369x369px|thumb|right|Əbu Səid Bahadur xan. Onun dövründə (1316–1335) Azərbaycan türkcəsindəki əsərlər inkişaf etmiş, türkdilli toponimlər adlandırmada üstünlük qazanmışdır. Onun ölümündən sonra köçəri türk tayfalarının Azərbaycana güclü axını başlamışdır.
Qafqaz və tarixi Azərbaycan ərazisində monqol–türk əlaqələri — monqolların XIII əsrdə Qafqaz və tarixi Azərbaycanı işğal etməsi ilə başlayan əlaqə. Elxanilər dövründə türk və monqol tayfalarının bölgəyə köçü Azərbaycan xalqının formalaşmasında vacib rol oynamışdır. Vaxt keçdikcə, bölgəyə köçmüş monqollar İslam dinini qəbul etmiş və türkləşmişdir. Bu dövrdə Azərbaycan dili İbn Mühənna lüğətində "Bizim ölkəmizin türk dili" olaraq adlandırılmış, bu dildə yazılı ədəbi nümunələr yaradılmışdır. Cəlairilər sultanlığı dövründə yazılmış əsərlər Azərbaycan dilinin ədəbi dil kimi istifadəsini, türk dilinin musiqi məclislərindəki rolunu göstərir.
Elxanilərin dövründə bölgədə daha əvvəl də mövcud olmuş şamanizm adətlərinin güclənməsi baş vermişdir. Ümumilikdə şamanizm ənənələri Azərbaycan mədəni mühitində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında müasir dövrə qədər yaşamağa davam etmişdir. Monqol dövründə inkişaf edən Azərbaycan türk sufizmi Konya Səlcuqlarının qəlbinə yol tapmış, Krım ətrafında zaviyələr yaradılmışdır. Dövrün digər xarakterik bir ünsürü İran və Azərbaycanda uzun müddət davam edəcək şiələşmə prosesinin başlaması, daha sonra qurulacaq Qaraqoyunlular və Səfəvilər kimi türkmən-şiə dövlətlərin bazasının yaradılmasıdır.
Qazan xan və Olcaytu xanın dövrünün qərarları ilə Çingiz xanın qanunları (Yasa) İslam şəriət qaydaları ilə birlikdə istifadə edilmiş, Qaraqoyunlu və Ağqoyunlular dövründə Azərbaycan türkləri Yasanı öz milli qanunları sayıb ona sadiq qalmışdır. Elxanilər on iki heyvanlı təqvimin uyğur variantını tətbiq etmiş, təqvim Qacarların süqutuna qədər istifadə edilmişdir. Müasir Azərbaycan ərazisində monqol dövründən qalmış toponimlər mövcuddur. Arran tarixi ərazisinin cənubunu adlandırmaq üçün istifadə edilən Qarabağ toponimi bu dövrdə ortaya çıxmışdır. Monqol dilindən alınma sözlər Azərbaycan dilinin dialektlərindən başqa Şərqi Anadolunun Azərbaycan dialekt mühitinə aid edilən ərazilərində də müşahidə edilir.
Tarixi-mədəni mühit
100px|thumb|left|Elxani hökmdarı Keyxatu xanın fars və türk dillərində fərmanı. Hökmdarın buddist adı və Çin möhürü sənəddə vardır.
Monqol işğalları nəticəsində müasir Azərbaycan (Arran və Şirvan) şəhərləri Beyləqan, Gəncə, Bərdə, Şəmkir, Şabran, həmçinin İran Azərbaycanı şəhərləri Zəncan, Qəzvin, Marağa, Ərdəbil dağıntılara məruz qalmışdır. 1236-cı ildə Cənubi Qafqaz artıq Ögedey xanın dövlətinə daxil idi.Lane, (1999-09-01), George (1999). "Arghun Aqa: Mongol bureaucrat". Iranian Studies. 32 (4): 459–482. doi:10.1080/00210869908701965. Bölgədə 1256–1335-ci illərdə Elxanilər (Hülakülər) dövləti, 1335–1337-ci illərdə sulduz tayfasından olan Çobanilər mövcud olmuşdur.Foundation, Encyclopaedia Iranica. "CHOBANIDS". iranicaonline.org. Retrieved 2021-06-22. Daha sonra hakimiyyətə Cəlairilər (1388-ci ilə qədər) və Teymurilər gəlmişdir.Seniores, HTML & WordPress by. "About the key political events in Azerbaijan in history". In Azerbaijan. Retrieved 2021-05-13.
