Liman şəhər Cümə məscidi — Azərbaycan, Lənkəran rayonu, Liman şəhəri, Babək küçəsində yerləşən yerli əhəmiyyətli məscid və memarlıq abidəsi.
Məscid XX əsrin sonlarında inşa edilmişdir. Cümə məscidinin bünövrəsi 1991-ci ildə qoyulmuşdur. Məscid yerli əhəmiyyətli memarlıq abidəsi hesab olunur və yeni aşkar olunmuş abidələr siyahısına daxildir.
5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının qanununa əsasən Lənkəran rayonunun Port İliç şəhəri Liman şəhəri adlandırılmış və şəhərin inzibati ərazi vahidi də Liman şəhər inzibati ərazi vahidi kimi dəyişdirilmişdir.
Məsciddə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 9 sentyabr 2018-ci ildə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.
Memarlıq üslubu
İki minarəli məscid binası yer səthindən təxminən 1 metr hündürlükdə olan səki üzərində inşa edilmişdir. Binanın plan ölçüləri 24 metr uzunluq və 13 metr en təşkil edir. Daxili sahəsi təxminən 220 m² (10 × 22 m), həyətyanı sahəsi isə təxminən 700 m²-dir.
Məscidin ümumi plan quruluşu düzbucaqlı formadadır və simmetrik ox üzərində təşkil edilmişdir. Tikintidə əsas material kimi qırmızı kərpicdən istifadə olunmuşdur. Dekorativ məqsədlə isə İrandan gətirilmiş ağ kərpicdən də istifadə edilmişdir.
Məscidin əsas memarlıq dominantı səkkizguşəli günbəzdən ibarətdir. Günbəzin tikintisində qırmızı və ağ kərpicdən istifadə olunmuş, üst örtüyü isə ağ dəmir təbəqə ilə örtülmüşdür. Günbəzin üzərində aypara elementi yerləşir. Günbəzin divar səthində səkkiz tağvari pəncərə vardır.
Məscidin hər birinin hündürlüyü 18 metr olan iki minarəsi mövcuddur. Minarələrin girişi birbaşa ibadət zalından təmin olunur. Minarələr ağ və qırmızı kərpicdən hörülmüş və hər biri tək şərəfəli şəkildə inşa edilmişdir. Şərəfələr dəmir təbəqə ilə işlənmiş, minarələrin üzərində isə aypara yerləşdirilmişdir. Minarələrin ustası Qurbanəli Şahan oğlu Əhmədov olmuşdur.
Məscidin ön hissəsində iki əsas giriş portalı yerləşir. Bu portallar iki sütun üzərində dayanan tağvari arkalarla formalaşdırılmışdır və üst örtüyü ağ dəmir təbəqə ilə bağlanmışdır. Məscidin döşəməsi torpaq, tavanı isə taxtadandır. Günbəzin alt hissəsi dəmir boru sütunlar üzərində dayanır.
Məscidin dam örtüyü ilkin mərhələdə ağ dəmir təbəqə ilə örtülmüşdür. 2016-cı ildə Hacı Tələt Məmmədağa oğlu Səfərovun təşəbbüsü ilə dam örtüyü dəmir şiferlə əvəz edilmişdir.
Ədəbiyyat
Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı Lənkəran rayonu Lənkəran abidələri
Mənbələr
Xarici keçidlər
Kateqoriya:Azərbaycan məscidləri Kateqoriya:1991-ci ildə tamamlanmış dini tikililər Kateqoriya:Lənkəran abidələri