13 mart 1964-cü il tarixində ABŞ-ın Nyu-York şəhərinin Kuins bələdiyyəsinin Kyu Qardens məhəlləsində 28 yaşlı barmen Kitti Cenoveze yaşadığı binanın yaxınlığında zorlanaraq bıçaqla qətlə yetirilmişdir. İki həftə sonra The New York Times qəzetində yayımlanan məqalədə iddia olunurdu ki, 37 nəfər şahid hadisəni görmüş və ya eşitmiş, lakin nə polisə zəng etmiş, nə də ona yardım göstərmişdir. Lakin sonrakı araşdırmalar göstərdi ki, ictimai laqeydliyin səviyyəsi şişirdilmişdir. Bəzi qonşular qışqırıqları eşitsələr də, çoxları vəziyyətin ciddiliyini başa düşməmişdi.

Bu hadisə nəticəsində sonradan "müşahidəçi effekti" və ya "Cenoveze sindromu" kimi tanınan sosial psixoloji anlayışla bağlı geniş tədqiqatlar başlanmış və bu qətl ABŞ psixologiya dərsliklərində onillərlə nümunə kimi yer almışdır.

Tədqiqatçılar daha sonra The New York Times məqaləsində ciddi fakt səhvləri olduğunu müəyyən etdilər. Polis protokolları göstərdi ki, bəzi şahidlər hadisədən sonra hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çalışmışdılar.1964-cü ildə rəqib xəbər orqanlarının jurnalistləri Times məqaləsinin faktlara uyğun olmadığını aşkar etsələr də, o dövrdə qəzetin redaktoru Eyb Rozentala qarşı çıxmağa cəsarət etməmişdilər. 2007-ci ildə American Psychologist jurnalında dərc edilən məqalədə belə bir nəticəyə gəlinmişdi ki, 38 şahidin olması, onların qətli görməsi və hərəkətsiz qalması ilə bağlı heç bir sübut yoxdur. 2016-cı ildə The New York Times özü də ilkin xəbərini “qüsurlu” adlandıraraq şahidlərin sayı və onların gördükləri barədə məlumatların kobud şəkildə şişirdildiyini etiraf etmişdir.

Cinayətdən altı gün sonra, 29 yaşlı Manhetten sakini Vinston Mozli ev soyğunçuluğu zamanı həbs edildi. Nəzarət altında olarkən o, Cenovezeni öldürdüyünü etiraf etdi. Məhkəmədə Mozli qətldə təqsirli bilinərək ölüm cəzasına məhkum edildi. Lakin cəza sonradan ömürlük həbslə əvəz olundu. O, 52 illik həbsdən sonra, 2016-cı il martın 28-də, 81 yaşında həbsxanada vəfat etdi.

Qurban

Ketrin Syuzan "Kitti" Cenoveze 1935-ci il iyulun 7-də ABŞ-ın Nyu-York şəhərinin Bruklin bələdiyyəsində anadan olmuşdur. O, italyan-amerikalı Reyçel (soyadı Cordano) və Vinsent Andronel Cenoveze cütlüyünün beş övladından birincisi idi. Cenoveze katolik inancına sahib bir ailədə böyümüş, əsasən italyan və irland mənşəli ailələrin yaşadığı Bruklinin qərbində yerləşən Park Sloup məhəlləsində, 29 St. John's Place ünvanındakı tipik daş mənzildə yaşamışdır.

Yeniyetməlik dövründə Cenoveze yalnız qızların təhsil aldığı Prospekt Hayts orta məktəbində oxumuşdur. Onu "yaşından artıq özünə inamlı" və "günəş kimi parlaq əhvali-ruhiyyəli" biri kimi xatırlayırdılar. 1954-cü ildə anası şahid olduğu bir qətl hadisəsindən sonra ailə Konnektikut ştatının Nyu Kanaan şəhərinə köçmüşdür. Lakin həmin vaxt məktəbi yenicə bitirmiş Cenoveze yaxın zamanda planlaşdırılan evliliyinə hazırlaşmaq üçün Bruklində nənə və babasının yanında qalmışdır. Həmin ilin sonlarında cütlük ailə qursa da, 1954-cü ilin sonlarına doğru Cenovezenin lezbiyan olması səbəbilə nikah ləğv edilmişdir.

