfələrlə Azərbaycan K(b)P MK-yə, RK(b)P-nin Zaqafqaziya Ölkə Komitəsi Təftiş Komissiyasına, Azərbaycan SSR, ZSFSR və SSRİ mərkəzi icraiyyə komitələrinə üzv seçilmişdir.

Həbsi və ölümü Əli Məhəmmədov Stalin repressiyalarının qurbanı olmuşdur. O, 1936-cı ilin axırlarında "Lənkəran rayonunda millətçi-müsavatçı kadrların hazırlanması və Azərbaycan KP MK katibini öldürmək məqsədilə terror qruplaşmasının yaradılması istiqamətində işlər aparma" ittihamları ilə həbs edilmiş və 19 yanvar 1937-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası üzvlüyündən çıxarılmışdır. 7 yanvar 1938-ci ildə barəsində SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə əmlakı müsadirə olunmaqla güllələnmə qərarı alınmışdır. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 29 sentyabr 1956-cı il tarixli qərarı ilə ona bəraət verilmiş, 26 mart 1957-ci ildə isə partiya üzvlüyü bərpa edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan SSR xalq maliyyə komissarları Kateqoriya:Azərbaycan SSR xalq daxili işlər komissarları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:Azərbaycan SSR qəza inqilab komitələrinin sədrləri Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin VIII çağırış üzvləri