Sofiya Karmina Koppola () — ABŞ rejissoru və sabiq aktrisa. "Oskar", "Qızıl Qlobus", "Qızıl Şir" və Kann mükafatlarının sahibidir. "BAFTA" və "Praymtaym Emmi" mükafatlarına namizəd olmuşdur.

Valideynləri - kinorejissor Elinor və Frensis Ford Koppoladır. Aktrisalıq fəaliyyətinə 1972-ci ildə atasının "Xaç atası" kriminal dramında körpə rolu ilə başlamışdır. Bir sıra musiqi kliplərində iştirak etmiş, 1986-cı ildə "Peggi Syu ərə gedir" komediya filmində ikinci dərəcəli rol ifa etmişdir. 1990-cı ildə "Xaç atası 3" filmində Maykl Korleonenin qızı Meri Korleone obrazını canlandırmışdır.

S. Koppola rejissorluq fəaliyyətinə "Bakirə intiharları" (1999) gənclər dramı ilə başlamışdır. Kirsten Danst ilə ilk yaradıcılıq əməkdaşlığı məhz bu filmdə reallaşmışdır. Filmlərində Amerika cəmiyyətində tənhalıq, maddi vəziyyət, imtiyazlılıq, təcridolma, gənclik, qadınlıq və yeniyetməlik məsələləri əksini tapmışdır. "Tərcümə çətinlikləri" (2003) komediya-dramı üçün "Oskar" mükafatının "Ən yaxşı orijinal ssenari" kateqoriyasında təltif edilmiş, "Ən yaxşı rejissor" nominasiyasına təqdim edilən üçüncü qadın rejissor statusunu qazanmışdır. Sonrakı illərdə "Mariya Antuanetta" (2006) tarixi dramını, "Haradasa" (2010) ailə dramını, "The Bling Ring" (2013) satirik kriminal dramını, "Məczub olmuş" (2017) cənub qotik trillerini, "Uçurumun kənarında" (2020) komediyasını və "Prisilla" (2023) bioqrafik dramını ərsəyə gətirmişdir.

2015-ci ildə "Netflix" üçün hazırladığı "Əsl Mürrey Miladı" Milad musiqi-komediya xüsusi buraxılışı "Praymtaym Emmi" mükafatının "Ən yaxşı televiziya filmi" nominasiyasına layiq görülmüşdür.

Erkən həyatı Sofiya Ford Koppola 1971-ci il mayın 14-də Nyu-York şəhərində anadan olmuşdur. Sənədli film müəllifi Elinor Neil və kinematoqrafçı Frensis Ford Koppolanın sonbeşiyidir. Ata xətti ilə İtaliyanın Lukaniya və Neapol bölgələrindən olan nəslin davamçısıdır. Uşaqlıq illəri Kaliforniya ştatının Razerford ərazisindəki ailə təsərrüfatında keçmişdir. 15 yaşında "Chanel" şirkətində təcrübə proqramında iştirak etmişdir. 1990-cı ildə Müqəddəs Yelena orta məktəbini bitirmişdir. Mills kollecində təhsil almış, 1993–1994-cü tədris ilində rəssamlıq təhsili üçün Kaliforniya İncəsənət İnstitutuna köçürülmüşdür. Sonradan İncəsənət Mərkəzi Dizayn Kollecində Pol Yasminin rəhbərliyi altında təhsil almışdır. Ali təhsilini başa vurmadan "Milkfed" adlı geyim istehsalı müəssisəsi təsis etmişdir. Hazırda məhsulları yalnız Yaponiya bazarında realizə olunur.

S. Koppola uşaqlıq və yeniyetməlik dövründə moda, fotoqrafiya, musiqi və dizayn sahələri ilə məşğul olmuşdur. İbtidai mərhələdə onun kinematoqrafiya sahəsinə yönəlmək niyyəti olmamışdır. 1998-ci ildə "Ulduzdan dad al" adlı ilk qısametrajlı filmini çəkdikdən sonra bu sənətin onun maraq dairəsindəki bütün elementləri özündə ehtiva etdiyini müəyyənləşdirmiş və rejissorluq fəaliyyətini davam etdirmək qərarına gəlmişdir.

Şəxsi həyatı

1992-ci ildə S. Koppola kinorejissor Spayk Cons ilə görüşmüş, 1999-cu ildə nikaha daxil olmuş və 2003-cü ildə nikahlarını pozmuşlar. Rəsmi məlumatda S. Koppolanın mətbuat xidməti boşanma qərarının təəssüf hissi ilə qəbul edildiyini qeyd etmişdir. "Tərcümə çətinlikləri" filmindəki baş qəhrəmanın həyat yoldaşı obrazının S. Consun prototipi olduğu məlumdur. Bunu S. Koppola filmin nümayişindən sonra təsdiqləmiş və bildirmişdir ki, "obrazda S. Consun və yaşanmış hadisələrin müəyyən elementləri əks olunmuşdur".

2003–2005-ci illərdə S. Koppola Kventin Tarantino ilə münasibətdə olmuşdur. Münasibətlərinə son qoyduqdan sonra onlar arasında dostluq əlaqələri davam etmişdir.

S. Koppola musiqiçi Tomas Mars ilə 27.08.2011 tarixində İtaliyanın Bernalda şəhərində, "Palazzo Margherita" sarayında nikah bağlamışdır. İlk tanışlıqları "Bakirə intiharları" filminin musiqi tərtibatı zamanı baş tutmuşdur. Nikahdan iki övladları dünyaya gəlmişdir: qardaşı Romanın şərəfinə adlandırdığı Romi (28.11.2006) və Kosima (may, 2010). Ailə 2010-cu ilədək Parisdə məskunlaşmış, sonra Nyu-Yorka köçmüşdür.

S. Koppola ictimai diqqətdən kənar həyat tərzi seçmiş, övladlarının onun peşə fəaliyyətindən və səfərlərindən təsirlənməməsinə səy göstərmişdir. Övladlarını ictimai diqqətdən kənar saxlamaq seçiminin şəxsi təcrübəsindən irəli gəlib-gəlmədiyi sualına cavab olaraq bildirmişdir ki, övladlarının həyata qarşı biganə yanaşmasını məqbul saymır.

Filmoqrafiya Filmlər İl Ad Rejissor Ssenari müəllifi Prodüser Qeydlər 1989 Nyu-York qissələri Seqment: "Zoi olmayan ömür" 1998 Ulduzdan dad al Qısametrajlı film 1999 Bakirə intiharları 2003 Tərcümə çətinlikləri 2006 Mariya Antuanetta 2010 Haradasa 2013 The Bling Ring 2017 Məczub olmuş 2020 Uçurumun kənarında 2023 Nağıllar ölkəsi Prisilla 2025 Sofiyadan Mark Sənədli film

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sezar mükafatı laureatları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Kaliforniya ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Qızıl Qlobus mükafatı laureatı prodüserlər Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:XXI əsr aktrisaları