Seymur Həzi (tam adı: Seymur Məşgül oğlu Həzi; doğum adı: Seymur Məşgül oğlu Həziyev; 1 mart 1982-ci il, Beyləqan rayonu, Azərbaycan SSR) — azərbaycanlı jurnalist, siyasi şərhçi və siyasətçi; sabiq siyasi məhbus. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini (2015-ci ildən) və Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü (2010-cu ildən) və Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin sabiq sədridir (2002–2008). O, 2016-cı ildə Şərqi Avropa Azad Mətbuatı üzrə Gerd Bucerius Mükafatına layiq görülüb.

Jurnalist və ictimai-siyasi fəaliyyəti dövründə dəfələrlə təqiblərə məruz qalıb, saxlanılıb və həbs edilib. 2000-ci illərin əvvəllərində bir neçə dəfə qısamüddətli həbs cəzası alıb. 2011-ci ilin martında naməlum şəxslər tərəfindən qaçırılıb və döyülüb. Bu hadisə Azərbaycan və xaricdə geniş rezonansa səbəb olub.

2014-cü ilin avqust ayında o, polislər tərəfindən saxlanılıb və Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq) cinayət işi açılıb. 2015-ci ilin yanvar ayında Abşeron Rayon Məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum edib. Beynəlxalq insan haqları təsisatları onu vicdan məhbusu olaraq tanıyıblar. Həbs müddəti başa çatdığı üçün 2019-cu ilin avqustunda azadlığa buraxılıb. Amnesty International da onu vicdan məhbusu olaraq tanıyıb. 2024-cü ilin oktyabr ayında Avropa İnsan Haqları Məhkəməsi Həzinin Azərbaycanda cinayət təqibinin qanunsuz olduğuna qərar verib.

Erkən həyatı Seymur Məşgül oğlu Haziyev 1 mart 1982-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.

1999-cu ildən 2003-cü ilə qədər Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb.

2003-cü ildən 2005-ci ilə qədər Bakı Dövlət Universitetinin magistr dərəcəsi alıb.

2005-ci ildən 2008-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və Fəlsəfə İnstitutunun aspirantı olub.

2008-ci ildən 2009-cu ilə qədər Müdafiə Nazirliyi hərbi xidmətdə olub.

Jurnalist fəaliyyəti Jurnalist fəaliyyətinə "Azadlıq" qəzetində başlayıb. Daha sonra "Bizim Yol" qəzetində siyasi şərhçi və baş məsləhətçi olaraq çalışıb. Ardınca yenidən "Azadlıq" qəzetində siyasi şərhçi və qəzetin siyasət şöbəsinin müdiri olaraq fəaliyyət göstərib. Azərbaycan Saatı verilişinin qurucularından və həmin verişinin uzun illər aparıcısı olub.

Siyasi fəaliyyət Seymur Həzi gənc yaşlarından ictimai-siyasi proseslərə qoşulub. 2000-ci ilin mart ayında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarına qəbul edilib.

11 yanvar 2002-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin sədri seçilib.

2008-ci ilin dekabr ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin sədri vəzifəsində çalışıb.

2005-ci ilin dekabr ayında siyasi səbəblərdən ali təhsil müəssisələrindən xaric edilən tələbələrin hüquqlarının müdafiəsi komitəsinin yaradılmasında fəal iştirak edib və komitənin sədri olub. O, həmçinin tələbələrin aclıq aksiyasına da qoşulub.

15 may 2010-cu ildə Azadlıq Blokunun Nərimanov kinoteatrının qarşısında seçkiqabağı dövrdə demokratik şərtlər tələbi ilə keçirdiyi etiraz aksiyası zamanı saxlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 7 gün inzibati həbs cəzası verilib.

25 sentyabr 2010-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının V (VIII) Qurultayında AXCP Rəyasət Heyətinin üzvü seçilib.

2013-cü ilin iyun ayında prezident seçkiləri ərəfəsində yaradılan Demokratik Qüvvələrin Milli Şurasının üzvü olub.

29 avqust 2014-cü ildə polislər tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq) ilə cinayət işi açılıb və o, həbs edilib. 2015-ci ilin yanvar ayında Abşeron Rayon Məhkəməsi onu 5 il müddətinə azadlıqdan məhrum edib. 29 avqust 2019-cu ildə həbs müddətini başa vurduqdan sonra azadlığa buraxılıb. O, ittihamları rədd edib və həbsinin siyasi motivli olduğunu və jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. Beynəlxalq insan haqları təsisatları onu vicdan məhbusu olaraq tanıyıb.

2 fevral 2015-ci ildə həbsdə olarkən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini təyin edilib.

2016-cı ilin may ayında o, Şərqi Avropa Azad Mətbuatına görə Gerd Bucerius Mükafatına layiq görülüb.

