Olqa Aleksandrovna (; ) — Rus çarı III Aleksandrın qızı, böyük knyaginya. O, eyni zamanda son çar II Nikolayın bacısıdır.

Həyatı 1882-ci ildə Sankt-Peterburqdakı Peterhof sarayında dünyaya gəldi. Atası çar III Aleksandr, anası isə Danimarka kralı IX Kristianın qızı Mariya Fyodorovnadır. Doğulduğu əsnada siyasi olaraq gərgin bir dövr idi və bu səbəblə, atası bütün ailə üzvlərini təhlükəsizlik tədbiri kimi Qış sarayından Qatçina sarayına köçürdü. Beləcə, uşaqlıq və ilk gənclik illəri burada bacı və qardaşlarıyla birlikdə keçdi. Böyük bacısı Kseniya kimi, Olqa da mükəmməl saray təlim-tərbiyəsi və təhsili aldı. Ana dili rusca başda olmaqla, ingilis, fransız və alman dillərini öyrəndi. Yay istirahətlərini babası IX Kristianın şəxsi mülkü olan Fredensborq qəsrində bütün ailə üzvləriylə birlikdə keçirirdi.

Ancaq 1894-cü ildə, bacısı Kseniyanın toy mərasimindən bir neçə ay sonra atası III Aleksandr vəfat etdi və qardaşı II Nikolay taxta çıxdı. 1901-ci ildə uzaq qohumu olan Oldenburqlu Pyotr Aleksandroviç tərəfindən evlilik təklifi aldı. Bəy namizədi çar III Aleksandrın bibisi nəvəsi və Oldenburq sülaləsinin Rusiya qoluna mənsub idi. Üstəlik, Olqadan 14 yaş böyük olan Oldenburqlu Pyotr saray daxilində homoseksual olaraq bilinirdi.

1901-ci ilin mayında nişanlanan cütlük 9 avqust 1901-ci ildə evləndilər. Ancaq evlilikləri məcburi idi. Belə ki, bəy namizədi toy gecəsini qumarxanada keçirmişdi. Yaşadığı stres səbəbilə saçları töküldü və bu səbəblə 2 ilə yaxın parik istifadə etdi. 1903-cü ildə boşanmaq istəsə də, əri bunu qəbul etmədi. Buna baxmayaraq ordu mənsubu Nikolay Kulikovskiy ilə gizli eşq yaşamağa başladı.

Öz gəlirləri hesabın bir kənd məktəbi və hospital inşa etdirdi. Ərinin Çarskoye seloda vəzifələndirilməsi səbəbilə çar ailəsiylə günlük yaxınlıq qurdu. Qardaşı II Nikolayın qızları Olqa, Tatyana, Mariya və xüsusilə də, Anastasiyanın təlim-tərbiyəsində mühüm rol oynadı.

Birinci Dünya müharibəsi illərində tibb bacısı olaraq ön cəbhədə xidmət etdi. 1916-cı ildə qardaşı II Nikolay ərindən boşanmasına və onun Nikolay Kulikovskiy ilə evlənməsinə icazə verdi. Cütlüyün toy mərasimi 16 noyabr 1916-cı ildə Kiyevdə baş tutdu. Fevral inqilabının ardından anası dul çariça Mariya Fyodorovna, bacısı Kseniya və onun əri böyük knyaz Aleksandr Mixailoviçlə birlikdə Krıma qaçdılar. Burada yaşadıqları Aytudor sarayında göz həbsinə alındılar və ilk övladı Tixon bu əsnada dünyaya gəldi.

