Aliyə Məmmədova (tam adı: Aliyə Tariyel qızı Məmmədova; ) — Azərbaycan bəstəkarı, musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (2007), Azərbaycan Bəstəkarlar İttifaqının Gənclər bölməsinin katibi (2012–2019), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti (2014-cü ildən).

Həyatı və fəaliyyəti Aliyə Məmmədova 17 dekabr 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə Bakı şəhəri 29 saylı orta məktəbi və 1 saylı Bakı İncəsənət məktəbini fortepiano ixtisası üzrə fərqlənmə ilə bitirib, Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Kollecinin "Musiqi nəzəriyyəsi" şöbəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə əvvəl Leonid Vaynşteynin, sonra isə Cəlal Abbasovun bəstəkarlıq sinfində dərs almışdır.

1991-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə, professor Fərəc Qarayevin sinfinə daxil olmuşdur. 1996-cı ildə buranı da fərqlənmə diplomu ilə bitirmişdir. 1996–1998-ci illərdə F. Qarayevin sinfində assistent-stajorluq keçmişdir.

Aliyə Məmmədovanın əsərləri təhsil aldığı və sonrakı illərdə Azərbaycan, Özbəkistan, Rusiya, Almaniya, Avstriya, Ukrayna və İsveçrədə keçirilən konsert və festivallarda ifa olunmuşdur. A. Məmmədovanın əsərlərinin ifası "SoNoR Ensemble", "Ensemble Reconsil Wien", "TaG Ensemble", o cümlədən, Moskva Yeni Musiqi Studiyası və s. kimi ansambllar tərəfindən həyata keçirilmişdir.

Eyni zamanda bəstəkarın musiqisinə Vladimir Runçak (Ukrayna), Bernard Wulf (Almaniya), Roland Freisitzer (Avstriya), Rauf Abdullayev, Fuad İbrahimov və s. kimi dirijorlar rəhbərlik etmişdir. A. Məmmədova 2001-ci ildə bəstəkarların Moskvada keçirilən P. İ. Yurgenson adına I Beynəlxalq müsabiqəsində II mükafata layiq görülmüşdür.

Bəstəkar həmçinin xaricdə, o cümlədən İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında məruzələrlə çıxış etmişdir. Bəstəkar hazırda Bakı Musiqi Akademiyasının "Musiqi nəzəriyyəsi" kafedrasının dosentidir.

A. Məmmədova 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Bəstəkar beynəlxalq müsabiqələr laureatıdır.

İctimai və yaradıcılıq fəaliyyəti Aliyə Məmmədova 2012–2019-cu illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Gənclər bölməsinin katibi olmuşdur. Bu müddətdə o, Azərbaycan və xarici ölkələrdə keçirilən müxtəlif musiqi festivallarının, plenumların, konsertlərin və elmi tədbirlərin təşkili və keçirilməsində fəal iştirak etmişdir;

19 sentyabr 2013 – Üzeyir Hacıbəyli adına V Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında Türk xalqlarının müasir musiqisindən ibarət konsertinin təşkilatçısı və iştirakçısı; 23 may 2014 – Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdər İncəsənət Xadimi Cəlal Abbasova həsr olunmuş müəllif konsertinin təşkilatçısı; 1–4 noyabr 2014 – Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr olunmuş musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində keçirilən kamera konsertinin təşkilatçısı və iştirakçısı. II Simli kvartetin ifası; 2–5 iyun 2017 – Xalq Artisti Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunmuş festivalın təşkilatçısı; 20 dekabr 2017 – Cəlal Abbasovun 60 illik yubileyi münasibətilə konfrans və konsertin təşkilatçısı və iştirakçısı. Klarnet və piano üçün sonatanın ifası. I hissə; May 2018 – Qara Qarayevin 100 illik yubileyi münasibətilə konsertlərin təşkilatçısı və konfrans iştirakçısı; 19–20 iyun 2019 – Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 85 illiyinə həsr olunmuş Səyyar Plenumun təşkilatçısı və iştirakçısı. Kamera orkestri üçün "Həzin pyes"; 27 iyun 2019 – X Beynəlxalq "İpək Yolu" festivalının "Nəsimiyə ithaf" adlı gənc bəstəkarların əsərlərindən ibarət açılış konsertinin təşkilatçısı; 2019 Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyi münasibətilə Bəstəkarlar ittifaqının festival təşkilatçısı.

O, həmçinin pedaqoji fəaliyyətlə məşğul olaraq musiqişünaslıq sahəsində dərs vəsaitlərinin və proqramların müəllifidir, ustad dərsləri və elmi məruzələrlə çıxış etmişdir;

14–16 mart 2017 – İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında çıxışlar. Mövzular: – "Müasir Azərbaycan professional musiqisində muğamdan istifadə üsulları". – "Bəstəkar təfəkkürünün nəzəri əsasları"; A. Məmmədova. Müasir kamera-instrumental musiqisinin janr və üslub xüsusiyyətləri. Dərs vəsaiti. 2022; 14 iyun 2024-cü ildə Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə Muzey Mərkəzində "Muzeydə Musiqi Gecələri" adlı konsertdə A. Məmmədovanın solo gitara üçün "Sükutla dialoq" əsəri Rauf Hüseynov tərəfindən səsləndirilmişdir.

