Səməd Vəkilov () — Azərbaycan ictimai-siyasi xadimi və hüquqşünası. Hüquq sahəsi üzrə tədqiqatçı. Elmi məqalə və kitab müəllifi. İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin sabiq icraçı direktoru. Vaqif Səmədoğlu Mərkəzinin həmtəsisçisi, Qərbi Azərbaycan İcması Dərələyəz icmasının İdarə Heyətinin üzvü. Müvəkkil Hüquq Mərkəzinin sədri (2008-ci ildən), VI çağırış Deputatlığa namizəd. Həyatı Səməd Vəkilov 14 aprel 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, ali təhsilli hüquqşünas və ictimai-siyasi xadimdir. 1998–1999-cu illərdə hərbi xidmətini döyüş bölgəsində, Füzuli–Cəbrayıl istiqamətində, o cümlədən Lələtəpə ətrafında keçirmişdir. O, gənc yaşlarından etibarən hüquq və ictimai fəaliyyət sahəsinə maraq göstərmiş, bu istiqamətdə müxtəlif təşəbbüslərdə və fəaliyyətlərdə iştirak etmişdir. Vəkilovlar nəslinin tanınmış nümayəndələrindən biri kimi tanınır və ictimai mühitdə bu soyadın davamçıları sırasında göstərilir.

İctimai fəaliyyəti Səməd Vəkilov müxtəlif dövlət və ictimai qurumlarda fəaliyyət göstərmişdir. O, 2002–2007-ci illərdə "Müstəqil Elmi-Praktik Hüquq Mərkəzi"ndə hüquqşünas və hüquqi xidmət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Daha sonra "İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi"ndə baş hüquqşünas və icraçı direktor olmuşdur. 2009–2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun hüquq məsləhətçisi, 2012–2014-cü illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqşünası vəzifəsində çalışmışdır.

2008-ci ildən insan hüquqlarının müdafiəsi ilə məşğul olan "Müvəkkil Hüquq Mərkəzi"nin sədridir. 2019-cu ildən isə Vaqif Səmədoğlu Mərkəzinin həmtəsisçilərindən biridir. Həmçinin o Qərbi Azərbaycan İcması Dərələyəz İcmasının İdarə Heyətinin üzvüdür.

Siyasi fəaliyyəti Səməd Vəkilov 2020-ci ildə keçirilmiş parlament seçkilərində 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Seçki prosesi çərçivəsində o, rəsmi şəkildə namizəd kimi qeydə alınmış və seçki kampaniyası dövründə aktiv təbliğat fəaliyyəti göstərmişdir. Kampaniya müddətində Vəkilov Bilgəh, Nardaran, Maştağa və Zabrat qəsəbələrində seçicilərlə silsilə görüşlər keçirmiş, müxtəlif ictimai toplantılarda iştirak etmişdir.

Görüşlər zamanı o, seçicilərlə sosial-iqtisadi məsələləri müzakirə etmiş, bölgədə mövcud olan infrastruktur problemləri, məşğulluq imkanları, sosial müdafiə sisteminin təkmilləşdirilməsi və vətəndaş rifahının artırılması ilə bağlı fikirlərini və təkliflərini səsləndirmişdir. Eyni zamanda kampaniya dövründə müxtəlif ictimai tədbirlərdə iştirak etmiş, şəhid ailələri və yerli sakinlərlə görüşlər keçirərək onların problemləri ilə maraqlanmışdır.

"Bakupost.az" və "QHT.az" saytlarının keçirdiyi rəy sorğularının nəticələrinə əsasən, Vəkilov hər iki sorğudan yüksək dəstək əldə etmişdir. "QHT.az" saytının sorğusunda o, 87% səs toplayaraq üstünlük qazanmış, "Bakupost.az" saytının sorğusunda isə 35,7% səs (1143 səs) ilə digər namizədlərədən daha çox səs toplayaraq birinci yerdə qərarlaşmışdır.

Elmi fəaliyyəti Səməd Vəkilov qeyri-maddi mədəni irsin hüquqi qorunması sahəsində çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Bunlar arasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş "Folklor örnəklərinin hüquqi qorunması və milli reyestrin aparılması strategiyası" adlı normativ sənəddə yer alır.

Onun müəllifi olduğu əsərlər "Hüquq və mədəniyyət" (2010), "Azərbaycan folklor örnəklərinin hüquqi qorunması" (2020), "Sədaqət və cəsarət kredosu" (2022), "Qərbi Azərbaycandan deportasiya: İmirlidə məskunlaşma" (2023), "Etnik təmizləmənin sonuncu mərhələsi (1987–1991): Çalxanqalaya köç" (2024), eləcə də "Qərbi Azərbaycandan deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)" bunlardır. Bu əsərlərdən birçoxu prezident kitabxanasında yer alır.

O, həmçinin "Çağdaş Azərbaycanda İslam və cəmiyyət" kitabının həmmüəllifi, "İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003–2023)" adlı üçcildliyin tərtibçisi və "Azərbaycanın ilk hüquq professoru Mustafa ağa Vəkilov" (2011) kitabının redaktorudur. Səməd Vəkilov Vaqif Səmədoğlu medalı və Qərbi Azərbaycan İcması Fəxri Fərmanı ilə təltif olunub.

Mənbələr