Əlövsət Qaraça oğlu Əliyev (8 yanvar, 1956) — Azərbaycanlı alim, texnika elmlər doktoru, professor, AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiridir.

Həyatı və Fəaliyyəti

Əlövsət Əliyev 1956-cı il yanvarın 8-də anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" fakültəsini bitirərək Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda işə başlamışdır.

1982–1987-ci illərdə AEA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində proqramçı, mühəndis, aparıcı mühəndis, 1988-ci ildən qrup rəhbəri, 1989-cu ildən sektor müdiri, 1990-cı ildən laboratoriya müdiri vəzifələrində çalışmışdır.

2003-cü ildən İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiridir.

Elmi fəaliyyəti 1982-ci ildə AEA Kibernetika İnstitutunun aspiranturasına daxil olmuş və 1986-cı ildə dissertasiya müdafiə etmişdir. O, 08.00.13 ixtisası üzrə iqtisad elmləri namizədi (indiki iqtisad üzrə fəlsəfə doktoru, "Ekonometriya, iqtisadi statistika") olmuşdur və 2004-cü ildən 05.13.01 ixtisası üzrə dosentdir.

1977–1990-cı illərdə "RAİS-Azərbaycan" sisteminin layihələndirilməsi və yaradılması ilə bağlı mühüm işlərin məsul icraçısı və rəhbəri olmuşdur. 1991–2000-ci illərdə müxtəlif idarəetmə, iqtisadiyyat, ekoloji və tibbi informasiya sistemlərinin yaradılması, İKT sahəsinin iqtisadi-riyazi problemləri, makroiqtisadi proseslərin formalaşması və tənzimlənməsi, sosial və təhsil sahələrində yeni informasiya texnologiyalarının tətbiqi sahəsində elmi-tədqiqat işi aparmışdır.

2000-ci ildən sonra İnformasiya Cəmiyyəti iqtisadiyyatının formalaşması, informasiya-rəqəmsal iqtisadiyyatın makro, mikro, regional və sahə səviyyəsində xüsusiyyətləri, İKT-nin tətbiqi və sosial-iqtisadi sistemlərdə rəqəmsallaşma problemləri ilə bağlı elmi fəaliyyət göstərir. O, "E-Azərbaycan" Dövlət Proqramının hazırlanmasında, İC və rəqəmsal iqtisadiyyat üzrə göstəricilər sisteminin işlənilməsində fəal iştirak etmişdir.

Tədris fəaliyyəti 1987–1997-ci illərdə ADNA-da baş müəllim və dosent, Mingəçevir Politexnik İnstitutunda dosent, BDU-da dosent, Azərbaycan İctimai-Siyasi Universitetində dosent, 1997-ci ildən "Ekonomiks" təhsil mərkəzində rəhbər və dosent, 2003–2008-ci illərdə AMEA İTİ Tədris-İnnovasiya Mərkəzində humanitar bölmənin kuratoru olmuşdur.

O, həmçinin İnformasiya Cəmiyyəti, informasiya-rəqəmsal və biliklər iqtisadiyyatının formalaşması problemlərinin nəzəri və praktiki tədqiqi, elektron-kommersiya, yaşıl, inklüziv və kibertəhlükəsiz texnologiyaların tətbiqi, MİS-in formalaşması və innovasiya müəssisələrinin yaradılması sahələrində fəaliyyət göstərir.

Əsərləri Əlövsət Əliyev 7 kitabın və 4 monoqrafiyanın müəllifidir. Ümumi elmi əsərlərinin sayı 350-dən çoxdur, o cümlədən xaricdə və respublikada dərc olunmuş məqalələr, konfrans materialları, elmi-kütləvi jurnal və qəzet materialları.

Təltiflər Uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

İstinadlar

Kateqoriya:1956-cı ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Azərbaycanlı iqtisadçılar Kateqoriya:Azərbaycan professorları