Elxanilər dövründə siyasi rəhbərlik rolu monqol və türk zadəganlarına məxsus idi. Yerli İran zadəganlığının bir hissəsi məhv edilmiş, torpaqları ya dövlətə, ya da monqol zadəganlarına keçmişdir. Elxanilər köçəri həyat tərzini tərk etməmişdir.История Ирана с древнейших времен до конца XVIII века. — Л.: Изд-во ЛГУ, 1958. — 390 с. səh 190 Elxani hökmdarı Qazan xan Muğan düzündə Mahmudabad adlı şəhər salmışdır. Şəhər Xəzər dənizi sahilində idi və Elxanilərin ənənəvi qış iqamətgahı sayılırdı.
Monqol xaqanlığının parçalandığı dövlətlərdə türk və monqol elementlərinin rahat birləşməsinin səbəbi ümumi köçəri irsi və Mərkəzi Asiyada min illik simbiozis idi. Bəzi vaxtlarda türk əhalisi və hərbi qüvvəti monqol elementini üstələyirdi. Elxanilər idarə etdikləri ərazilərdə qərb türkcəsinin (oğuzca) danışılmasına baxmayaraq şərq türkcəsini rəsmi olaraq istifadə etmişdir. Səlcuqlar rəsmi sənədlərdə ərəbcə və farsca istifadə etdikləri üçün İranda türk dilinin ilk dəfə rəsmi sənədlərdə istifadə edilməsi monqollarla bağlı olmuşdur.István Vásáry. The role and function of Mongolian and Turkic in Ilkhanid Iran // Turcologia. Təəccüblü deyil ki, islamı qəbul etdikdən sonra monqolların əksəriyyəti farslara deyil, mədəni cəhətdən daha yaxın olduqları türklərə assimilyasiya olunublar. Monqollardan sayca çox olan və müsəlman olan türkmənlər ortaq köçəri həyat tərzinə görə monqolları tez bir zamanda öz içlərində itirdilər. Əslində monqolların islamlaşması türkləşmənin cəhətlərindən biri idi.
Hülakü xanın vəziri Nəsirəddin Tusi türk və monqol dili və yazısına, monqolların və şərq türklərinin adət, mədəniyyət və ənənələrinə tamamilə vaqif olmuş, onun oğlu da tamamilə türkləşmişdir. Əslən yəhudi olan, vəzir Fəzlullah Rəşidəddinin və oğullarının danışıq dili türk dili idi. O, monqol dilini də mükəmməl bilmişdir. Əsərləri müasir dövrə ərəb və fars dilində çatsa da, türk və monqol dillərində yazmağı da bilmiş, türk adət və ənənələrini mənimsəmişdir. Rəşidəddin və oğlu Qiyasəddinin qızları türk dilində "xatun" ləqəbi daşımış, Rəşidəddinin nəvələrindən biri Artuq adlandırılmışdır.
Buddizmin Azərbaycan və İranda monqol hakimiyyəti altında qısa müddət ərzində mövcudluğu, iki əsrə yaxın müddətdə uyğur əlifbasının dövlət səviyyəsində tətbiqi və yayılması, Çin rəssamlıq ənənələrinin region müsəlmanları və xristianlarının bədii və tətbiqi yaradıcılığına nüfuz etməsi bütövlükdə Azərbaycanda və Cənubi Qafqazda daha plüralist mədəniyyətin formalaşmasına öz töhfəsini vermişdir.
