1876-cı ildə Osmanlı imperiyasında dövlət çevrilişi — 30 may 1876-cı ildə Osmanlı imperiyasının paytaxtı İstanbulda baş tutmuş dövlət çevrilişi. Bu çevriliş nəticəsində Osmanlı imperiyasının sultanı Əbdüləziz taxtdan salınmış və ardınca V Murad sultan təyin olunmuşdur. Osmanlı imperiyası növbəti iki il ərzində Midhat Paşanın öndərliyi ilə konstitusiya komitəsinin hökmranlığı altında olmuşdur. Bu dövr Birinci Məşrutiyyət dövrü kimi tanınmışdır.
Zəmin Sultan Əbdüləziz dövründə imperiya 1873-cü və 1874-cü illərdə Anadoluda baş vermiş fəlakətli quraqlıq və daşqınlar səbəbindən böyük maliyyə çətinlikləri yaşayırdı. Gəlir əldə etmək məqsədilə hökumət sağ qalan əhaliyə vergiləri artırmış və bu, xalq arasında narazılıq doğurmuşdur. Maliyyə çətinlikləri 1873-cü il qlobal birja böhranı ilə daha da ağırlaşmışdır. Əhali arasında narazılıq artmış və nəticədə Balkanlarda xristian kəndlilər arasında bir sıra üsyanlar baş vermişdir. Bosniya və Herseqovina üsyanlarla ilk üzləşən bölgələr olmuş, 1876-cı ildə isə onu Bolqarıstan izləmişdir. Xüsusilə Bolqarıstanda Osmanlı qüvvələri tərəfindən törədildiyi iddia olunan qətliamlar Rusiyanın diqqətindən yayınmamış və 24 aprel 1877-ci ildə Osmanlı imperiyasına qarşı müharibəyə başlamışdır.
Karolin Finkelə görə, "Osmanlı müsəlmanlarının çoxluğunun yaşadığı dərin mədəni pozulma və alçaldılma bu məqamda hökumətin xarici güclərə güzəştə getməsinə qarşı kəskin tənqidlərlə ifadə olunmuşdur". "Yeni osmanlılar" hərəkatından olan Namiq Kamaldan əvvəl Osmanlı imperiyasında görünməmiş bu milliyyətçi hisslərin Osmanlı türklərinə təsiri o qədər dərin idi ki, Kamalın "İbret" qəzeti bağlanmış və onun özü ikinci dəfə imperiyadan sürgün edilmişdir. Bu ikinci sürgün zamanı Kamal Kiprin Famaqusta şəhərində yerləşən Namiq Kamal zindanı kimi tanınan bir binada sığınacaq tapmış və 1876-cı ilə qədər orada qalmışdır. Bundan sonra Əbüzziya Tofiq bir neçə digər qısamüddətli qəzetləri redaktə və çap etdirmişdir. 1873-cü ildə Namiq Kamal ilə əlaqələri və onun əsərlərinin dərx olunmasında roluna görə "İbret" nəşrində müəlliflərdən biri olan Əhməd Midhət Əfəndi ilə birlikdə Rodosa sürgün olunmuşdur. Bundan başqa, çətin mühit səbəbindən "yeni osmanlılar" indi dinləyici kütləyə malik olmuş və tezliklə hərəkətə keçmişdilər.
Çevriliş 30 may 1876-cı ildə Midhat Paşa da daxil olmaqla bir qrup aparıcı Osmanlı siyasətçisi hərbi çevriliş təşkil etmiş, Sultan Əbdüləzizi devirmişdilər. Bu çevrilişin nəticəsi olaraq, "yeni osmanlılar" ilə yaxın olan şahzadə Murad taxta çıxarılmışdır. Əbdüləzizin taxtdan düşməsindən sonra bir çox "yeni osmanlılar" nümayəndəsi İstanbula qayıtmış və onların bəziləri dövlət orqanlarında müxtəlif vəzifələrə təyin olunmuş, V Muradın taxta çıxmasını dəstəkləmişdir.
