Mokoş () — şərqi slavyanların rütubətlə əlaqəli tanrıçası. Etimoloji rekonstruksiyaya əsasən, Mokoş yerin, suların və bərəkətin tanrıçası olmuş və sonralar, əksər tədqiqatçıların fikrincə, dastanlarda və dualarda Ana – nəm torpaq kimi əks olunmuşdur. Xristianlaşdırmadan sonra Mokoşun adı cadugər və murdar qüvvə, xüsusən də kikimora (meşə və bataqlıq ruhu) anlamına gəlmişdir. Onunla bu cür yaxınlıq əsasında Mokoşun qadın təsərrüfatının tanrıçası olması ilə bağlı başqa bir rekonstruksiya aparılmışdır. Toxuculuq müxtəlif Avropa tale tanrıçalarının məşğuliyyəti olduğuna görə, Mokoşa taleyi idarə edən ilahi xüsusiyyətlər də aid edilmişdir. Lakin bu rekonstruksiya onun etimoloji məlumatları ilə uzlaşmır və buna əsasən, toxuculuq onun əsas funksiyası ola bilməzdi. Alternativ bir yozuma görə, Mokoş yerin deyil, yağışların, taleyin və qadınların tanrıçası olmuşdur. Bənzər bir tanrıça balt mifologiyasında da mövcuddur – Lajma, lakin o, bərəkətlə əlaqələndirilmir.

Mokoşun taxta bütü digər tanrılarla birlikdə 980-ci ildə knyaz Vladimir Svyatoslaviç tərəfindən Kiyevdəki təpələrdən birində qoyulmuşdur. Bəzi tarixçilər bu hadisəni Vladimirin bütpərəst islahatının bir hissəsi kimi qiymətləndirmişlər, lakin digər tədqiqatçılar belə bir islahatın aparıldığını inkar edir və ümumilikdə onun mövcudluğu müasir elmdə mübahisəlidir. 988-ci ildə Rusiyanın xristianlaşdırılmasına başlanıldıqdan sonra bütlər məhv edilmişdir. Mokoş müxtəlif "Söz" və "Öyüdlər" adlı xristian mətnlərində bütpərəstlik əleyhinə çıxışlarda vıllar (su ruhları) ilə birlikdə qeyd edilir, lakin onun barəsində ətraflı məlumat verilmir.

Elmdə geniş yayılmış fikrə görə, Mokoşun kultu xristian müqəddəsi Paraskeva Cümə ilə əlaqələndirilmişdir. Paraskeva su və toxuculuqla bağlı olduğuna görə, cümə günü bu tanrıçaya həsr olunmuş bir gün kimi qəbul edilmiş və belə nəticəyə gəlinmişdir ki, Mokoş xristian dövründə də qadınlar arasında populyar olmuşdur. Lakin daha sonrakı araşdırmalarda bu oxşarlıq tənqid edilmişdir, çünki Paraskevanın toxuculuq, su və cümə ilə əlaqəsi bütpərəst deyil, xristian mənşəlidir.

Slavyan əsas mif nəzəriyyəsinə görə, Mokoş Perunun həyat yoldaşı olmuşdur. O, Veleslə xəyanət etdiyinə görə, Perun Mokoşun uşaqlarını öldürmüşdür. Lakin bu nəzəriyyə elmdə tam qəbul olunmamışdır. Mokoşun Zbruç bütündə və XIX əsrin Şimal Rus tikmələrində təsvir edilməsi ilə bağlı iddialar da rədd edilmişdir. Həmçinin, arxeoloq B. A. Rıbakovun tanrıçanın ilkin adının "Makoş" olması ilə bağlı nəzəriyyəsi digər tədqiqatçılar tərəfindən dəstəklənməmişdir.

İstinadlar

Kateqoriya:Mifoloji personajlar Kateqoriya:İlahə ana Kateqoriya:Yer ilahələri Kateqoriya:Məhsuldarlıq ilahələri Kateqoriya:Səma və hava ilahələri