Şeyxəli xanın Quba xanlığını bərpa cəhdi (1811) və ya Şeyxəli xanın 1811-ci il hərbi kampaniyası — Quba xanlığının sonuncu xanı Şeyxəli xan tərəfindən 1811-ci ildə Rusiya İmperiyasına qarşı aparılmış hərbi əməliyyatlar silsiləsi. Kampaniya Tabasaran, Quba, Cibir, Rustov və Çiçi istiqamətlərində baş verən döyüşləri, həmçinin Xuçni qalasının və Quba xanlığının ələ keçirilməsi ilə nəticələnən hücumları özündə ehtiva edirdi.
Tarixi şərait
1804–1813-cü illər Rusiya–İran müharibəsi fonunda Qafqaz regionunda siyasi vəziyyət gərginləşmişdi. Quba xanı Şeyxəli Rusiya hakimiyyətinə qarşı çıxaraq müxtəlif Dağıstan icmaları ilə müttəfiqlik yaratmağa çalışırdı. 1810-cu ildə Quba üsyanı məğlubiyyətə uğradı, lakin Quba xanı Rusiya ilə döyüşməkdə davam edirdi. Beləliklə, 1811-ci ildə o, müttəfiq qüvvələrlə yenidən Qubaya hakim olmaq və bölgədə rus nəzarətini zəiflətmək məqsədilə genişmiqyaslı hücumlara başladı.
Kampaniyanın əsas mərhələləri
Xuçninin ələ keçirilməsi Quba xanı Şeyxəli xan yalnız Rusiya qoşunlarına qarşı deyil, həm də onun hakimiyyətini qəbul etməyən bir sıra dağ feodallarına qarşı mübarizə aparmalı olurdu. Quba üsyanının yatırılmasından sonra Tabasaranın mərhum qazısı Rüstəmin qardaşı, rus ordusunun polkovniki Qazı Məhəmməd Tabasarani taxtdan uzaqlaşdırılmış Şeyxəli xana qarşı çıxış etdi. Şeyxəli xan Quba və Dərbənd dəstələrinə əlavə olaraq Aquşa döyüşçülərindən və digər dağlılardan ibarət təxminən 3 min nəfərlik qoşun topladı. O, Xuçni kəndi yaxınlığında mövqe tutmuş Qazı Məhəmmədi hücumla zərərsizləşdirməyi planlaşdırdı. Lakin müttəfiqlər hücuma qatılmaqdan çəkinmiş, Şeyxəli xan isə yalnız qubalı və dərbəndli döyüşçülərlə irəliləyərək Xuçni qalasını ələ keçirməyə nail olub, burada möhkəmlənmiş və Quba üzərində zərbə planı hazırlamağa başlamışdı. Şeyxəli xan bu qələbədən sonra, dağlara çəkilməyi bacaran Qazi Məhəmmədin yerinə Tabasaran qazılığı kimi yüksək vəzifəni qohumu və müttəfiqi Abdulla bəyə verdi.
General Repin 1811-ci il oktyabrın 16-da markiz Pauluççiyə Şeyxəli xanın öz ətrafına 6000 nəfər topladığını və yenidən Qubaya hücum etmək istədiyini yazmışdı.
Quba xanlığının ələ keçirilməsi Xuçnidən sonra Şeyxəli xan hücumu genişləndirərək Quba xanlığının bir hissəsini müvəqqəti olaraq nəzarət altına aldı. Bu, 1806-cı ildən etibarən rusların bölgədə qurduğu inzibati nəzarəti ciddi şəkildə sarsıtdı.
Cibir döyüşü Kampaniyanın növbəti mərhələsində Şeyxəli xanın qüvvələri Cibir kəndi yaxınlığında rus dəstələri ilə toqquşdu. Döyüş şiddətli olmuş, ruslar bölgədə əlavə hərbi dəstələrin yerləşdirilməsinə məcbur qalmışdılar.
Rusiya tərəfi Surxay və Şeyxəli xanın hərbi planları və qüvvə toplama prosesi barədə məlumat əldə etdi. Təyin olunmuş marşrutla irəliləyən Rusiya hərbi kontingenti Samurçaya çatdıqda, hələ düşmənlə qarşılaşmadan belə Dərbənddən əlavə dəstək tələb etmək zərurəti hiss etdi. Bu səbəbdən, kontingent bir neçə ay ərzində ərazidə ləngiyərək, 1811-ci ilin sentyabrında Tabasaranın ələ keçirilməsini passiv şəkildə müşahidə etdi. Komandanlığın müraciətindən sonra dəstə komandiri nəhayət Samurçayı keçmək qərarını verdi. Lakin, 1811-ci ilin noyabrında Əcəxur yaxınlığında dəstə məğlubiyyətə uğradı və böyük itkilərlə geri çəkilməyə məcbur oldu, nəticədə Quba xanlığı yenidən Şeyxəli xanın nəzarəti altına düşdü.
