— Yaponiyanın İşikava prefekturasının Noto qəsəbəsində yerləşən Sakit okean kalmarı heykəli. Heykəl qəsəbənin balıqçılıq sənayesini tanıtmaq və turizmi gücləndirmək məqsədilə yaradılsa da, COVID-19 pandemiyası üçün ayrılan büdcənin pulu ilə hazırlandığı üçün tənqid olunmuşdur. Şəhər rəhbərliyinin məlumatına görə heykəl şəhərə gələn turistlərin sayını artırmışdır.
Təsviri "Kalmar kralı" "nəhəng" ölçülü, ağ və çəhrayı rəngli Sakit okean kalmarının (Todarodes pacificus) lifli plastikdən hazırlanmış heykəlidir. Heykəl 13 metr uzunluğunda, 4 metr hündürlüyündə, 9 metr genişliyində və təxminən 5 ton ağırlığındadır. Heykəl uzun qollara və "fırlanan gözlərə" malikdir. Əsl kalmarının ağzının yerləşməli olduğu yerdəki dəlik ziyarətçilərə heykəlin içərisini görməyə imkan verir. "Kalmar kralı" Noto qəsəbəsindəki Noto Tsukumo Körfəzi Turizm Mübadiləsi Mərkəzində — Tsukumo körfəzinin qarşısında yerləşir. Bu yer "Kalmar Stansiyası Mall-u" kimi tanınır. "Kalmar kralı" adı 2021-ci ilin iyununda baş tutmuş ictimai müsabiqə yolu ilə müəyyən edilmişdir. Ad üçün 909 namizədlik verilmişdir. Adlandırma mərasimi zamanı heykəlin yanına lövhə quraşdırılmışdr. "Kalmar kralı"nın rəsmi "X" hesabı var.
Tikintisi Heykəlin tikintisi 27 milyon yenə başa gəlmişdir. Bu məbləğin 25 milyonu Yaponiya hökuməti tərəfindən Noto qəsəbəsi üçün ayrılmış COVID-19 büdcəsindən, qalanı isə qəsəbənin öz büdcəsindən təşkil olunmuşdur. Yaponiya hökuməti COVID-19 pandemiyası ilə mübarizə aparması üçün Noto qəsəbəsinə 800 milyon yen büdcə ayırmışdı. Noto qəsəbəsinin rəhbərliyinə görə "Kalmar kralı" heykəli qəsəbənin turizm sahəsini gücləndirmək və qəsəbənin balıqçılıq sənayesini tanıtmaq üçün tikilmişdir. Heykəlin mövzusu turistlərin şəhərdə kalmar yeməsinə və "kalmar tərəfindən yeyilmələrinə" əsasən seçilib. Bundan əlavə, kalmar mövzusunda mağaza, restoran, turist məlumat mərkəzi və sərgi guşəsi tikilmiş, nəticədə, Noto Tsukumo Körfəzi Turizm Mübadiləsi Mərkəzi yaranmışdır. Ticarət mərkəzinin tikintisi 520 milyon yenə başa gəlmişdir.
Qəbul thumb| Ticarət mərkəzində kalmar və Notonun balıqçılıq sənayesindən bəhs edən sərgi. "Kalmar kralı" 2021-ci ilin aprelində ictimaiyyətə təqdim olunmuş və COVID-19 ilə mübarizəyə ayrılmış büdcə hesabına tikildiyi üçün tənqidlərə məruz qalmışdır. Bəzi sakinlər pulların səhiyyə işçilərinə verilməli olduğunu düşünmüşdürlər. Qalmaqal "BBC" və "The New York Times" kimi xarici media qurumları tərəfindən işıqlandırılmışdır. Bir müddət sonra heykəl xeyli populyarlıq əldə etmişdir. "Mainichi Shimbun" qəzetinə görə heykəl qəsəbənin simvollarından birinə çevrilmişdir. 2022-ci ildə Noto qəsəbəsinin verdiyi məlumata görə qəsəbənin iqtisadiyyatı turizmdən 604 milyon yen gəlir əldə etmişdir. 439 turist arasında keçirilmiş sorğuda turistlərin 45%-nin "Kalmar kralı"nı görmək üçün Notoya gəldiyi məlum olmuşdur.
Heykəl 2024-cü ilin yanvarında baş verən Noto zəlzələsi və sunamisi zamanı çox az zərər görmüşdür. Zəlzələdən qısa müddət sonrra "Kalmar kralı" rəsmi "Twitter" hesabında "Mən dənizə qayıtmadım" sözlərini yazmışdır. Heykəlin salamat qalması bəzi sakinlər, xüsusilə, qəsəbə rəsmiləri tərəfindən sağalma və ümid simvolu kimi qiymətləndirilmişdir. Zəlzələ nəticəsində bağlanan "Kalmar Stansiyası Mall-u" aprel ayında yenidən açılmışdır. 2024-cü ilin oktyabrında "Kalmar kralı" Uşaqların Polis Məmuru proqramının fəxri sədri seçilmişdir.
İstinadlar
Xarici keçidlər Kalmar Stansiyası Mall-u
Kateqoriya:COVID-19 pandemiyasının incəsənət və mədəni irsə təsiri Kateqoriya:Yaponiyadakı heykəllər Kateqoriya:Nəhəng heykəllər Kateqoriya:Yaponiyada COVID-19 pandemiyası Kateqoriya:Mədəniyyətdə kalmarlar Kateqoriya:Açıq hava heykəlləri Kateqoriya:Yaponiyada pablik-art