Əbu Haşim Xalid ibn Yezid ibn Muaviyyə ibn Əbu Süfyan əl-Əməvi (; ) — müsəlman cəmiyyətində tərcüməçilik hərəkatının banisi və kimya elminin qabaqcıllarından olan Əməvi əmiri.

Bioqrafiyası Köklü nəslə mənsub olduğu üçün Ömər ibn Nueym əl-Ənsi tərəfindən yetişdirilib. Cəbiyədə baş tutan toplantıda xəlifəliyə namizəd göstərilsə də, xəlifə ola bilməyib. Xəlifə seçilən Mərvan, Xalidi neytrallaşdırmaq üçün ona özündən sonra xəlifə olacağı vədini verərək anası Fətihə ilə evlənir. Lakin vədinə xilaf çıxaraq oğlu Əbdülməliki vəliəhd elan edir. Vəliəhdlikdən ümidini üzən Xalidin könlünü almaq məqsədilə Əbdülməlik onu öz bacısı Aişə ilə evləndirir və Hüms valisi təyin edir. Ömrünün axırına kimi bu vəzifəni yerinə yetirən Xalid, hicri 85 və ya 86-cı (704 və ya 705) ildə Hümsdə vəfat edir və sarayının yanındakı məscidin xərizəsinə dəfn edilir.

Mənbələr onun çox ağıllı, cəsur, əliaçıq və dindar bir şəxs olduğunu qeyd ediblər. Onun güclü bir natiq olduğu məlumdur. Klassik müəlliflər onun kimyanı şeirlə tərənnüm edəcək qədər məharətli bir şair olduğunu qeyd ediblər. Həmçinin mənbələr onun xanımı Rəmlə bint Zübeyr ibn Əvvama yazdığı şeirlərdən təriflə bəhs ediblər. Lakin onun satirik şeirləri həvəskar cəhdlər hesab olunmuşdur.

Elmi fəaliyyəti

Hədis Hədis rəvayəti ilə də maraqlanan Xalid, ikinci təbəqədən olan mühəddis hesab olunsa da, rəvayət etdiyi hədislərin sayı 5-dir.

Kimiya Elm tarixində onun mühüm şəxs hesab olunmasının əsas səbəbi kimiya üzrə apardığı təcrübələrdir. Bəzi mənbələrin nəql etdiyinə görə Xalid, xəlifə Mərvanı devirmək üçün müxtəlif yollar axtarmış və bunun üçün lazım olan vəsaiti metalları qızıla və gümüşə çevirməklə əldə edəcəyini düşünərək kimiya sahəsinə yönəlmişdir. O, iskəndəriyyəli rahib Marianosu (Marianos Romenus) Suriyaya dəvət edərək, mövzu ilə bağlı yunanca və qipticədən əsərləri ona tərcümə etdirmişdir. Xalid, həmçinin iskəndəriyyəli Stefona da astronomiya, kimiya və tiblə bağlı əsərləri tərcümə etdirmişdir.

Marianosa tələbəlik də edən Xalid, kimiya başda olmaqla əqli elmlər sahəsində mühüm bir şəxsiyyət olaraq yetişmiş və müsəlman cəmiyyətində "ilk müsəlman filosof", "hakimu Bəni-Ümeyyə" titullarına yiyələnmişdir. İsfahani onun haqqında "Xalid kimiya ilə məşğul olmaqla ömrünü boş yerə sərf etmişdir" desə də, bu mövzuda ən qədim mənbə sayılan Cahiz və sonrakı müəlliflər ondan təriflə bəhs etmişlər. Qazı Səid əl-Əndəlusiyə görə isə, o kimiya və tibb sahələrində geniş biliyə malik olan və kimya ilə tibb arasındakı əlaqəni ilk müəyyən edən alimdir. Xüsusilə bir mübahisə zamanı Xalid, Əbdülməlik ibn Mərvana "İstəyirsənsə, dənizin duzlu suyunu təmizləyib şirin suya çevirim" deməsi, onun həqiqətən də kimyanı bildiyinə dəlil hesab edilə bilər.

Əsərləri Mənbələrdə ona nisbət olunan əsərlərin sayı 8-dir. Fuad Sezgin isə apardığı tədqiqatlar nəticəsində bu əsərlərin sayının 15-ə yaxın olduğunu təsbit etmişdir. Lakin müasir dövrdə bu əsərlərin hamısının ona məxsus olması müzakirə mövzusu olmuşdur.

Kitabu Firdövsil-hikmə. İbn ən-Nədim kimya sahəsinə aid olan bu əsərin 500 vərəqlik bir nüsxəsini gördüyünü demişdir. Katib Çələbi bu əsərin 2315 beytdən ibarət olduğu qeyd etmişdir. C. Ferdinand Ruska isə bu əsərin sonrakı dövrlərdə yaşamış başqa bir şəxsə aid olduğunu, əsl müəllifin adının silinərək yerinə Xalidin adının yazıldığını iddia etmişdir.

Risalə fil-kimya. Bu risalə ümumi olaraq sual-cavab şəklində qələmə alınmış olub, özündə Marianos və Xalidin görüşlərini ehtiva edir (Süleymaniyyə kitabxanası, Fateh, nömrə 3227). Mənbələrdə ona nisbət olunan digər əsərlər bunlardır: Kitabül-Hərarət, Kitabüs-Səhifətil-kəbir, Kitabüs-Səhifətis-sağir, əs-Sirrül-bədi fi fələkir-rəmzil-məni, Səlasü rəsail fis-səna, Kitab Vəsiyyətühu iləbnihi fis-səna.

İstinadlar

Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Əməvi sərkərdələri