Elxani hökmdarı Hülakü xan Şirvanşahlar dövlətinin hökmdarı II Axsitanı, Arqun xan isə Xaçın knyazı Həsən Cəlalı öldürmüşdür. Həsən Cəlalın nəslindən gələnlər 5 Qarabağ məlikliyindən 3-nü idarə etmiş, ancaq Arqun xanın nəslindən gələn Cavanşirlər sülaləsi Qarabağ xanlığını quraraq bu məliklikləri özünə tabe etdirmişdir.Шнирельман В. А. Войны памяти: мифы, идентичность и политика в Закавказье. — М.: Академкнига, 2003. с. 199.Zemfira Hacıyeva. Qarabağ xanlığı: sosialiqtisadi münasibətlər və dövlət quruluşu. Bakı: "Təhsil". 2007. 254 səh. (səh 45–46)
Azərbaycan xalqının formalaşması
Monqol işğalları Azərbaycan və Cənubi Qafqazın etnik tərkibinə təsir etmişdir. Fars coğrafi əsəri "Əcaib əd-dünya"ya və Nəsəvinin salnaməsinə görə, monqol işğalı ərəfəsində Arran və Muğan düzlüklərində əsas etnik element türklər idi. Şirvan, Dərbənd ərazilərində irandillilərin və qafqazdillilərin də böyük rol oynadığı qarışıq etnik tərkib mövcud idi. Qarabağın dağlıq hissəsində, xüsusilə Xaçın knyazlığında xristian əhali üstünlük təşkil edirdi.
Etnik tərkibin dəyişməsində əsas iki amil yerli əhalinin məhv edilməsi və ya köçürülməsi, daha sonra isə qalib tərəf olan monqol və türklərin bölgəyə yerləşdirilməsidir. Məsələn, Arran və Şirvanın ilk Elxani idarəçisi olan Şahzadə Yoşmut burada öz rəiyyəti ilə məskunlaşmışdır. Türk milli kimliyi və mədəniyyəti Elxanilər dövründə və Elxaniləri əvəz edib, ənənələrini yaşadan dövlətlərin dövründə çiçəklənmişdir. Azərbaycanın türkləşməsi Çingiz xan və sələflərinin hələ də mövcud olan izləri arasında ən aydın məsələlərdən biridir.Spuler, B. (1987). İran moğolları. (C. Köprülü, Çev.). Ankara: Türk Tarih Kurumu Yayınları. sayfa 498
Monqolların dövründə Azərbaycanın türkləşməsi ilə eyni zamanda, burada yaşayan monqolların da türkləşməsi prosesi baş vermişdir, ikinci proses birinci prosesə müsbət təsir etmişdir. Türklüyü və müsəlmanlığı qəbul edən monqollar türk dilində danışan, ancaq monqol tarixi yaddaşına malik bir qrup olmuş, İran Azərbaycanında və Şərqi Anadoluda köçəri həyatını davam etdirmişdir. Türk-monqol köçəriləri köçəri həyatın vacib funksiyası olan hərbi xüsusiyyətləri itirməmişdir. Qızıl Orda, Elxanilər və Çağatay xaqanlığının monqollarının türkləşməsinin səbəblərindən biri türklərin sayca monqollardan çox olmaqlarıdır.
Alman tarixçisi Qustav Teodor Pol öz əsərində yazırdı: "Qafqaz tatarları özlərini Çingiz xan və Əmir Teymur ordalarının törəmələri sayırlar; onlar daim bu ordaların əzəmətli qüdrətini və onlara tabe olmuş nəhəng əraziləri xatırlayırlar".Gustave Theodor Pauly — "Description ethnographique des Peuples de la Russie" (1862)
Türk-monqol tayfalarının yerləşdirilməsi siyasəti 200px|thumb|left|Qazan xan (mərkəzdə). Onun dövründə Muğan düzünə türk və monqol tayfaları köçürülmüşdür.