Bəstəkarın yaradıcılığı çərçivəsində kamera, simfonik və ansambl musiqisi nümunələri müxtəlif beynəlxalq layihə və festivallarda səsləndirilmişdir;

Aprel 2013 – Kievdə keçirilən Müasir Azərbaycan Musiqisi günlərində iştirakçı və kamera konsertinin təşkilatçısı. Kamera orkestri üçün "Nurlu kədər" əsəri; 25 iyun 2018 – "İpək Yolu" Beynəlxalq Musiqi festivalının açılışı. Azərbaycan Bəstəkarlar İttifaqında kamera konsertinin təşkilatçısı və iştirakçısı. Klarnet və piano üçün sonatanın II və III hissələri.

Aliyə Məmmədova müxtəlif illərdə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən keçirilən plenum və konsertlərin, o cümlədən yubiley tədbirlərinin təşkilində iştirak etmiş, həmçinin beynəlxalq musiqi festivallarında (o cümlədən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və "İpək Yolu" festivalları) təmsil olunmuşdur;

2015–2016-cı illərdə keçirilən bir çox konsertlərin biləvasitə təşkilatçısı o cümlədən; 23–25 may 2016 – Gənc bəstəkarların yeni əsərlərindən ibarət plenumun təşkilatçısı. 2 konsert, konfrans və "Dəyirmi masa"; 12 dekabr 2014 – Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndər Heydər Əliyevin xatirinə həsr edilən anım tədbirində "Ümummilli liderin mədəniyyət xadimlərini və gənclərə qayğısı" mövzusunda çıxış; Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şəhərində keçirilən plenumunun təşkilatçısı (konfrans və konsert), Gəncə filarmoniyasının Kamera orkestri üçün "Lirik pyes", 2019; 29–30 noyabr 2017 — Azərbaycan Bəstəkarlar İttifaqında növbəti Gənc bəstəkarların əsərlərindən ibarət plenumun təşkilatçısı. 16 Gənc bəstəkarların əsərlərinin ifası. Konfrans, konsertlər və "Dəyirmi masa".

Əsərlərinin siyahısı Fortepiano üçün pyeslər (1992). Fortepiano üçün variasiyalar (1992). Kvartet və fortepiano üçün Sonata (1993). "Koan" (bas klarnet və gitara üçün, 1993). Sonata (klarnet və fortepiano üçün, 1993). "Sükuta dialoq" (solo gitara üçün, 1994). I simli Kvartet (1995). 11 alət üçün Kompozisiya (1995). Simfoniya (böyük orkestr üçün, 1996). II simli Kvartet (1998). "Təmsil" (kamera ansamblı üçün, 1998). "Səslərin səyahəti" (tar və kamera ansamblı üçün, 2001). "Nurlu kədər" (kamera ansamblı üçün, 2004). Fortepiano üçün "Pyeslər" (2008). 3–5 səsli Fuqalar məcmuəsi (müxtəlif instrumental tərkiblər üçün, 2010). "Xəyal musiqisinə Adagio" (böyük orkestr üçün pyes, 2010). "Humayun" (tar və kamera ansamblı üçün musiqi, 2011). "Şövq" (solo skripka üçün, 2014). "Nurlu kədər" (kamera orkestri üçün, 2013). Müxtəlif instrumental tərkiblər və orkestr üçün köçürmələr (2014–2016). "Passakaliya" (qədim alətlər ansamblı üçün, 2018). "Həzin pyes" (Gəncə kamera orkestri üçün, 2019). "Music for violin and piano" (violin və hazırlanmış piano üçün, 2019). "Xəyal" (BSO üçün 5 hissəli Simfoniya, 2021). "Aşıq mövzularına 3 miniatür" (gitara üçün, 2025).

Kitabları "Müasir Musiqi haqqında esselər" (Baş redaktor, tərtibçi, tərçüməçi, rəssam, Elmir Mirzəyevlə birlikdə) Bakı, 2013. "Müasir harmoniyada funksionallığın həlli yolları" metodik vəsaiti. Bakı, 2019. A. Məmmədova – Kvartet; fortepiano üçün "Pyeslər". Bakı, 2021. "Kamera əsərləri" not toplusu. Bakı, 2024. "Azərbaycan bəstəkarlarının etüdləri" Bakı, 2025 kitabında solo gitara üçün etüdü nəşr olunmuşdur.

Mükafatları 2001-ci ildə bəstəkarların Moskvada keçirilən P. İ. Yurgenson adına I Beynəlxalq müsabiqəsində II mükafata layiq görülmüşdür. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Mənbə

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycan musiqişünasları Kateqoriya:Qadın bəstəkarlar Kateqoriya:Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Kateqoriya:Yaşayan insanlar