Mədinə Gülgün və ya Mədinə Ələkbərzadə () — Azərbaycan şairəsi, SSRİ Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi.

"Ziddi-faşist" təşkilatının və Azərbaycan Demokrat Firqəsinin üzvü olub. "21 Azər" hərəkatında iştirak edib. İlk şeirləri "Xavəre-nou", "Vətən Yolunda" və "Azərbaycan" qəzetlərində yayımlanıb. Azərbaycan Milli Hökuməti dövründə "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində və Təbriz Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Azərbaycan SSR-yə mühacirət edib. Müxtəlif illərdə Bakıda, Təbrizdə və Moskvada onlarla şeir kitabı işıq üzü görüb. "Sən gəlməz oldun", "Məhəbbət olmayanda", "Apar məni" kimi lirik şeirlərinə mahnılar bəstələnib. Göstərdiyi fəaliyyətə görə "21 Azər" medalı, "Əmək veteranı" medalı "Şərəf nişanı" ordeni və "Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif olunub.

Azərbaycan SSR xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi (1981–1991) Balaş Azəroğlunun həyat yoldaşıdır.

Həyatı

İlk illəri Mədinə Nurulla qızı Ələkbərzadə 1926-cı il yanvarın 17-də Bakıda anadan olub. Əslən Ərdəbildəndir. İbtidai təhsilini Bakıda alıb. 1938-ci ildə ailəsi ilə birlikdə SSRİ vətəndaşı olmadıqları üçün deportasiya olunublar və Ərdəbil şəhərinə köçüblər. Bir müddət Ərdəbil şəhərində yaşadıqdan sonra Təbriz şəhərinə köçüblər. Atası həbs olunduqdan sonra Mədinə Ələkbərzadə toxuculuq karxanasında fəaliyyət göstərib.

1941-ci ildə "Ziddi-faşist" təşkilatına üzv olub. 1944-cü ildən ədəbi fəaliyyətə başlayıb. "Biz kimik?" şeiri 1944-cü ildə "Xavəre-nou" qəzetində çap olunub. Daha sonra şeirlərini əsasən "Ələkbərzadə" soyadı ilə "Vətən yolunda" qəzetində çap etdirib. Cəfər Xəndanın məsləhəti ilə özünə Cəfər Cabbarlının "Od gəlini" pyesindəki "Gülgün" personajından "Gülgün" təxəllüsü götürüb. 1945-ci ilin yanvar ayında Təbrizdə yaradılmış "Şairlər məclisi"nin üzvü olub.220x220px|thumb|left|Qızılbaş Xalq Qoşunları və Mədinə Gülgün, 1946-cı il."21 Azər" hərəkatında iştirak edib. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin və partiyanın Qadınlar Təşkilatının üzvü olub. Şeirləri Təbrizdə çap olunan "Vətən Yolunda", "Azərbaycan" kimi qəzetlərdə yayımlanıb. 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb. Mədinə Gülgün də bu konqresdə müxbir kimi iştirak edib. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Azərbaycan Milli Hökuməti dövründə "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində və Təbriz Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. Yazdığı "Sənə gülmək yaraşır", "Açıldı səhər", "Təbriz", "Sədadət bayrağı" şeirləri Azərbaycan Milli Hökumətinin qərarı ilə nəşr olunan VI sinif məktəb dərsliyinə salınıb. 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub.244x244px|thumb|Mədinə Gülgün 1950-ci il.1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarının və fədai qüvvələrinin şah qoşunlarına qarşı müqavimət göstərməmələri və döyüş meydanlarını tərk etmələri haqda qərar verib. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan dayanmadı. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.

Sonrakı həyatı Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Mədinə Gülgün Azərbaycan SSR-yə mühacirət edib. Əvvəlcə Culfa şəhərində yaşayıb. Orda olduğu müddətdə demokratlar tərəfindən bərpa olunmuş Təbriz radiosunda fəaliyyət göstərib. Azərbaycan türkcəsində və farsca fəaliyyət göstərən radionun hədəf kütləsi Cənubi Azərbaycan əhalisi idi. Bir neçə müddətdən sonra Mədinə Gülgün Bakıya köçürülüb. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb. Mədinə Gülgün də bu cəmiyyətin üzvü olub. 1948–1952-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Dil və ədəbiyyat fakültəsində təhsil alıb.thumb|220x220px|Həkimə Bülluri, Mədinə Gülgün, Abbas Pənahi və Balaş Azəroğlu.|left"Təbrizin baharı" adlı ilk şeir kitabı 1950-ci ildə Bakıda işıq üzü görüb. Bu kitabda 1945–1949-cu illər ərzində yazdığı şeirlər toplanıb. Azərbaycan Milli Hökumətinin baş prokuroru olan və hökumət dağıldıqdan sonra dar ağacından asılmış Firudin İbrahimi haqqında yazdığı poema 1963-cü ildə Azərnəşr tərəfindən nəşr olunub. Ümumilikdə Bakıda və Moskvada "Təbrizin baharı" (1950), "Savalanın ətəklərində" (1950), "Sülhün səsi" (1951), "Yadigar üzük" (1953), "Təbriz qızı" (1956), "Firudin" (poema) (1963), "Çinar olaydı" (1968), "Dünyamızın sabahı" (1974), "Arzu da bir ömürdür" (1976), "Yora bilməz yollar məni" (1978), "Durnalar qayıdanda" (1983), "Könlümü ümidlər yaşadır" (1984) "Dünya şirin dünyadır" (1989) və onlarla digər şeir kitabları nərşr olunub. 1958-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv olub.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları (1960, 1974, 1986), "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı (1970), "Şərəf nişanı" ordeni (1980), "Əmək veteranı" medalı və başqa medallarla təltif olunub. Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Mədinə Gülgün Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin, "Azərbaycan" jurnalı redaksiya heyətinin və Yazıçılar İttifaqına qəbul komissiyasının üzvü olub. Sonrakı illərdə isə SSRİ-də yaşayan iranlı siyasi mühacirlər cəmiyyəti Azərbaycan şöbəsinin plenum üzvü və Asiya və Afrika ölkələri həmrəyliyi Azərbaycan Respublika Komitəsinin üzvü olub.