Bundan sonra, Şeyxəli xan, Aquşa qazisi Əbubəkrin dəstəyi və həmçinin İrandan göndərilən maliyyə vəsaitləri hesabına Aquşa, Mehdioğlu, Tabasaran və Qazıqumuq bölgələrindən topladığı təxminən 8 min nəfərlik ordu ilə Quba xanlığı ərazisinə yürüş etdi. Bu yürüşdə Qazıqumuqlu II Surxay xanın oğlu – Quba xanının keçmiş müttəfiqi Nuh bəy də iştirak edirdi. Samurçay sahilində yerləşən Məhərrəmkənd kəndinin sakinləri yüz atlıdan ibarət bir dəstəni Tabasarana göndərərək onların üzərinə gəlməkdə olan rus qoşununa qarşı döyüşmək üçün Cibir kəndində mövqe tutdular. Döyüşün gedişində ruslarla birlikdə olan bəzi Quba bəyləri rus ordusunu Şeyxəli xanın qüvvələrinin “tələsinə salmaq” üçün gizli plan hazırlamışdılar. Lakin rus qoşununun komandanı general Quryev bu niyyəti vaxtında anlayaraq, yerli qubalıların göstərdiyi qərb istiqamətindən deyil, müdafiə üçün daha əlverişli olan şərq istiqamətindən Şeyxəli xanın qüvvələrinə yaxınlaşdı. Buna baxmayaraq, rus ordusu mövqeləri ələ keçirə bilmədi və Quryev geri çəkilərək Zeyxur kəndinə doğru hərəkət etdi. Quba şəhəri və Zeyxur kəndi istisna olmaqla Quba əyalətinin böyük hissəsi yenidən Şeyxəli xanın nəzarəti altına keçdi. Yerli əhali bir daha ruslara qarşı üsyana qalxdı. 1811-ci il noyabrın 6-da general Quryevin 1348 nəfərlik qoşunu, bir neçə kazak və yerli atlı dəstələri ilə birlikdə Zeyxur kəndi yaxınlığında mühasirəyə düşdü və Şeyxəli xanın qüvvələri tərəfindən darmadağın edildi. Rus mənbələrinin etirafına görə, onların itkiləri 317 nəfərə çatmışdı.
Rusiya hərbi kontingentinin məğlubiyyətinin təfərrüatları General Xotuntsov tərəfindən markiz Pauluççiyə ünvanlanmış məxfi raportda daha ətraflı şərh edilmişdir. Bu döyüş Rusiya ordusu üçün ciddi itki kimi qiymətləndirilirdi. Rus generalı öz hesabatında qeyd edirdi:"Tərəfimizdən öldürülən və yaralananların sayı 300 nəfərə yaxındır. Bundan əlavə, külli miqdarda silah və döyüş ləvazimatı itirilmiş, 500 nəfərdən çox rus əsgəri əsir düşmüş və nəticədə düşmən bizim sərhədlərimizə (yəni Quba xanlığının ərazisinə) daxil olmuşdur."Qeyd etmək lazımdır ki, Şeyxəli xanın Quba xanlığı sərhədlərində görünməsi ilə əlaqədar yerli əhali arasında kütləvi üsyan yenidən baş qaldırmışdı. Bu məğlubiyyətdən sonra Şeyxəli xan Quba əyalətini Rustovdan idarə etməyə başladı.
Dağıstanın Qarakürə kəndində tapılmış, Şeyxəli xanın 1811-ci il dekabr yürüşünə dair ərəbdilli əlyazmanın tərcüməsi:"Bu, gələcək üçün bir xatirədir. Şeyx Əli Xan Aquşa, Tsudaxar və Dargin dairələrindən Dağıstan qoşunlarının böyük bir hissəsini topladı. Onlar Kürə vilayətinə gəldilər və nəcib əmir Surxay Xanla məşvərətə girdilər. Adı çəkilən əmir razılaşdı və öz alaylarını göndərdi, onlara oğlu Nuh Bəyi başçı təyin etdi. Onlar Samur çayını keçərək Cəba (Cibir) kəndində məskunlaşdılar və orada iki gün qaldılar. Sonra üçüncü gün kafirlər (yəni, ruslar) onların üzərinə gəldilər. Onlar bu kafirlərlə sübh tezdən gün batana qədər döyüşdülər. Kafirlərin qoşunları darmadağın edildi, onlardan yeddi yüz silahlı kişi öldürüldü, silahları və atları qənimət olaraq götürüldü. Kafirlər daha sonra Zeyxur kəndinə qayıtdılar və on beş gün orada qaldılar. Şeyx Əli Xan Cəba kəndindən sonra Rustov kəndinə getdi. Şirvandan lənətə gəlmiş (düşmən) həmin kəndə gəldi və orada böyük bir döyüş baş verdi. Hicri 1227-ci ilin zilhiccə ayında müsəlman alayları məğlubiyyətə uğradıldı."