XI əsrdə Səlcuq türklərinin bölgəni zəbt etməsi və sonrakı əsrlərdə türk xalqlarının, o cümlədən XIII əsrdə monqol istilaları dövründə köç axını hal-hazırda azərbaycanlıların yaşadığı ərazidə türkləşməyə səbəb olmuşdur. Monqol qoşunlarını təşkil edən tayfaların, eləcə də monqol istilaları nəticəsində köç etməyə məcbur olanların əksəriyyəti türklər idi.Suny, Ronald Grigor, Silaev, Evgeny Dmitrievich, Howe, G. Melvyn and Allworth, Edward. "Azerbaijan". Encyclopedia Britannica, 1 Jun. 2023, https://www.britannica.com/place/Azerbaijan . Accessed 10 June 2023. Əhməd Zəki Vəlidi Toğan ilkin mənbələrə əsasən Azərbaycana gələn türk-monqol tayfalarının sayını 2 milyon nəfər olaraq qiymətləndirir.Azerbaycan // MEB Islam Ansiklopedisi. — 1979. — Т. 2, вып. 5. — С. 103–105. Buna baxmayaraq, azərbaycanlıların fiziologiyasının monqol irqi ilə əlaqəli olmadığı düşünülür.И. И. Пантюхов. Антропологические типы Кавказа//ВЕЛЕСОВА СЛОБОДА
Brokhauz və Efronun ensiklopedik lüğəti Azərbaycan türklərinin əcdadları arasında Elxani hökmdarı Hülakü xanın (XIII əsr) türk-monqol ordusunu qeyd edir. Beşinci monqol ulusu Elxanilərin ordusunun böyük bir hissəsini türklər təşkil edirdi.Yarshater, E (18 August 2011). "The Iranian Language of Azerbaijan". Encyclopædia Iranica. Retrieved 25 January 2012. Hülakü və onun oğlu Abaqa xanın dövrünün siyasəti üçün türk və monqol kütlələrinin dağınıq şəkildə yaylaqlarda yerləşdirilməsi yerinə, Azərbaycan, İraqın şimalı və Anadoluda planlı şəkildə müəyyən məntəqələrə köçürülməsi, Azərbaycan türklüyünün sağlam milli ünsür olaraq təşəkkülünün təmin edilməsi, yerli müsəlman oğuz köçərilərinə xan və hökmdar olaraq təqdim edilmələri xarakterikdir. İran Azərbaycanının tədricən türkləşməsində Elxanilərin aparıcı hərbi liderlərə torpaq payı (iqta, soyurqal) vermə siyasəti, xanların özünün və ətrafının, daha sonra Cəlayirilərdən başlayaraq türkmən ardıcıllarının, həmçinin Əmir Teymurla birlikdə Mərkəzi Asiyadan gələn köçərilərin üstünlük verilən, bu dağlıq otlaq ərazilərdə olması rol oynamışdır.C. E. Bosworth. Azerbaijan — Islamic history to 1941. Iranica.
Elxanilər dövründə tat-tacik qruplara qarşı monqolların göstərdiyi diskriminasiya, Fərat çayından kanalların açılması tatların Azərbaycan və İraq-i Əcəmdən (Sultanabad) İraqa köç etməsinə səbəb olmuşdur. Qalanlar isə monqollarla birlikdə türkləşmiş, İran Azərbaycanında Azərbaycan dili hakim olmuşdur. Türklərin Azərbaycanda yerləşməsinin əsas səbəbi bu ölkədə otlaq, bağ-bağçaların çox olması, mal-qara bəsləmək üçün uyğun və əlverişli şəraitin olmasıdır. Nəticə olaraq, Azərbaycan və İraq-i Əcəm ərazisi 2 milyon köçəri üçün yaylaq və qışlaq olmuşdur.
Monqollar dövründə türkləşmə Cənubi və Şimali Azərbaycanda aydın şəkildə müşahidə edilir. Həmdullah Qəzvini buradakı türk qəsəbələrini qeyd edir, İbn Bətutə da Təbriz türklərinin əhəmiyyətindən danışır. Hələ monqollardan əvvəl bir neçə türk və monqol tayfalarının yaşadığı Muğan düzünə Qazan xan dövründə bir sıra türk və monqol tayfaları köçürülmüşdür. Bu tayfalardan qalanlara Adam Oleari XVII əsrdə rast gəlmişdir. Bundan başqa Şirazda və Qəzvində də şəhər içində türk və monqollar çoxluq təşkil edirdi. Nizari əsərində Arran bölgəsinin türklərin ordusu (Elxani döyüşçüləri) ilə aşıb-daşdığını qeyd edir.