Nəticəsi 15 iyun 1876-cı ildə Çərkəs Həsən adlı Osmanlı piyada zabiti bütün baş nazirlərin iştirak etdiyi Midhat Paşanın malikanəsində keçirilən iclasa hücum etmişdir. Hərb naziri Hüseyn Avni Paşa güllələnmiş, Xarici İşlər naziri Rəşid Paşa və Midhatın xidmətçilərindən biri olan Əhməd Ağa öldürülmüşdür. Ümumilikdə 5 nəfər həlak olmuş, 10 nəfər yaralanmış və Həsən bu cinayətə görə edam cəzasına məhkum edilmişdir.
Hər halda, Murad konstitusiya tətbiq edəcəyinə söz vermiş, lakin islahatlara ehtiyatlı yanaşmanı müdafiə edən sədrəzəm Rüşdi Paşanı dinləməyə başlamışdır. Sultan Əbdüləzizin iddia olunan intiharından sonra Sultan Muradın ruhi vəziyyəti sürətlə pisləşmiş və o, alkoqolizm ilə üzləşmişdir. Dayısının intiharı və kabinetinin bir neçə üzvünün qətli onun ağır sinir böhranına səbəb olmuşdur. Nəticədə, taxtda cəmi üç aydan sonra Murad idarəetməyə qadir olmadığı elan edilmiş, kiçik qardaşı Həmid Əfəndi ilə əvəz olunmuş və o, 1 sentyabr 1876-cı ildə Sultan II Əbdülhəmid kimi taxta çıxmışdır. Əbdülhəmid Muradın Bosfor boğazının sahilində yerləşən Çırağan sarayına köçürülməsini əmr etmişdir. Namiq Kamal kimi bir çox "yeni osmanlılar" nümayəndəsi V Muradın taxtdan endirilməsinə öz etirazlarını bildirmiş və Muradın Qərb siyasi baxışlarını dəstəkləməyə davam etmişdir.
Birinci Məşrutiyyət dövrü 23 dekabr 1876-cı ildə Sultan II Əbdülhəmidin Midhat Paşanı ikinci dəfə böyük vəzir təyin etməsi və 1876-cı il Osmanlı konstitusiyasını elan etməsi ilə başlamışdır, lakin bunun motivləri şübhə doğurmuş, müşahidəçilər tərəfindən İstanbulda keçirilən konfransda iştirak edən avropalıları sakitləşdirmək məqsədi daşıdığına inanılmışdır. II Əbdülhəmid həm Babıali, həm də ziyalılar tərəfindən etimadsızlıqla qarşılanmışdır. Nazirlər onun aldadıcı və hiyləgər olduğunu düşünür, onun hakimiyyətinin dövlət işlərində imperiya nəzarətinin qayıdışı mənasına gələcəyindən şübhələnirdilər.
Buna baxmayaraq, təyinat zamanı Midhat Paşa islahat yolunu davam etdirəcəyinə söz vermiş və 23 dekabr 1876-cı ildə konstitusiyanın elan olunacağını və nümayəndəli parlamentin qurulacağını bildirmişdir. Konstitusiyanı hazırlayan komissiyanın üzvü olmamağına baxmayaraq, Midhat Paşa onun qəbulunda mühüm rol oynamışdır. Konstitusiya irq və ya etiqad fərqi qoyulmadan bütün vətəndaşlara bərabər hüquqlar, quldarlığın ləğvi, dini deyil, dünyəvi hüquqa əsaslanan müstəqil məhkəmə sistemi, ümumi ibtidai təhsil və ikipalatalı parlament – sultanın təyin etdiyi Məclisi-Əyan və birbaşa seçilən Məclisi-Məbusan nəzərdə tutmuşdur. Midhat Paşa bildirmişdir ki, "islamda hökumət prinsipi əsasən demokratik əsaslara söykənir, çünki orada xalqın suverenliyi tanınır". Konstitusiyaya xalq dəstəyi qeyri-müsəlmanlara bərabər hüquqlar verəcəyi məlum olduqda kəskin şəkildə azalmağa başlamışdır. Bir neçə ay əvvəl Midhat Paşanın tərəfdarları olan softalar əsasən müxalifətə keçmişdilər. Midhat Paşa II Əbdülhəmidi konstitusiyanı təsdiqləməyə məcbur etməyə nail olmuş, lakin sultan 113-cü maddəni daxil etdirməyə müvəffəq olmuşdur. Bu maddə ona imperiyadan istənilən şəxsi məhkəmə və ya digər hüquqi prosedursuz sürgün etmək səlahiyyəti vermişdir.