Ancaq 1918-ci ilin iyununda kiçik qardaşı Mixailin, bir ay sonra isə həbsdəki qardaşı II Nikolay və ailəsinin vəhşicəsinə güllələnməsi xəbərini aldı. Qızıl Ordunun Krıma yaxınlaşması xəbərini aldıqdan sonra Britaniya kraliçası olan xalası Kraliça Aleksandraya məktub yazaraq kömək istədi. Britaniyanın müdaxiləsiylə, bacısı Knyaginya Kseniya və anası dul çariça Mariya Fyodorovna 11 aprel 1919-cu ildə Rusiyadan qaçdılar. Ancaq Olqa və əri bundan imtina edərək şimali Qafqaza, daha sonra isə İstanbula qaçdılar. Burada bir müddət düşərgədə saxlandıqdan sonra Belqrada gətirildilər. 1920-ci ildə Olqa və ailəsi Kopenhagendəki anası Mariya Fyodorovnanın yanına gəldilər.

1925-ci ildə Olqa və əri Berlinə gəldilər. Məqsəd mərhum qardaşı qızı Knyaginya Anastasiya olduğunu və qətliamdan gizlicə xilas edildiyini iddia edən fırıldaqçı Anna Andersonu ifşa etmək idi. Anasının 1928-ci ildə vəfatından sonra əriylə birlikdə Kopenhagendə yaşamağa davam etdilər və kənd təsərrüfatıyla məşğul oldular. Sürgündə rəssamlıqla məşğul oldu və əsərlərini Kopenhagen, London, Paris və Berlindəki sərgilərdə satdı.

İkinci Dünya müharibəsində tərəfsiz qalan Danimarka 9 aprel 1940-cı ildə Nasist Almaniyası tərəfindən işğal edildi. O əsnada 2 oğlu orduda xidmət etdiyi üçün döyüş əsiri olaraq həbs olunsa da, 2 ay sonra azadlığa buraxıldı. Ancaq müharibənin ardından SSRİ alman cəsusu olaraq Danimarkadakı Romanov nümayəndələrinin həbsini tələb etdi. Bu səbəblə, ailəsini də yanına alaraq Kanadaya köçməyə qərar verdi.

1948-ci ilin mayında öncə Londona gələn ailə bir müddət burada Hempton Kortda yaşadı. 2 iyunda Liverpuldan yola düşdülər. Kanadada kənd təsərrüfatı ilə məşğul olsalar da, 1952-ci ildə bütün əmlaklarını satdılar. 1958-ci ildə əri, 1960-cı ildə isə özü vəfat etdi. 30 noyabrda keçirilən cənazə mərasiminin ardından Torontodakı York məzarlığına - ərinin yanına dəfn olundu.

Mənbə

Ədəbiyyat

Belyakova, Zoia (2010) Honour and Fidelity: The Russian Dukes of Leuchtenberg. Saint Petersburg: Logos Publishers. Crawford, Rosemary; Crawford, Donald (1997) Michael and Natasha: The Life and Love of the Last Tsar of Russia. London: Weidenfeld & Nicolson. Hall, Coryne (1993) The Grand Duchess of Knudsminde. Article published in Royalty History Digest. Harcave, Sidney (2004) Count Sergei Witte and the Twilight of Imperial Russia: A Biography. New York: M. E. Sharpe. Hough, Richard (1984) Louis and Victoria: The Family History of the Mountbattens. Second edition. London: Weidenfeld and Nicolson. Klier, John; Mingay, Helen (1995) The Quest for Anastasia. London: Smith Gryphon. Kulikovsky-Romanoff, Olga (Undated) "The Unfading Light of Charity: Grand Duchess Olga As a Philanthropist And Painter", Historical Magazine, Gatchina, Russia: Gatchina Through The Centuries, retrieved 6 March 2010 Kurth, Peter (1983) Anastasia: The Life of Anna Anderson. London: Jonathan Cape. Massie, Robert K. (1995) The Romanovs: The Final Chapter. London: Random House. Phenix, Patricia (1999) Olga Romanov: Russia's Last Grand Duchess. Toronto: Viking/Penguin. von Nidda, Roland Krug (1958) Commentary in I, Anastasia: An autobiography with notes by Roland Krug von Nidda translated from the German by Oliver Coburn. London: Michael Joseph. Vorres, Ian (2001) The Last Grand Duchess. Toronto: Key Porter Books.

İstinadlar Kateqoriya:Rusiya imperiyası rəssamları