Şah Təhmasib () və ya Şah I Təhmasib (tam adı: Əbül-Müzəffər Əbül-Fəth Sultan Şah Təhmasib ibn Şah İsmayıl əs-Səfəvi, ) — Səfəvi imperiyasının 1524-cü ildən 1576-cı ilə qədər hakimiyyətdə olmuş ikinci şahı. O, Şah İsmayılla Taclı Bəyimin ən böyük oğludur. Təhmasib Mirzə 23 may 1524-cü ildə (10 yaşında) atasının ölümündən sonra taxta çıxmışdır. Onun hakimiyyətinin ilk illəri qızılbaş liderləri arasında vətəndaş müharibələri ilə müşahidə olunmuş və bu 1532-ci ilə qədər davam etmişdir. 1532-ci ildə I Təhmasib bütün hakimiyyəti öz əlinə almış və mütləq monarxiyasını təmin etmişdir. Bundan qısa müddət sonra o, Osmanlı imperiyası ilə uzun müddət davam edəcək müharibə ilə qarşılaşmışdır. Bu müharibə 3 mərhələyə bölünməkdədir. Osmanlı hökmdarı Sultan Süleymanın hərbi əməliyyatları ilə başlayan müharibə 1555-ci ildə Amasiya sülh müqaviləsi ilə bitmişdir. Sülh müqaviləsinə əsasən Bağdad, Şərqi Anadolunun böyük bir hissəsi və indiki Gürcüstanın qərbi Osmanlı imperiyasına keçmişdir. I Təhmasibin əsas rəqiblərindən biri də tez-tez Xorasana yürüşlər edən özbəklər idi. O, hələ 14 yaşı olarkən özbəklərə qarşı yürüşə başlamış və onları Cam döyüşündə məğlub etmişdir. Bu döyüşdə o, artilleriyadan da yararlanmışdır.
I Təhmasib incəsənətə hamilik etmiş, sarayında xeyli sayda rəssam, xəttat və şair saxlamışdır. Hakimiyyətinin son dövrlərində o, şairləri xor görməyə başlamış və bir çoxunu Böyük Moğol imperiyası sarayına və Hindistanın fərqli yerlərinə sürgün etmişdir. O, dindarlığı ilə seçilmiş və dindarların hüquq və digər dövlət məsələlərində iştirak etmələrinə imkan vermişdir. Məsələn, Böyük Moğol imperatoru Hümayun ondan hərbi yardım istədiyi zaman Təhmasib yardım qarşılığında ondan şiəliyi qəbul etməsini istəmişdir. Hərbi yardım edilmiş və Hümayun taxtını geri qaytarmağı bacarmışdır. Lakin I Təhmasib xarici siyasət məsələlərində dini məsələlərin təsiri altında olmamış, əsas düşməni Osmanlı imperiyasına qarşı Venesiya Respublikası, Habsburq monarxiyası kimi xristian qüvvələrlə ittifaq danışıqları həyata keçirmişdir.
Səfəvi sülaləsinin ən uzun müddət — 52 il hakimiyyətdə qalmış nümayəndəsi olan I Təhmasibin 14 may 1576-cı ildə ölməsi taxt-tac uğrunda mübarizənin kəskinləşməsinə səbəb olmuşdur. Bu mübarizə nəticəsində şah ailəsinin bir çox nümayəndəsi həyatını itirmişdir. Müasir qərb qaynaqları onu atasının qurduğu imperiyanı qorumağı bacaran və genişləndirən, cəsur və hərbi istedada malik hökmdar kimi təsvir edirlər. Onun hakimiyyəti dövrü Səfəvi imperiyasının ideoloji siyasətində dəyişikliklə əlamətdar oldu. Beləki onun atasında olan Mehdi münasibətinə son qoyuldu və onun əvəzinə ictimaiyyətdə dindar və ya dini hökmdar imici yaradıldı. Onun hakimiyyəti illərində qızılbaş liderlərin mərkəzi hakimiyyətə tabe etdirilməsi üçün işlər görülmüş və buna nail olunmuşdu.