Osmanlı imperiyasının ilk parlamenti olan Məclisi-Ümumi 19 mart 1877-ci ildən 28 iyun 1877-ci ilədək toplanmışdır. Məclisi-Ümumi, əsasən, "yeni osmanlılar"ın təzyiqi, həmçinin Midhat Paşanın siyasi təsiri nəticəsində yaradılmışdı. Parlament daha bir dəfə toplanmış, sonra 13 fevral 1878-ci ildə II Əbdülhəmid tərəfindən konstitusiya hüququnun istifadə edilməsi ilə dayandırılmışdır. Buna baxmayaraq, II Əbdülhəmid ilkin olaraq, parlamentin fəaliyyət göstərməsinə icazə verməyə hazır idi, lakin o, tez bir zamanda seçilmiş vəzifəli şəxslərin təsdiqini gözləmək əvəzinə, avtokratik səlahiyyətləri ələ keçirməklə islahat aparmağın daha asan olduğuna qərar vermişdir.
Bundan sonra sultan II Əbdülhəmid Midhat Paşanı vəzifədən kənarlaşdırmış və imperiyadan sürgün etmişdir. Onun vəzifədən azad edilməsinin səbəbləri kimi büdcə kəsiri olduğu halda profisit təqdim etməsi, rüşvət və korrupsiyaya qarşı mübarizə apardığı dövrdə digər saray rəsmiləri ilə yaşadığı münaqişələr göstərilmişdir. Digər bir səbəb 1877-1878-ci illər Rusiya–Osmanlı müharibəsi göstərilmişdir. Bu hadisələrdən qısa müddət sonra, 1881-ci ildə Midhat Paşa sultan II Əbdüləzizə sui-qəsd cəhdi ittihamı ilə Ulduz Sarayında təşkil edilmiş Ulduz Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilmişdir. Midhat Paşadan başqa, Namiq Kamal kimi digər "yeni osmanlılar" da sürgün edilmişdir. Kamal Xios adasında inzibati vəzifəyə məcbur olunmuş və 1888-ci ildə orada vəfat etmişdir.
Bu proseslər, yəni "yeni osmanlılar"ın gücdən düşməsi Birinci Məşrutiyyət dövrünə effektiv son qoymuş və hakimiyyətin sultanın əlində mərkəzləşməsinə qayıdışa işarə etmişdir. II Əbdülhəmidin sultanlığı birmənalı qarşılanmamışdı. Murad taxtdan endikdən doqquz ay sonra zehni qabiliyyətlərini yenidən əldə etmişdir. Bir müddət sonra keçmiş sultanın sağalmasını müşahidə edən tərəfdarları gizlicə onu taxta qaytarmaq üçün sui-qəsd planlarına başlamışdılar. Muradın Çırağan sarayında saxlanıldığı ilk iki il ərzində tərəfdarları onu azad etmək və taxta qaytarmaq üçün üç dəfə cəhd göstərmişdilər, lakin hər üçü uğursuz olmuşdur. Buna görə də Əbdülhəmid Çırağan sarayının ətrafında onu şəhərdən təcrid edən kordonu sərtləşdirmişdi. Keçmiş "yeni osmanlılar" nümayəndəsi Əli Suavi 20 may 1878-ci ildə artan avtoritarizmə son qoymaq və liberal ideallara həmfikir olan V Muradı yenidən taxta çıxarmaq məqsədi ilə Çırağan hadisəsi kimi tanınan çevriliş cəhdi həyata keçirmişdir. Çevriliş uğursuzluğa düçar olmuş və Əli Suavi bu cəhddə Həsən Paşa tərəfindən öldürülmüşdür. Bəzi hesablara görə, ölümündən az əvvəl Əli Suavi V Muradın qolundan tutaraq ona belə demişdir: "Ey, əfəndimiz, gəl, bizi moskvalılardan xilas et".
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:1876-cı ildəki münaqişələr