17 oktyabr 2019-cu ildə o, Bakıda keçirilən etiraz aksiyalarından əvvəl polislər tərəfindən saxlanılıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 30 gün inzibati həbs cəzası verilib.

1 fevral 2022-ci ildə o, Demokratiya Naminə Ukraynaya Dəstək Platformasının həmtəsisçilərindən biri olub.

Oğurlanması və döyülməsi (2011) 26 mart 2011-ci il tarixində, yerli vaxtla təxminən saat 00:30-da Seymur Həzi naməlum şəxslər tərəfindən qaçırılıb və hücuma məruz qalıb. Ceyranbatan qəsəbəsində (Abşeron rayonu) qara maskalı və mülki geyimli altı nəfər Seymur Həzini zorla Mercedes markalı mikroavtobusuna mindirib naməlum yerə aparıb və orada döyüblər. Seymur Həzinin sözlərinə görə, döyülmə zamanı onlar ondan "yazdıqlarına diqqət yetirməsini", "İlham Əliyev haqqında yazmamasını" və "ağıllı olmasını" tələb ediblər. Seymur Həzi hadisə ilə bağlı polisə müraciət etdiyini bildirib. Amma o, istintaqın obyektiv olacağına inanmır. İndiyə qədər ona iki dəfə hücum edilib və heç bir halda cinayətkarlar tapılmayıb və ya cəzalandırılmayıb.

Seymur Həzi iddia edirdi ki, döyülmə onun jurnalist fəaliyyəti, xüsusən də yazıları ilə birbaşa bağlıdır. Bu arada, Azərbaycan Mətbuat Şurası Seymur Həzinin qaçırılması və döyülməsi ilə bağlı araşdırma aparmaq üçün Daxili İşlər Nazirliyinə müraciət etmişdi.

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşovun sözlərinə görə, o, birbaşa nazir Ramil Usubova müraciət göndərib və Abşeron Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılovla danışıb. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov bildirib ki, redaksiyası da polisə şikayət hazırlayır.

Seymur Həzi tibbi müayinədən keçib və bədənində xəsarətlərin olması təsdiqlənib. Həkimlər bu məlumatı polisə veriblər. Qənimət Zahidov hesab edir ki, Həzinin şikayət edib-etməməsindən asılı olmayaraq, polis istintaqa başlamalıdır.

Siyasətçilər və insan haqları fəalları da Seymur Həzinin döyülməsini pisləyiblər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli hadisəni cinayət adlandırıb. O, səbəb olaraq gənclərin fəallığının son zamanlar artmasına istinad edib. Kərimli bildirib ki, "demokratiya küləyi" Azərbaycana çatıb və hakimiyyət bundan qorxur və gənclərin fəallığını boğmaq üçün cinayətə əl atır. "Amma bir gün bu cinayətlər ifşa olunacaq və sonra günahkarlar məsuliyyətə cəlb olunacaqlar", - deyə AXCP sədri qeyd edib. AXCP lideri hakimiyyətin əvvəlcə siyasi partiyaları, sonra azad medianı, daha sonra isə müstəqil gəncləri təqib etdiyini və bunun faydasız olacağını bildirib. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət də hücumu qətiyyətlə pisləyiblər.

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hadisənin ölkədəki mövcud ictimai-siyasi vəziyyətin səbəb olduğunu bildirib. O, qeyd edib ki, ictimai fəallıq cəmiyyətdə özünü göstərəndə birinci növbədə jurnalistlər döyülür. Hakimiyyəti cəmiyyətlə dialoqa çağıran Əliyev geri çəkilməyin faydasız olacağını və beləliklə, jurnalistlərin diqqətini bundan yayındırmağın mümkün olmayacağını qeyd edib. Onun fikrincə, belə bir mövqe daha böyük müqavimətə səbəb olacaq.

Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılı isə qeyd edib ki, Azərbaycanda jurnalistlərə qarşı cinayətlər adətən açılmır. "Cəzasızlıq jurnalistlərə qarşı yeni cinayətlərin törədilməsinə səbəb olur. Nəticədə, bu, mətbuat azadlığına mənfi təsir göstərir və özünüsenzuraya təşviq edir", - deyə Hacılı vurğulayıb.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Seymur Həzinin oğurlanması və döyülməsini pislədi. Dunya Miyatoviçin sözlərinə görə, "hakimiyyət orqanları adam oğurluğunu, eləcə də 2005-ci ildə Elmar Hüseynovun qətli də daxil olmaqla, jurnalistlərə qarşı bütün əvvəlki cinayətləri açıq şəkildə pisləməli və araşdırmalıdır".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadənin sözlərinə görə, istintaq aparılır, amma heç bir cinayət işi açılmayıb.

