Mirzə Ətaullah İsfahani () Səfəvilər dövlətinin əvvəllərində yüksək vəzifə tutmuş fars mənşəli dövlət xadimi. O, Təbriz bəylərbəyiliyi, Gəncə-Qarabağ bəylərbəyiliyi və Şirvanda vəzir olmuşdur.

Həyatı İsfahanın Xuzani ailəsindən olan Ətaullah mənbələrrdə ilk dəfə 1524-cü ildə xatırlanır. Həmin il yeni taxta çıxmış şah I Təhmasib (1524–1576) onu Şirvanşah II Xəlilullahın sarayına fərman və şərəf libası aparmaqla vəzifələndirmişdi. Xəlilullah həmin dövrdə Səfəvilərə tabe olan Şirvanda hökmranlıq edirdi. Ətaullah daha sonra Təbriz bəylərbəyiliyi, Gəncə-Qarabağ bəylərbəyiliyi və Şirvanda vəzir kimi xidmət etmişdir. 1548-ci ildə həmşəhərlisi Mirzə Salman Cəbəriyə şah Təhmasibin xidmətinə daxil olmaqda yardım etmişdir.

1555-ci ildə şah Təhmasib paytaxtı Təbrizdən Qəzvinə köçürsə də, Ətaullah buna baxmayaraq Təbrizdə qalmağa üstünlük vermişdi. 1558-ci ildə isə Osmanlı şahzadəsi Şahzadə Bəyazidi İrəvandan Qəzvindəki şah sarayına müşayiət etmişdir. Səfəvi saray tarixçisi İskəndər bəy Münşinin yazdığına görə, Ətaullahın idarəçilik fəaliyyəti o qədər nüfuzlu olmuşdur ki, “onların tətbiq etdiyi inzibati üsullar hələ də həmin vilayətlərdə qayda və nümunə olaraq qalır”.

Ətaullah 1560-cı illərin əvvəlində vəfat etmişdir. Onun vəfatı münasibətilə şair Əbdi bəy Şirazi ona ithafən şeir yazmışdır. Onun oğlu Mirzə Əhməd Xuzani də dövlət xidmətində çalışmış, nəvəsi Mirzə Şah Vəli İsfahani isə 1587-ci ildə qısa müddətə Səfəvi dövlətinin baş vəziri olmuşdur.

Mənbələr

İstinadlar