Daha sonra Bruklində mənzilə köçən Cenoveze müxtəlif katibəlik işlərində çalışmış, lakin bu işlərdən zövq almamışdır. 1950-ci illərin sonlarına doğru o, barmen kimi işləməyə başlamışdır. 1961-ci ilin avqust ayında at yarışlarına mərc qəbul etdiyi üçün qısa müddətlik həbs olunmuşdur. O və dostu Di Qvarniyeri hər biri 50 ABŞ dolları (2024-cü ildə 526 ABŞ dollarına bərabər) cərimə olunmuş və Cenoveze işini itirmişdir.

Daha sonra Cenoveze Kuins bələdiyyəsinin Hollis məhəlləsində, Yamayka prospekti və 193-cü küçənin kəsişməsində yerləşən Ev's Eleventh Hour Bar adlı barda barmen kimi işə düzəlmiş və tezliklə barın sahibi tərəfindən idarəçi vəzifəsinə gətirilmişdir. O, ikili növbələrdə işləməklə pul yığır və gələcəkdə italyan restoranı açmağı planlaşdırırdı. 1963-cü ildən bəri sevgilisi olan Meri Enn Zielonko ilə birlikdə Kuinsdəki Kyu Qardens məhəlləsində, 82–70 Austin Street ünvanında yaşayırdılar. Zielonko 2024-cü ildə, 85 yaşında vəfat etmişdir.

Hücum

13 mart 1964-cü il tarixində saat təxminən 02:30-da Kitti Cenoveze Ev's Eleventh Hour Bar barını tərk edərək qırmızı rəngli Fiat markalı avtomobili ilə evinə yola düşmüşdür. O, Huver prospektində işıqforun dəyişməsini gözləyərkən, həmin ərazidə park edilmiş Chevrolet Corvair avtomobilində oturan Vinston Mozli tərəfindən müşahidə edilmişdir. Cenoveze saat 03:15 radələrində evinə çataraq, Kyu Qardensda yerləşən Long Island Rail Road stansiyasının dayanacağında, yaşadığı binanın qapısından təqribən 30 metr (100 fut) məsafədə avtomobilini park etmişdir. Avtomobil dayanacağı binanın arxa hissəsində, dalan kənarında yerləşirdi.

Cenoveze binaya doğru hərəkət edərkən, onu izləyərək evə qədər gəlmiş Mozli avtomobilindən düşmüş və Austin Street üzərindəki avtobus dayanacağında maşınını saxlamışdı. O, üzərindəki ov bıçağı ilə Cenovezeyə yaxınlaşmışdır.

Cenoveze binanın ön hissəsinə doğru qaçmağa başlamış, Mozli isə onun ardınca qaçaraq onu yaxalamış və iki dəfə kürəyindən bıçaqlamışdır. Cenoveze qışqıraraq "Ay Allah, o məni bıçaqladı! Kömək edin!" — deyə səslənmişdir. Bəzi qonşular bu qışqırıqları eşitmiş, lakin yalnız az bir qismi səsin kömək çağırışı olduğunu anlamışdır. Qonşulardan biri olan Robert Mozer pəncərədən səslənərək "Qıza toxunma!" deyə qışqırdıqda Mozli hadisə yerindən qaçmış, lakin Cenoveze ağır yaralı halda binanın arxa hissəsinə doğru sürünərək hərəkət etmiş və daha sonra şahidlərin görmə sahəsindən çıxmışdır.

Hadisənin şahidlərinin sözlərinə görə, Vinston Mozli avtomobilinə minərək ərazidən uzaqlaşmış, lakin təxminən on dəqiqə sonra geri qayıtmışdır. Geniş kənarlı papaqla üzünü kölgədə saxlayan Mozli sistemli şəkildə dayanacağı, dəmir yolu stansiyasını və mənzil kompleksini axtararaq Cenovezeni axtarmışdır. Nəhayət, o, binanın arxa tərəfindəki dəhlizdə, bağlı qapıya çatdığı üçün içəri girə bilməyən və huşunu itirmiş vəziyyətdə yerdə uzanan Cenovezeni tapmışdır.

