Riçard Evans Şults (, ) — amerikalı botanik, müasir etnobotanikanın banisi hesab olunur.

Şults ənənəvi enteogenlərin və ya hallüsinogen bitkilərin istifadəsinə dair tədqiqatlar aparmışdır. O bu tədqiqatlarını xüsusilə də Amazon çayı ətrafında həyata keçirmişdir.

O, Harvard Universitetində dərs demiş, bir sıra məşhur kitabların müəllifi olmuşdur. 1987-ci ildə Tayler mükafatına layiq görülmüş, 1988-ci ildə isə Nailiyyətlər Akademiyası () tərəfindən Qızıl Lövhə Mükafatı () ilə təltif edilmişdir.

Bioqrafiya

Şults 1934–1941-ci illərdə Harvard Universitetində təhsil almışdır. 1937-ci ildə biologiya üzrə bakalavr dərəcəsi, 1938-ci ildə biologiya üzrə incəsənət magistri, 1941-ci ildə isə botanika üzrə doktorluq dərəcəsi almışdır.

Tələbəlik illərində o, Meksika mənşəli hallüsinogen bitkilərin, o cümlədən Oklahomanın Kayova () tayfası arasında rituallarda istifadə olunan və mezkalin tərkibli peyotl kaktusunun tətbiqini tədqiq etmişdir.

1941-ci ildə o, kurare hazırlanmasında istifadə olunan bitkiləri öyrənmək məqsədilə sahə tədqiqatları aparmışdır. ABŞ-nin İkinci Dünya müharibəsinə qoşulmasından sonra hökumət onu təbii kauçukun alternativ mənbələrinin tədqiq edilməsinə cəlb etmişdir. Şults kauçuk verən hevea ağacının () 3500-dən çox nümunəsini yığmış və öyrənmişdir.

1950-ci illərin əvvəllərinədək Şults demək olar ki, daimi olaraq Cənubi Amerikanın rütubətli ekvatorial meşələrində yaşamışdır. Yerli bitki növləri barədə mümkün qədər çox məlumat əldə etmək üçün o, müntəzəm olaraq yerli hindi şamanlarına müraciət etmişdir. Şults qeyd edirdi ki, şamanlar bitkilərin müalicəvi xüsusiyyətləri haqqında biliklərini yad insanlarla bölüşməyə meyllidirlər, lakin hindilərin botaniki bilikləri çox vaxt bitkilərin özündən də sürətlə yox olur.

1953-cü ildə Şults ABŞ-yə qayıdaraq Harvard Universitetində fəaliyyətə başlamışdır. Altı il sonra o, opera müğənnisi Doroti Krouford Makneil () ilə ailə həyatı qurmuşdur. Onların üç övladı olmuşdur.

Professor Şults 1985-ci ildə Harvard Universitetindən təqaüdə çıxmışdır.

1992-ci ildə isə o, "Bəşəriyyətə xəbərdarlıq" () sənədinə imza atmışdır.

İstinadlar

Xarici keçidlər

Mark Plotkin (2022). Richard Evans Schultes: Brief life of a pioneering ethnobotanist and conservationist: 1915-2001. Harvard Magazine Mark Plotkin (2022). The Life of a Harvard Ethnobotanist: Richard Evans Schultes. Harvard Magazine. (Video) Audio of Richard Evans Schultes on Hallucinogenic Plants The Richard E. Schultes Research Award Harvard Gazette

A Tribute to Richard Schultes American Ethnography -- The appeal of peyote (Lophophora Williamsii) as a medicine Photo of Richard E. Schultes

The Amazonian Travels of Richard Evans Schultes Luis Sequeira, "Richard Evans Schultes", Biographical Memoirs of the National Academy of Sciences (2006)

Kateqoriya:Botanika taksonlarının müəllifləri