Əbu İmran İbrahim ibn Yəzid ibn Qeys ən-Nəxai (; ) — mühəddis və fəqih. Tabiun nəslindəndir.
Bioqrafiyası 670-ci ildə Kufədə anadan olmuşdur. 658 və ya 666-cı ildə doğulduğu iddia edilir. Əslən Yəmənin Məzhic qəbiləsinin Nəxa qoluna mənsubdur.
Aişə, Ənəs ibn Malik, Əlqamə, Məsruq və əl-Əsvəddən elm almışdır.
Həmmad ibn Əbu Süleyman, Səmmak ibn Hərb, əl-Həkəm ibn Üteybə, İbn Əvn və əl-Əməş kimi məşhur alimlər onun tələbələrindəndir.
Məşhur "əl-Müdəvvənə" əsərində, Əbu Yusif və Məhəmməd ibn əl-Həsənin əsərlərində, Əbu Nuaymın "Hilyətül-Övliya" əsərində onun bir sıra görüşlərinə yer verilmişdir.
Yaşadığı dövrdə Kufədə siyasi və hərbi hərci-mərclik höküm sürmüşdür. Kufə bu dövrdə siyasi rəqiblər arasında tez-tez əl dəyişdirirdi. Belə ki, Kufəni ələ keçirən Muxtar ona vəzifə təklif etmiş, lakin ən-Nəxai xəstəliyi bəhanə edərək bundan boyun qaçırmışdır.
Əməvilərlə münasibətləri yaxşı olmamış, Əməvilərə qarşı qiyam qaldıran İbni-Əşası dəstəkləmiş və Həccaca lənət oxutdurmuşdur. Həbs edilmə əmri verilmiş, lakin onu həbs etməyə gələnlərin dostu çıxması sayəsində həbs edilməkdən qurtulmuşdur.
714-cü ilin sentyabr-oktyabr aylarında vəfat etmişdir. Cənazə namazının bir-neçə nəfərlə gizlincə qılınması onun Əməvilərlə ədavətini ömrünün axırına qədər davam etdiyini sübut edir.
Hədis elmindəki yeri Ən-Nəxai, hədis elmində bütün alimlər tərəfindən "siqa" olaraq qəbul edilən nadir alimlərdəndir. Əməş (yaxud Mənsur) – İbrahim – Əlqamə – İbn Məsud sənədi mühaddislərə görə ən səhih isnadlardan biridir. Ən-Nəxainin rəvayət etdiyi hədislərdən bir qisminə "Kütubi-Sittə"də yer verilmişdir.
İstinadlar
Kateqoriya:Tabiinlər Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Ravilər Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Mədinəlilər Kateqoriya:VII əsr ərəbləri