İsrail–Somalilend münasibətləri — İsrail ilə Somalilend arasındakı mövcud ikitərəfli əlaqələr. İsrail Somalilendin müstəqilliyini tanıyan ilk BMT üzvü dövlətdir.

Tarixi İsrail Somalilend Dövlətinin 1960-cı ildəki 5 günlük müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur.

İsrail 1990-cı ildə Somali Demokratik Respublikası tərəfindən İshak vətəndaşlarına qarşı törədilmiş İshak soyqırımını qınayan yeganə dövlət olmuşdur. İsrail hökuməti BMT-də bu məsələni gündəmə gətirmişdir. 1995-ci ildə Somalilend prezidenti İbrahim Eqal İsrail baş naziri İshaq Rabinə məktub yazaraq ölkələr arasında diplomatik əlaqələrin qurulmasını istəmişdir. Eqal məktubunda regionda islamçılığa qarşı birgə mübarizə aparmağı istədiyini bildirmişdir.

2001-ci ilin fevralında Somalilend hökuməti İsraillə ticarət əlaqələri qurmaq istəmişdir. Həmin dövrdə bəzi israilli biznesmenlər Somalilendin paytaxtı Hargeisaya gəlmişlər. Lakin həmin dövrdəki Somalilend prezidenti Dahir Riyale Kahin ərəb ölkələri ilə münasibətləri korlamamaq üçün İsrailə yaxınlaşmaqdan çəkinmişdir.

2020-ci ilin avqustunda Somalilend İsrail ilə BƏƏ arasında münasibətlərin normallaşdırılması müqaviləsini dəstəkləmişdir. İsrail 2022-ci ildə Somalilenddə SSRİ tərəfindən tikilmiş eniş meydançalarını təftiş etmək üçün komandalar göndərmişdir.

İsrailin Somalilendi tanıması 26 dekabr 2025-ci ildə İsrail Somalilendin müstəqilliyini tanıyan ilk BMT üzvü dövlət olmuşdur. Ölkələr arasında qarşılıqlı bəyannamə imzalanmışdır. Somalilend İsrailə bu addımına görə təşəkkür etmişdir. İsrail baş naziri Benyamin Netanyahu Somalilend prezidenti Abdirahman Mohamed Abdullahini İsrailə rəsmi səfər etməyi təklif etmişdir.

Reaksiyalar İsrailin Somalilendi müstəqil və suveren ölkə kimi tanıması Somali, Cənubi Sudan, Cibuti, Fələstin, Küveyt, Səudiyyə Ərəbistan və Türkiyənin xarici işlər nazirlikləri tərəfindən tənqid olunmuşdur. Çinin Somalidəki səfiri İsrailin Somalilendin müstəqilliyini tanımasını tənqid etmiş və Somalinin ərazi bütövlüyünü dəstəklədiyini açıqlamışdır. Tayvan isə İsrailin bu addımı xoş qarşılamışdır. İsrailin Somalilandın müstəqil və suveren ölkə kimi tanınması Azərbaycanın xarici işlər nazirliyi tərəfindən də tənqid olunub, lakin İsrailin özünün adını çəkməkdən yayınıb.

İstinadlar

Somalilend Kateqoriya:Somalilendin ikitərəfli əlaqələri