“Çıraq” Kiçik Su Elektrik Stansiyaları — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda yerləşən və “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yenidən qurulmuş iki su elektrik stansiyasından ibarət hidroenerji kompleksi. Kompleksə “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik Stansiyaları daxildir.
Tarixi 27 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında aparılan yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
“Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik Stansiyalarının açılışı 25 avqust 2023-cü il tarixində baş tutmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.
Texniki xüsusiyyətlər
Çıraq-1 Stansiyanın qoyuluş gücü 8,33 meqavatdır. Obyekt tamamilə yenidən qurularaq Avropa istehsalı olan müasir ekoturbinlər, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri ilə təchiz edilmişdir. Ekoloji axımın qorunması məqsədilə derivasiya boruları subasar zonadan yuxarı hissədə yerləşdirilmiş, sel suları nəzərə alınmaqla idarəolunan baş suqəbuledici qurğu inşa edilmişdir.
“Çıraq-1” stansiyasının ərazisində 110 kV-luq açıq paylayıcı qurğu tikilmiş, 35 kilometr uzunluğunda 35 kV-luq “İstisu” elektrik verilişi xətti yenidən qurularaq yarımstansiyaya qoşulmuşdur. Həmin yarımstansiya eyni zamanda “Çıraq-2” və “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyalarında istehsal olunan enerjinin ölkənin enerjisisteminə ötürülməsini təmin edir.
Çıraq-2 Çıraq-2 Kiçik Su Elektrik Stansiyası Qaraarxac çayı üzərində yerləşir və 3,6 meqavat qoyuluş gücünə malikdir. Stansiya yenidən qurulmuş baş suqəbuledici qurğuya, təxminən 3 kilometr uzunluğunda derivasiya boru xəttinə və müasir maşın zalına malikdir. Burada bir ədəd Avropa istehsalı olan yaşıl sertifikatlı ekoturbin, generator və avtomatik idarəetmə panelləri quraşdırılmışdır.
Hər iki stansiya mərkəzləşdirilmiş SCADA sistemi vasitəsilə enerjisistemə tam inteqrasiya olunmuş və məsafədən idarəetmə imkanları ilə təmin edilmişdir. “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik Stansiyalarında il ərzində ümumilikdə təxminən 35 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.
İstinadlar
Kateqoriya:Azərbaycan su-elektrik stansiyaları Kateqoriya:Kəlbəcər rayonu