Zəmin Şah I Təhmasib Səfəvi sülaləsindən şah olan ikinci şəxsdir. Ailənin adı Şeyx Səfiəddinin adından gəlməkdədir. O, Ərdəbildə mövcud olan təriqətn rəhbəri olmuşdur. Təriqətin ilk şeyxi olan Şeyx Səfiəddin Zahid Gilaninin qızı ilə evlənmiş və bundan sonra qayınatasının təriqəti olan Zahidiyyənin rəhbəri olmuşdur. Onun iki xələfi — Şeyx Cüneyd və Şeyx Heydər daha çox hərbi fəaliyyətə yönəlmiş və sonda uğursuzluqla nəticələnsə də, öz ərazilərini hərbi müdaxilələrlə genişləndirməyə çalışmışdırlar.
Təhmasibin atası I İsmayıl 1501-ci ildə uğurlu hərbi yürüşlərdən sonra özünü şah elan etmiş, Ağqoyunlu torpaqlarını, şərqdə Şeybani torpaqlarını və 1512-ci ildən bir çox şəhər dövləti ələ keçirmişdi. Öz ulu sələflərindən fərqli olaraq İsmayıl şiə məzhəbindən idi və hakimiyyəti ələ aldıqdan sonra imperiyaya daxil olan ərazilərdəki insanların şiələşdirilməsi prosesi başladıldı. Yeni dini, mülki və hərbi şiə elitasının formalaşdırılması prosesi nəticəsində bir çox seyid və müctəhid torpaq sahibi yeni dini eitanı formalaşdırdı.
Şah İsmayıl demək olar ki, bütün mühüm dövlət vəzifələrini türk-qızılbaş liderlərinə həvalə etdi. Onu hakimiyyətə gətirən və "qılınc əhli" adlandırılan bu qrup şaha hakimiyyətini qoruyub saxlamaqda yardım edirdilər. Bu "qılınc əhli" adlandırılan "qələm əhli" adlandırılan və bürokratiyanı idarəe dən şəxslərlə rəqabət halında idilər. Əgər birinci qrup türk tayfalarından olan sərkərdələrdən təşkil edilmişdisə, sonuncu qrup əsasən farslardan təşkil edilmişdi. Şah İsmayıl bu rəqabət problemini həll edə bimək üçün vakil-e nafs-e nafs-e hümayun (şahın vəkili) vəzifəsini təsis etdi. Bu rəqabət Qazdevan döyüşünün nəticəsinə də təsir etdi. Özbəklərlə İsmayılın vəkili Nəcm-i Sani arasında baş tutan bu döyüşdə Səfəvi ordusu məğlub oldu və Nəcm-i Sani edam edildi. Məğlubiyyətin əsas səbəbi isə qızılbaşların onu tərk etməsi və yalnız öz əlindəki bölmələrlə döyüşməyə məcbur olması idi.
Fəaliyyətinin ən əvvəlki dövründən bölgədə çox məşhurlaşan və haqqında rəvayətlər formalaşan Şah İsmayılın nüfuzu Çaldıran döyüşündə Osmanlı imperiyasına məlub olması ilə zədələndi. Döyüşdən əvvəl Şah İsmayılın Əli və ya Hüseynin yer üzündəki sürəti imici formalaşdırılmışdı. Bu məğlubiyyət Şah İsmayılın gələcək fəaliyyətinə təsir etdi və qızılbaşların fəaliyyətinin daha da genişlənməsi ilə nəticələndi. Bu genişlənmə Şah Təhmasibin hakimiyyətinin ilk illərində də davam etdi.; .
Həyatının erkən dövrü Təhmasib Şah İsmayılın böyük oğlu kimi 1514-cü ildə İsfahan yaxınlığında yerləşən Şahabad kəndində dünyaya gəlmişdi. Onun anası Şah İsmayılın əsas arvadı Taclı Bəyim idi. Türk-monqol ənənəsinə uyğun olaraq Xorasan canişini təyin edildikdən sonra adına Mirzə də əlavə edilmişdir. Bu hadisə 1515-cvi ildə baş verib. Növbəti il Şah İsmayıl Diyarbəkir hakimi Əmir Sultan Mosullunu Təhmasibin lələsi və Bəlx hakimi təyin etdi.; . Bu Çaldıran döyüşü zamanı aclıq qorxusundan şahın ordusuna qatılmayan Xorasanın Şamlı və Mosullu tayfalarını əvəz etmək üçün edilirdi. Təhmasib Mirzənin Heratda qalması Səfəvi sarayında güclü nümayəndələrə sahib olan, bir çox böyük vilayətlərin hakimliklərini edən Şamlı tayfasının nüfuzunu azaltmaq üçün idi. Şah İsmayıl həmçinin Heratın məşhur şəxslərindən olan Əmir Qiyasəddin Məhəmmədi oğlu Təhmasib Mirzənin dini tərbiyəçisi təyin etdi.