29 mart 2011-ci ildə Bakıda mətbuat azadlığını dəstəkləyən forum baş tutdu. Həmin forumda Azərbaycandakı azad mətbuat və vətəndaş cəmiyyətinin nümayəndələri Seymur Həzinə hücum edənlərin tapılmasını və cəzalandırılmasını tələb ediblər.

10 aprel 2011-ci ildə ABŞ Dövlət Departamenti Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabatında Seymur Həziyə qarşı hücumu xüsusi olaraq qeyd etmişdir.

Siyasi həbs və məhkəmə (2014) Seymur Həzi 29 avqust 2014-cü ildə polis tərəfindən saxlanılıb. Vəkili Elton Quliyevin sözlərinə görə, həbs edildikdən sonra Seymur Həzi Abşeron Rayon Polis İdarəsinə aparılıb. Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinin məlumatına görə, ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq) ilə cinayət işi açılıb. O bildirib ki, polis iddia edir ki, guya kimsə Həzini təhqir edib və bundan sonra Həzi onu vurub. Quliyev əlavə edib ki, Həzi ittihamı rədd edir və onu uydurma hesab edir. "Azadlıq" qəzetinin baş redartorunun birinci müavini Rəhim Hacıyev bildirib ri, Həzi "nəzarətli, savadlı insandır və xuliqanlıq edə bilməzdi". "Aydındır ki, ittihamlar uydurmadır". Hacıyev bildirib ki, onlar Seymur Həzini "Azadlıq" qəzetindəki məqalələrinə və "Azərbaycan Saatı" onlayn televiziya proqramında yayımladığı verilişlərə görə cəzalandırmaq istəyirlər.

30 avqustda, təxminən saat 17:00-da Abşeron Rayon Məhkəməsi Seymur Həzi barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçdi. Demək olar ki, eyni vaxtda Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti Həzinin həbsi ilə bağlı rəsmi açıqlama yaydı. Bəyanatda bildirilir ki, 29 avqustda, saat 12:30-da Həzi Ceyranbatan qəsəbəsində avtobus dayanacağının yaxınlığında "əvvəlcə görüşmədiyi Bakı şəhər sakini Məhərrəm Həsənova qarşı zorakılıq edib". Müstəntiqlərin sözlərinə görə, Həzi "əvvəlcə söyüş söyüb, sonra Həsənovun başına şüşə butulka ilə vurub, sonra isə üzünə yumruq və təpik vuraraq bədən xəsarəti yetirib". Həzinin vəkili Elton Quliyev şərhində hüquq-mühafizə orqanının açıqlamasını təkzib edib. "Əslində, bu adam (Məhərrəm Həsənov) Seymur Həzinin özünə yaxınlaşıb və Həzinin guya onun Facebook mesajlarına cavab vermədiyi iddialarını irəli sürməyə başlayıb". Seymur Həzi nəzakətlə bildirib ki, yəqin ki, bunu Facebook-da görməyib, amma yenidən profilinə baxıb cavab verəcək. Lakin həmin şəxs Həziyə hücum edərək onu vurmağa başlayıb. Həzi özünümüdafiə məqsədilə ona şüşə butulka ilə vurub və aqressiv kişidən uzaqlaşmağa çalışıb, amma "tez" gələn post patrul xidmətinin polis nəfərləri onu saxlayıb", - deyə vəkil bildirib. Vəkil jurnalistin həbsinin qanunsuz olduğunu düşünür. "Polis təqsirləndirilən şəxsin qanuna uyğun olaraq həbsinin zəruriliyini əsaslandıra bilməyib. Və buna görə də məhkəmə də əsassız qərar qəbul edib", - deyə Quliyev bildirib. Bundan əlavə, vəkilin sözlərinə görə, hadisənin digər iştirakçısının məsuliyyətə cəlb edilib-edilmədiyi hələ də məlum deyil. "Həzi cinayət törətməyib; o, sadəcə özünü müdafiə edirdi", - deyə Quliyev bildirib.

"Biz əminik ki, Seymur Həziyə qarşı əvvəlcədən planlaşdırılmış təxribat törədilib. Axı polis hadisə yerinə çox tez gəlib. Seymur "Azadlıq" qəzetində və aparıcılarından biri olduğu "Azərbaycan Saatı" onlayn televiziya proqramında hakimiyyət haqqında tənqidi yazılara görə təqib olunur. Şəxsən mən Seymurun həbsindən təəccüblənmədim. Və o özü də həbs olunacağını bilirdi. 2 həftə əvvəl "Azərbaycan Saatı"nın digər aparıcısı Natiq Adilovun qardaşı Murad Adilov həbs edilib. Bütün bu həbslər siyasi motivlidir", - "Azadlıq"ın baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.

12 sentyabr 2014-cü ildə Sumqayıt Apellyasiya Məhkəməsi Həzi barəsində seçilmiş 2 aylıq həbs qətimkan tədbirindən verilən apelyasiya şikayətinə baxıb və rədd edib.