Bir çox lirik şeirlərinə Azərbaycanda mahnılar bəstələnib. "Sən gəlməz oldun" şeirinə Ələkbər Tağıyev, "Məhəbbət olmayanda", "Apar məni", şeirlərinə Cavanşir Quliyev mahnı bəstələyib. 1949-cu ildə Cahangir Cahangirovun bəstələdiyi "Arazın o tayında" vokal-simfonik poeması Əli Tudə və Mədinə Gülgünün sözlərinə yazılıb.

Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

2012-ci ildə Mədinə Gülgünün və Balaş Azəroğlunun şəxsi əşyaları Azərbaycan İstiqlal Muzeyinə təhvil verilib.

Ailəsi Mədinə Gülgünün ailəsi əslən Ərdəbildəndir. Ailədə 7 uşaq olublar. Atası Nurulla Ələkbərzadə işləmək üçün Bakıya köçüb və dəmiryol işçisi olub. 1938-ci ildə SSRİ vətəndaşı olmadıqları üçün Ərdəbilə sürgün olunublar. Nurulla Ələkbərzadə siyasi fikirlərinə görə İran hökuməti tərəfindən təqib olunub və 1939-cu ildə həbs olunub. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Mədinə Gülgünün ailəsi Xürrəmabada sürgün olunub.

Mədinə Ələkbərzadə 1950-ci ildə Azərbaycan SSR xalq şairi, dramaturq Balaş Azəroğlu ilə ailə həyatı qurub. Bu evlilikdən Araz və Etibar adlı oğulları dünyaya gəlib.

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kitabları

Mədinə Gülgün — Təbrizin baharı, Azərnəşr, Bakı, 1950-ci il. Mədinə Gülgün — Savalanın ətəklərində, Uşaqgəncnəşr, Bakı, 1950-ci il. Mədinə Gülgün — Sülhün səsi, Azərnəşr, Bakı, 1951-ci il. Mədinə Gülgün — Yadigar üzük, Uşaqgəncnəşr, Bakı, 1953-cü il. Mədinə Gülgün — Pərvanə, Azərnəşr, Bakı, 1955-ci il. Mədinə Gülgün — Təbriz qızı, Azərnəşr, Bakı, 1956-cı il. Mədinə Gülgün — Günlər və xatirələr, Uşaqgəncnəşr, Bakı, 1959-cu il. Mədinə Gülgün — Firidun, Azərnəşr, Bakı, 1963-cü il. Mədinə Gülgün — Dənizin sahili var, Azərnəşr, Bakı, 1965-ci il. Mədinə Gülgün — Çinar olaydı, Azərnəşr, Bakı, 1968-ci il. Mədinə Gülgün — Xatirələrimin nəğməsi, Gənclik nəşriyyatı, Bakı, 1969-cu il. Mədinə Gülgün — Kəpənəkli, çiçəkli misralar, Gənclik nəşriyyatı, Bakı, 1971-ci il. Mədinə Gülgün — Dünyamızın sabahı, Azərnəşr, Bakı, 1974-cü il. Mədinə Gülgün — Arzu da bir ömürdür, Gənclik nəşriyyatı, Bakı, 1976-cı il. Mədinə Gülgün — Yora bilməz yollar məni, Yazıçı nəşriyyatı, Bakı, 1978-ci il. Mədinə Gülgün — Ömrə yelkən ümidlərim, Gənclik nəşriyyatı, Bakı, 1981-ci il. Mədinə Gülgün — Ömrün payız dayanacağı, Yazıçı nəşriyyatı, Bakı, 1983-cü il. Mədinə Gülgün — Könlümü ümidlər yaşadar, Gənclik nəşriyyatı, Bakı, 1984-cü il. Mədinə Gülgün — Dünya şirin dünyadır, Gənclik nəşriyyatı, Bakı, 1989-cu il. Mədinə Gülgün — Seçilmiş əsərləri, Şərq-Qərb nəşriyyatı, Bakı, 2004-cü il. Mədinə Gülgün — Mən bu ömrü yaşadım, Nurlan nəşriyyatı, Bakı, 2010-cu il.

Haqqında hazırlanmış filmlər Sətirlər — Balaş Azəroğlu və Mədinə Gülgün / Mədəniyyət Tv Balaş Azəroğlu Mədinə Gülgün haqda / GünAz Tv Yadigarlar — Balaş Azəroğlu və Mədinə Gülgün / Mədəniyyət Tv Mədinə Gülgün | Ötən günlər | 23.05.2026 / İctimai Tv

Səsləndirilmiş şeirləri Mədinə Gülgün — Kaş yarıda qalmayaydı bu yollar / biraddimla YOL Mədinə Gülgün — Bir damlayam / biraddimla YOL Həsən Əbluc — Mədinə Gülgün "Təbrizi görməyincə"

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan feministləri Kateqoriya:İran azərbaycanlısı şairlər Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları Kateqoriya:"21 Azər" medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Azərbaycanın qadın şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:XX əsr Azərbaycan şairləri Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Bakı yazıçıları