Bu iki əmir arasında Heratda əsas söz sahibi olmaq üstündə mübarizə kəskinləşdi və Əmir Sultan Qiyasəddini həbs etdirərək növbəti gün edam etdirdi. Lakin o da bu vəzifədə uzun müddət qala bilmədi və 1521-ci ildə Amudəryanı qəfil keçib şəhərin bir hissəsini ələ keçirən özbək yürüşünə görə vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra Şah İsmayıl Div Sultan Rumlunu Təhmasibin lələsi təyin etdi və hakimliyi kiçik oğlu Sam Mirzə Səfəviyə verdi.
1524-cü ilin yazında Şah İsmayıl indiki Gürcüstan yaxınlığında ov edərkən xəstələnir və paytaxt Təbrizə geri dönüş yolunda ikən Ərdəbildə sağalır. Lakin tezliklə yenidən xəstələnir və bu xəstəlik nəticəsində 23 may 1524-cü ildə vəfat edir.
Naiblik dövrü thumb|alt=A seated Tamasp under a modest tent, with other people|Muin Müsəvvər tərəfindən çəkildiyi güman edilən bir miniatür. Miniatürdə üləma və saray əhlinin qatıldığı və Şah Təhmasib tərəfindən rəhbərlik edilən saray müşavirəsi əks etdirilmişdir. İsfahanda 1670-ci illərdə çəkildiyi güman edilən miniatür Bicanın Tarix-i Cahanguşa-yi Xaqan Sahibqıran əsərindəndir. Atasının ölümündən sonra 10 yaşlı Təhmasib Mirzə şah elan edildi və dövlətin faktiki hakimi isə lələsi Div Sultan Rumlu oldu. Div Sultan Rumlunun şəxsində Rumlu tayfasının hakimiyyəti digər türk-qızılbaş tayfaları olan Ustaclı və Təkəlilər üçün qəbuledilməz idi. Ustaclı tayfasının rəhbəri və Təbrizin hakimi olan Köpək Sultan, təkəli tayfasının lideri olan Çuxa Sultan ilə birlikdə rumluların ən sərt rəqibləri idilər. Təkəlilər İsfahan və Həmədanda gücə malik idilər, Ustaclılar isə imperiyanın paytaxtı Təbrizdə və Xorasanda əsas söz sahibi idilər. Div Sultan Rumlu bu iki əsas rəqiblərinə ittifaq təklif etdi. Bu ittifaqa görə əsas hərbi vəzifə hesab edilən Əmir əl-üməra komandanlığı bu üç şəxs tərəfindən yerinə yetirilməli idi. Lakin bu çox getmədi, çünki hər üç tərəf qüvvələrin paylaşılmasından narazı idi. 1526-cı ilin yazında indiki İranın şimal-qərbində meydana çıxan bir neçə toqquşma Xorasana yayıldı və vətəndaş müharibəsi başladı.; . Ustaclılar ilk məğlub edilən qüvvə oldular və onların başçısı Köpək Sultan Çuxa Sultanın əmri ilə edam edildi. Bu daxili toqquşmalar zamanı özbəklər hücum edərək müvəqqəti olaraq Tus və Astarabadı ələ keçirdilər. Buna görə Div Sultan Rumlunu ittiham edən Şah Təhmasib onu edam etdirdi.