Küçədən və ilk hücumun şahidi ola biləcək hər kəsdən uzaqda olan bu ərazidə Mozli Cenovezeni bir neçə dəfə daha bıçaqlamış, daha sonra ona təcavüz etmiş, üzərindən 49 dollar pul oğurlayaraq hadisə yerindən uzaqlaşmışdır. Hücumlar təxminən yarım saat davam etmişdir. Cenovezenin əllərindəki bıçaq yaraları onun özünü müdafiə etməyə çalışdığını göstərmişdir.

İkinci hücumdan qısa müddət sonra Cenovezenin qonşusu və yaxın dostu Sofia Farrar onu tapmış və qucağına alaraq "Kömək gəlir" — deyə pıçıldamışdır. O, təcili yardım maşını gələnədək Cenovezeni qucağında saxlamışdır.

Polisə edilən ilk zənglərlə bağlı qeydlər qeyri-müəyyəndir və həmin zənglər yüksək prioritetlə qəbul edilməmişdir. Hadisə, Nyu-York şəhərində 9-1-1 təcili yardım çağırış sisteminin tətbiqindən dörd il əvvəl baş vermişdi. Şahidlərdən biri atasının ilk hücumdan sonra polisə zəng etdiyini və "bir qadının döyüldüyünü, amma sonra ayağa qalxaraq nəsə hərəkət etdiyini" bildirdiyini söyləmişdir. İkinci hücumdan bir neçə dəqiqə sonra başqa bir şahid, Karl Ross, əvvəlcə dostlarına zəng edərək nə etməli olduğunu soruşmuş, sonra isə polisə zəng etmişdir.

Cenoveze saat 04:15-də təcili yardım maşını ilə aparılmış, lakin xəstəxanaya çatmamış yolda vəfat etmişdir. O, 1964-cü il martın 16-da Konnektikut ştatının Nyu Kanaan şəhərində yerləşən Leykvyu qəbiristanlığında dəfn olunmuşdur.

Polis istintaqı Kitti Cenovezenin sevgilisi Meri Enn Zielonko cinayətdən sonrakı səhər saat 07:00-da detektiv Mitçell Sanq tərəfindən dindirildi. Daha sonra o, qətl istintaqı üzrə ixtisaslaşmış iki detektiv — Con Kerroll və Cerri Berns tərəfindən altı saat ərzində sorğu-suala tutuldu. Dindirilmə əsasən Zielonko ilə Cenoveze arasındakı münasibət üzərində cəmləşmişdi. Polis eyni zamanda cütlüyün qonşularını da bu istiqamətdə sorğuya çəkmişdi. Başlanğıcda Zielonko əsas şübhəli kimi qiymətləndirilmişdi.

1964-cü il martın 19-da, bıçaqlanma hadisəsindən altı gün sonra Vinston Mozli Ozone Park bölgəsində oğurluq şübhəsi ilə həbs edildi. Onun avtomobilinin baqajında televizor aşkar edildikdən sonra avtomobil axtarışa məruz qaldı. Hadisə yerində yaşayan Raul Kliri Mozlinin qonşu evlərdən birindən televizoru çıxardığını gördükdə şübhələnmişdi. Mozli özünü kuryer xidmətinin işçisi kimi təqdim etsə də, Kliri digər qonşu Cek Braun ilə məsləhətləşdi və Braun həmin evdə heç bir köçmə prosesi olmadığını təsdiqlədi. Bundan sonra Kliri polisə zəng etdi. Braun isə Mozlinin avtomobilini sıradan çıxararaq onun qaçmasının qarşısını aldı.

Hadisəni araşdıran bir detektiv Cenoveze cinayətində şahidlər tərəfindən təsvir edilən avtomobilin Mozlinin avtomobili ilə oxşar olduğunu xatırlayaraq bu barədə detektivlər Kerroll və Sanqa məlumat verdi. Mozli dindirilmə zamanı yalnız Cenovezenin deyil, həm də daha iki qadının qətlini etiraf etdi: bir neçə həftə əvvəl South Ozone Park ərazisində mənzilində güllələnərək yandırılmış Enni Mey Conson və 1963-cü ilin iyul ayında Sprinqfild Qardens bölgəsində valideynlərinin evində öldürülmüş 15 yaşlı Barbara Kralik.