Rustov döyüşü 1811-ci ildə baş vermiş daha mühüm qarşıdurmalardan biri Rustov kəndində baş verən döyüşü idi. Qeyd etmək lazımdır ki, Şeyxəli xanın 2 ay yaşadığı Rustov mahalı, xanın tərəfdarlarının mərkəzinə çevrilmişdir. Məhz buradan, Şeyxəli xan Quba ərazisində rus mövqelərinə qarşı növbəti zərbəni endirdi. Döyüş nəticəsində tərəflər ciddi itkilər versə də, ərazi nəzarəti müvəqqəti olaraq dəfələrlə əldən-ələ keçmişdi.
Rus general və zabitləri ciddi təşvişə düşərək Şeyxəli xana qarşı mübarizə üçün əlavə qüvvələr səfərbər etdilər. General-mayor Xotuntsov yeni qüvvələrlə - iki piyada batalyonu və süvari polku ilə Rustova doğru yürüş etdi, onlara Şeyxəli xana qarşı vuruşan Qazıqumuq xanı Aslan xanın dəstəsi də qoşuldu. 1811-ci il noyabrın 22-də Rustov yaxınlığında baş vermiş döyüşdə Şeyxəli xan məğlubiyyətə uğradı. Rusiya mənbələrinin məlumatına görə, döyüş 4 saat davam etdi, hər iki tərəf ağır itkilərlə üzləşdi, üsyançılar döyüş meydanında 100-dən çox meyit qoyub, 30 döyüş bayrağını itirərək geri çəkildilər. Ümumilikdə isə üsyançılardan 600 nəfərin öldüyü, iki dəfə artıq sayda döyüşçünün yaralandığı bildirilir. Rus mənbələrinə görə, rus ordusu bu döyüşdə 92 nəfər ölü və 24 nəfər yaralı itirmişdi. Həmin döyüşdə dağlılar da ağır itkilər verdilər və Aquşa qazisi Əbubəkr həlak oldu.
Bu məğlubiyyətdən sonra rus qoşunları hücumu davam etdirərək dekabr ayında , və Kürə xanlığının mərkəzi olan Kürə qalasını ələ keçirdilər.
Nəticələr Şeyxəli xanın 1811-ci il hücumu Qafqazda rus hakimiyyətinə qarşı ən genişmiqyaslı mübarizə mərhələlərindən biri oldu. Xuçni və Quba daxil olmaqla bir sıra strateji ərazilər müvəqqəti olaraq rus nəzarətindən çıxdı. Rusiya cavab tədbiri olaraq bölgəyə əlavə qoşun və zabit heyəti göndərdi və 1812–1813-cü illərdə Şeyxəli xana qarşı daha güclü hərbi əməliyyatlara başladı. Kampaniya nəticəsində Şeyxəli xan geniş dəstək toplasa da, uzunmüddətli üstünlük qazana bilmədi və sonrakı illərdə mübarizə daha çox dağlıq ərazilərdə davam etdi.
1806–1811-ci illərdə Şeyxəli xanın rəhbərlik etdiyi partizan-reyd xarakterli müqavimət hərəkatı davamlılığı, coğrafi əhatə dairəsi və səfərbər etdiyi insan resurslarının miqyası baxımından Rusiyanın işğalının ilkin mərhələsində Azərbaycan və Dağıstanda baş vermiş ən iri müstəmləkəçilik əleyhinə çıxışlardan biri hesab olunur və taktiki xüsusiyyətlərinə görə 1817-ci ildə başlanmış Qafqaz müharibəsinin gedişini müəyyən mənada qabaqlamışdır.
Mənbə
İstinadlar
Ədəbiyyat
Həmçinin bax
Alpan döyüşü Başlı döyüşü 1819-cu il Şeyxəli xanın Quba həmləsi Levaşi döyüşü
Kateqoriya:Qafqaz tarixi Kateqoriya:1811-ci ildəki hadisələr Kateqoriya:Rusiyanın müharibələri