Avrora Lusero-Vayt Li (, ) — amerikalı folklorşünas, yazıçı və sufrajist (qadın hüquqlarının müdafiəçisi). O, ingilis və ispan dillərində ikidilli təhsilin tərəfdarı olmuş və ABŞ-ın ispan irsinin qorunması üçün çalışmışdır. Avrora Lusero-Vayt Li 1953-cü ildə nəşr etdiyi "Literary Folklore of the Hispanic Southwest" kitabı ilə tanınır. Bu əsər o, Nyu-Meksikonun şimal bölgələrini gəzərək topladığı mədəni ənənələr, mahnılar və hekayələrdən ibarətdir.
Həyatı Avrora Lusero-Vayt Li 8 fevral 1894-cü ildə Nyu-Meksikoda doğulmuşdur. O, Xulianita Romero və Antonio Luseronun yeddi övladından ən böyüyü idi. Onun atası 1912–1916-cı illərdə Nyu-Meksikonun ilk dövlət katibi olmuşdur. Ailəsi zəngin və siyasi cəhətdən nüfuzlu idi.
Lusero Las-Veqasdakı dövlət məktəblərində təhsil almış, Nyu-Meksiko Universitetində kollec təhsilinə başlamışdır. Atası dövlət katibi olduqdan sonra ailəsi Santa Feyə köçmüş, o isə atasının ofisində işləməyə başlamışdır. O, atasını Vaşinqtona müşayiət etmiş və "Ladies Delegation Aides" təşkilatının nümayəndəsi olmuşdur.
1919-cu ildə Corc Vayt ilə evlənmiş və Dolores adlı bir qızı olmuşdur. 1915-ci ildə Nyu-Meksiko Universitetindən müəllimlik diplomu almış, 1925-ci ildə isə bakalavr dərəcəsi əldə etmişdir. 1916-cı ildə Tucumcari şəhərinə köçərək orada ispandilli tədris bölməsinin rəhbəri kimi ilk müəllimlik vəzifəsinə başlamışdır.
Fəaliyyəti və aktivizmi Lusero hələ yeniyetmə ikən ispandilli təhsilin vacibliyini müdafiə etmişdir. 1910-cu ildə Nyu-Meksiko Universitetində natiqlik müsabiqəsində ispan dilinin məktəblərdə istifadəsinə dair təsirli bir çıxış etmişdir. Bu çıxış, ingilis dilini tam bilməyən şəxslərin dövlət vəzifəsinə seçilməsini qadağan edən qanuna cavab olaraq hazırlanmışdır.
21 oktyabr 1915-ci ildə 150 qadın Santa-Fedə senator Tomas Benton Katronun evinə yürüş edərək, "Susan B. Anthony" düzəlişinə (qadınlara seçki hüququ verən qanuna) dəstək istəmişdir. Qadın hüquqları müdafiəçisi Ella Tompson, ispandilli qadınların dəstəyini təmin etmək üçün Lusero və Nina Otero-Warreni tədbirdə çıxış etməyə dəvət etmişdir. Lusero ispandilli qadınlar üçün seçki təbliğatının və çıxışların ispan dilində də aparılmasını tələb etmişdir və demişdir: "Mən ispan-amerikalı qadınlar adından danışıram. Onlar mühafizəkar olsalar da, ailə həyatı ilə bağlı ən yaxşı qanunların qəbulunu istəyirlər." Senator Katron bu qanunu dəstəkləməsə də, tədbir geniş media işıqlandırması əldə etmişdir.
Tədqiqat və yazıları Lusero 1925–1927-ci illərdə San-Migel dairəsinin məktəb sisteminin müdiri vəzifəsində çalışmışdır. Bu müddətdə Nyu-Meksiko kəndlərini gəzərək xalq nağılları, mahnılar, rəqslər və digər folklor nümunələrini toplamışdır.
1927-ci ildə o, Nyu-Meksiko Universitetində ispan dili üzrə assistent professor təyin edilmişdir. 1932-ci ildə həmin universitetdən ispan ədəbiyyatı üzrə magistr dərəcəsi almışdır. Onun magistr dissertasiyası "Coloquios de los Pastores" adlanır və Milad mövzusunda ənənəvi xalq teatrına həsr olunmuşdur. 1934-cü ildə Nyu-Meksiko Təhsil Departamentində tədris üzrə köməkçi müfəttiş vəzifəsinə təyin olunmuş və bunun sayəsində ənənəvi folklor nümunələrini məktəb proqramına daxil etmişdir.
Lusero bir neçə tarixi pyes yazmışdır. Bunlardan biri "Los Pastores" (1936), ənənəvi ispan xalq dramına əsaslanır. "Kearney Takes Las Vegas" (1934) isə ABŞ generalı Stefen Kirninin Nyu-Meksikonu işğal etməsinə dair həqiqi hadisələri əks etdirir.
O, "More About the Matachines" adlı məqaləsində, həm ispandilli, həm də Pueblo hinduları tərəfindən ifa edilən ənənəvi rəqsin mənşəyini araşdırmışdır. Onun ən məşhur əsəri "Literary Folklore of the Hispanic Southwest" (1953) xalq oyunları, rəqslər, mahnılar və ənənəvi oyunları ehtiva edən bir toplusudur.
Lusero, Kleofas Martines Xaramilyo ilə birlikdə 1935-ci ildə "La Sociedad Folklorica" təşkilatını yaratmışdır. Bu təşkilat Santa-Fedə ispan kolonistlərinin nəsilləri tərəfindən qorunan adət və ənənələri yaşatmaq məqsədini daşıyırdı.
Lusero-Vayt Li 1960-cı ildə müəllimlikdən təqaüdə çıxmış və 1965-ci ildə vəfat etmişdir.
İrsi və xatirəsi Lusero-Vayt Li qadınların seçki hüququ uğrunda mübarizəsinə görə Nyu-Meksiko ştatının qanunverici orqanı tərəfindən 2020-ci ilin fevralında qəbul edilən "Centennial Of 19th Amendment" adlı qanun layihəsində xatırlanmışdır. O, bu qanun layihəsində qeyd olunan altı nüfuzlu Nyu-Meksikalı qadından biri idi.
Kitabları
İstinadlar
Kateqoriya:Folklorşünaslar