Cinayətkar

Vinston Mozli Cenovezeni qətlə yetirərkən 29 yaşında idi. O, Kuins bələdiyyəsinin Ozone Park məhəlləsində yaşayırdı və həmin dövrdə Remington Rand şirkətində tab operatoru kimi çalışırdı. Onun işi əsasən o dövrdə rəqəmsal kompüterlərə məlumatların daxil edilməsi üçün istifadə olunan deşik kartların hazırlanması idi. Mozli evli idi, üç övladı var idi və əvvəllər heç bir cinayət törətməmişdi.

Nəzarətə alındıqdan sonra Mozli Cenovezeni qətlə yetirdiyini etiraf etdi. O, hücumun detalları barədə danışaraq hadisə yerindəki fiziki sübutlarla uyğunluq təşkil edən məlumatlar verdi. Cinayət motivi ilə bağlı isə Mozli sadəcə “bir qadını öldürmək istədiyini” bildirdi və qadınları seçməsinin səbəbini “onların müqavimət göstərməməsi və daha asan hədəf olmaları” ilə izah etdi. O, həmin gecə saat 02:00 radələrində yuxudan durduğunu, həyat yoldaşının gecə növbəsində tibb bacısı kimi işlədiyini və qurban axtarmaq məqsədilə Kuins ərazisində avtomobillə dolaşdığını demişdir.

Mozli Cenovezeni evə dönərkən görmüş, onu avtomobil dayanacağına qədər izləmiş və daha sonra qətlə yetirmişdi. O, həmçinin daha iki qadını öldürüb onlara qarşı cinsi zorakılıq etdiyini və ümumilikdə 30–40 arası oğurluq hadisəsi törətdiyini də etiraf etmişdir. Sonrakı psixiatrik ekspertizalar Mozlinin nekrofil olduğunu irəli sürmüşdür.

Məhkəmə prosesi Vinston Mozli yalnız Kitti Cenovezenin qətli üzrə ittiham olunmuş, digər iki qətlə görə ona qarşı rəsmi ittiham irəli sürülməmişdi. Polis üçün çətinlik yaradan amillərdən biri də Barbara Kralikin qətli ilə bağlı başqa bir şəxs — Elvin Mitçellin də etiraf ifadəsi verməsi idi.

Mozlinin məhkəməsi 1964-cü il iyunun 8-də başlamış və məhkəməyə hakim İrvin Şapiro sədrlik etmişdir. Əvvəlcə Mozli özünü günahkar bilmədiyini bildirmiş, lakin vəkili sonradan bu bəyanatı dəyişdirərək onun ruhi xəstəlik səbəbindən məsuliyyət daşımadığını əsas gətirmişdir. Məhkəmədə verdiyi ifadəsində Mozli yalnız Cenovezenin deyil, həmçinin digər iki qadının qətlini və bir sıra oğurluq və zorlamaları ətraflı şəkildə təsvir etmişdir.

15 iyun 1964-cü ildə Vinston Mozli Cenovezenin qətlinə görə ölüm cəzasına məhkum edilmişdir. Hökm oxunarkən Mozli heç bir emosiya göstərməmiş, lakin zaldakı bəzi tamaşaçılar alqışlamış və sevinclə qarşılamışlar. Hakim Şapiro isə hökmü elan edərkən demişdir: “Mən ölüm cəzasına inanmıram, amma belə bir vəhşi ilə qarşılaşdıqda, cəzanı özüm yerinə yetirməkdən çəkinməzdim.”

23 iyun 1964-cü ildə Mozli, Barbara Kralikin qətlinə görə mühakimə olunan lvin Mitçellin məhkəməsində müdafiə şahidi qismində ifadə vermişdir. Ona qarşı ittiham irəli sürülməməsi müqabilində Mozli Kraliki özünün öldürdüyünü etiraf etmişdir. Bu məhkəmədə münsiflər yekdil qərar verə bilməmiş, lakin ikinci məhkəmə prosesində Mitçell təqsirli bilinmişdir.