Embraer E-Jet E2 — Braziliyanın Embraer şirkəti tərəfindən istehsal olunan orta məsafəli marşrutlar üçün iki mühərrikli, orta mənzilli, dar gövdəli Sərnişin təyyarəsi seriyası. Yeni təyyarənin hazırlanması 2013-cü ildə "Le Bourget" Hava Sərgisində elan edilmişdir. İki mühərrikli təyyarə, daha qənaətcil Pratt & Whitney PW1900G mühərrikləri quraşdırılmış orijinal E-Jet ailəsinin təkamülüdür. Təyyarə seriyası eyni gövdə kəsiyini paylaşan, lakin hər modifikasiya üçün uzunluğuna görə fərqlənən üç təyyarə variantından ibarətdir və üç fərqli qanad forması, yeni avionika ilə naqillərlə idarə olunan idarəetmə və yenilənmiş kabin ilə təchiz olunmuşdur. Variantlar maksimum qalxma çəkisi 44,6 tondan 62,5 tona qədər, uçuş məsafəsi isə 3700–5600 km arasında dəyişir.

Yeni təyyarə ailəsi 2013-cü ilin iyun ayında Paris Hava Sərgisində təqdim edildi. Ən erkən variant olan E190-E2 ilk uçuşunu 23 may 2016-cı ildə etdi. Uçuş sınaqları yalnız kiçik texniki problemlərlə planlaşdırıldığı kimi davam etdi. Təyyarə tip sertifikatını 28 fevral 2018-ci ildə aldı və ilk müştərisi olan Norveçin regional aviaşirkəti "Widerøe" ilə 24 apreldə xidmətə başladı.

Daha böyük variant olan E195-E2 üçün sertifikat 2019-cu ilin aprelində əldə edildi. "Azul Brazilian Airlines" bu təyyarə modelini idarə edən ilk aviaşirkət oldu.

E-Jet ailəsinin ən kiçik üzvü olan E175-E2-nin əvvəlcə potensial müştərilərə 2021-ci ildə çatdırılması planlaşdırılırdı, lakin tələbat az olduğuna görə çatdırılması və istehsalı 2027-ci ilə qədər təxirə salındı. ABŞ-dakı regional aviaşirkətlər birinci nəsil Embraer E-Jet təyyarəsinin əsas müştəriləri idi, lakin regional aviaşirkətlərə qoyulan məhdudiyyətlər onların daha müasir E175-E2 təyyarəsini əldə etməsinə mane oldu.

E-190 E2 və E-195 E2 təyyarələri, xüsusən də onun daha kiçik A220-100 variantı olan Airbus A220 ailəsinin birbaşa rəqibləridir.

2025-ci ilin aprel ayına olan məlumata görə, ümumilikdə 334 E-Jet E2 ailə təyyarəsi sifariş edilmiş, 158-i çatdırılmış və hamısı kommersiya xidmətində idi. İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sərnişin təyyarələri Kateqoriya:Embraer Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr