– Yaponiya balerinası. Londonda yerləşən Kral Baletinin premyeridir. "Jizel", "Bayaderka", "Don Kixot" və "Ağbəniz" kimi baletlərdə çıxış etmişdir.
İlk illəri və təhsili Akane Takada 18 aprel 1990-cı ildə Tokioda doğulmuşdur. O, Katsuşikada yerləşən Hiqaşişinkoiva məhəlləsindəndir. 3 yaşında Edoqava yaxınlığında yerləşən Hiromi Takahaşi Balet Studiyasında baletlə məşğul olmağa başlamışdır. 12 yaşı olanda dizindən zədə almış və diz qapağının yerdəyişməsi halı ilə üzləşmişdir. Korrektiv əməliyyata daxil olmaq üçün yaşı çatmadığı üçün bir ildən çox müddət ərzində baletlə məşğul ola bilməmişdir. Milli Balet Assosiasiyası tərəfindən keçirilən müsabiqə zamanı "Çakott" balet ansamblının təqaüdünü qazanmış və 2006–2008-ci illərdə Bolşoy Balet Akademiyasında təhsil almışdır. O, əvvəlcə beynəlxalq rəqqaslardan dərs alsa da, daha sonra rusların sinfinə daxil olmuşdur. 2008-ci ildə keçirilmiş Lozanna Mükafatı balet müsabiqəsində həm təqaüd, həm də "Tamaşaçıların favoriti" mükafatını qazanmışdır.
Karyerası
2008–2015 Takada 2008-ci ildə şagird kimi, 2009-cu ildə isə sənətçi kimi Kral Baletinə qoşulmuşdur. Xoreoqraf Veyn Makqreqor onu 2009-cu ildəki "Limen" adlı yeni baletinin heyətinə daxil etmişdir. O, Frederik Eştonun "Rapsodiya" baletinin yeni versiyasında çıxış etmiş və performansı bəyənilmişdir. Onun "Sinderella" baletindəki Payız pərisi performansı tənqidçilər tərəfindən müsbət rəylərlə qarşılanmışdır. 2011-ci ildə eyni dizindən bir daha zədələnmiş və karyerasında fasilə yaranmışdır. 2013-cü ildə "Onegin" baletində Olqa rolunda rəqs etmişdir.
Takada 2014-cü ildə əsas soloçu olmuşdur. 2014-cü ilin dekabrında "Don Kixot" baletinin günorta tamaşasında Kitri rolunda çıxış etmiş, axşam tamasında Nataliya Osipovanı əvəz etmişdir. Onun çıxışı tənqidçi Zoye Anderson tərəfindən bəyənilmişdir. Takada 2015-ci ildə ilk soloçu kimi Frederik Eştonun "İki göyərçin" baletində rəqs etmişdir.
2016–hazırda Takada 2016-cı ildə premyer olmuşdur. "Vogue Japan" onun 2016-cı ildə ilin qadınlarından biri adlandırmışdır. Takada premyer kimi "Jizel" baletinin baş rolunda debüt etmişdir. 2017-ci ildə Frederik Eştenonun "Yuxu" baletində Titaniya rolunda rəqs etmişdir. 2018-ci ildə Veyn Makqreqorun "İnfra" baletində çıxış etsə də, performansı tənqid olunmuşdur. Həmin il "Bayaderka" baletində Nikiya rolunda çıxış etmişdir.
"Evening Standard" qəzetinin tənqidçisi Emma Birn 2019-cu ildə Takadanı "Kral Baletinin ən zərif rəqqasələrindən biri" adlandırmışdır. Takada Kral Baletinin 2019-cu ildəki Yaponiya turunda iştirak edə bilməmiş, zədə səbəbilə "Don Kixot" baletinin Yaponiya premyerasında Kitri rolunu canlandırmamışdır. O, 2019-cu ilin noyabrında "Ağbəniz" baletinin birinci aktı zamanı zədələnmişdir.
Mükafatları 2008: Lozanna Mükafatı təqaüdü, "Tamaşaçının favoriti" mükafatı 2022: Yaponiya Rəqs Tənqidçiləri Cəmiyyəti Mükafatı
İstinadlar
Kateqoriya:Yaponiya balerinaları