3 böyük qızılbaş əmirinin 2-nin öldürülməsindən sonra yeganə sağ şəxs Çuxa Sultan qaldı və onun şah üzərindəki naibliyi 1527-ci ildən 1531-ci ilə qədər davam etdi. Çuxa Heratı şamlıların hakimiyyətindən almaq istədi və bu onun Herat hakimi Hüseyn xanla toqquşmasına səbəb oldu. Çuxa Sultanın düşərgəsinə hücum edən Hüseyn xan Çuxa Sultanı məğlub etdi və edam etdirdi. Yenidən hücum edən özbəklər Übeydullah xanın komandanlığı altında sərhədyanı bölgələri ələ keçirdilər. 1528-ci ildə Übeydullah Astrabadı və Tusu yenidən ələ keçirdi, Herat isə mühasirəyə alındı. 14 yaşlı Təhmasib orduya komandanlıq edərək yürüşə çıxdı və özbəkləri Cam döyüşündə ağır məğlubiyyətə uğratdı. Səfəvilər mütləq qələbə qazanmalarının səbəblərindən biri artilleriyadan istifadə etmələri idi. Lakin bu qələbə nə bölgəyə olan özbək yürüşlərini, nə də daxildəki xaos vəziyyətini ortadan qaldırılmasına səbəb olmadı. Təhmasib bu qələbədən sonra Bağdadda başlayan gözlənilməz üsyana görə qərbə yönəldi.; . Həmin il özbəklər Heratı ələ keçirdilər, lakin şəhərdə olan Sam Mirzəyə Təbrizə getməyə icazə verdilər. Heratda özbək hakimiyyəti uzun müddət davam etmədi və 1530-cu ildə Təhmasib onları oradan qovmağı bacardı. O, qardaşı Bəhram Mirzəni Xorasanın hakimi, Qazi xan Təkəlini isə Bəhramın lələsi təyin etdi.; .
Hüseyn xanın şahla evliliklə qohum olmasına baxmayaraq, o, 1533-cü ildə edam edildi. Onun edam edilməsi Təhmasibin hakimiyyəti dövrünün dönüm nöqtəsi hesab edilə bilər. Bundan sonra hakimiyyəti tamamilə əlinə alan şah qızılbaş əmirlərinin özbaşınalığının qarşısını aldı və mərkəziləşdirməyə önəm verdi.
Hakimiyyəti
Osmanlı ilə müharibə Osmanlı imperiyasının hökmdarı Sultan Süleyman güclü Səfəvi imperiyasını özünə əsas təhlükə hesab edirdi. Təhmasibin hakimiyyətinin ilk dövründə o, Habsburqlarla savaşmaqla məşğul idi. 1532-ci ildə Osmanlı ordusu Macarıstanda savaşmaqla məşğul ikən, Süleyman 50 min nəfərlik ordunu Fil paşanın komandanlığı altında Üləma bəy Təkəliyə göndərdi. Üləma bəy Çuxa Sultanın öldürülməsindən sonra Osmanlı imperiyasına sığınmış Təkəli tayfası mənsublarından biri idi.
Sultan Süleymanın I yürüşü Osmanlı mənbələrinə görə, Sultan Süleymanın ilk yürüşü zamanı İbrahim paşanın hərbi hissələri 1534-cü il iyunun 13-də Təbrizə daxil olmuşdular. Süleymanında olduğu Osmanlıların əsas qüvvələri iə şəhərə sentyabrın 27-də çatdılar. Osmanlı qoşunları Təbrizdə olduqları zaman işğalçıların zülm və zorakılığı nəticəsində şəhərdə çoxlu iğtişaşlar baş verdi. Osmanlı əsgərləri şəhərliləri qarət edir və öldürürdülər. Osmanlı ordusunun yürüşü barədə xəbər Şah Təhmasibə o Xorasanda özbəklərə qarşı yürüşdə olarkən çatdı və Reyə doğru hərəkətə başladı. Uzun məsafə qət edildiyinə görə qızılbaşların minik vasitələri və döyüşçüləri əldən düşmüşdülər. Həmçinin ordudakı döyüşçülərin sayı 7 min nəfərdən çox da deyildi. Halbuki sultanın ordusu, Həsən bəy Rumlunun obrazlı ifadəsinə görə, "səhranın qum zərrələrindən və payız yarpaqlarından daha çox" idi. Şah Qəzvinə, oradan isə Əbhərə hərəkət etdi və burada əmirlərin müşavirəsini çağırdı. Onlardan hər biri öz fikrini söylədi. Müşavirədə Hüseyn xan Şamlı bildirdi ki, "bizim atlarımız əldən düşmüşlər, biz Rum qoşununun qarşısına çıxa bilmərik". I Şah Təhmasib isə ona belə cavab verdi: "məgər mən dedim ki, biz rumlularla üz-üzə vuruşmaq istəyirik? Mən atamın qaydası ilə gedə bilmərəm. Bu düşmən çox güclüdür".