Xerson yenotu () — 2022-ci ilin noyabr ayında Rusiya zoodaxili mütəxəssisi Oleq Zubkov tərəfindən Xerson şəhərindən oğurlanmış yenot. Heyvanın oğurlanması Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Rusiya qoşunlarının Xersondan geri çəkilməsi dövründə baş vermişdir. Oleq Zubkov bir neçə digər heyvanla birlikdə yenotu müharibədən qorumaq məqsədilə Xersondan Krımdakı safari parkına apardığını bildirmişdir. Bu heyvan Ukraynada satirik memlərin mövzusuna çevrildiyi halda, Rusiyada ruh yüksəkliyinin mənbəyi və rusyönümlü təbliğat vasitəsi kimi təqdim edilmiş, Rusiya mediasında ona "Xerson" çağırış adı verilmişdir.

Oğurlanması 11 noyabr 2022-ci il tarixində Rusiya tərəfindən işğal olunmuş Krımda yerləşən "Tayqan" safari parkının direktoru Oleq Zubkov Xerson zooparkında yenotları tutduğunu əks etdirən video yayımlamışdır. Sözügedən video "Biz Xersondayıq. Oleq Zubkov yenotları ÇILPAQ ƏLLƏRİ İLƏ tutur!!!" başlığı ilə təqdim olunmuşdur. Görüntülərdə "Tayqan" forması geyinmiş şəxslərin digər heyvanları yük maşınlarına yüklədiyi müşahidə edilmiş, bu da media müşahidəçilərində heyvanların "Tayqan" parkına aparılması qənaətini yaratmışdır. Oleq Zubkov sonradan videonu əlçatmaz etmişdir, lakin həmin vaxta qədər görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən artıq yenidən paylaşılmışdı. Yenotun geniş diqqət mərkəzinə düşməsi rusiyalı milliyyətçi blogger və şairə Anna Dolqarevanın "Telegram" kanalında Rusiyanın Xersonu itirməsi ilə bağlı "yeganə xoş xəbərin" dostunun oradan bir yenot oğurlaması olduğunu qeyd etməsindən sonra baş vermişdir.

Bir neçə gün sonra verdiyi müsahibədə Oleq Zubkov Xerson zooparkındakı heyvanların işğal altındakı Krıma aparılaraq "Tayqan" safari parkında yerləşdirildiyini təsdiqləmişdir. Onun verdiyi məlumata görə, ümumilikdə iki canavar, bir lama, bir eşşək, yeddi yenot, tovuz quşları, fironquşları və qırqovullar gətirilmişdir. Oleq Zubkov bu hərəkətlərini heyvanların müharibə zonasından "xilas edilməsi" kimi qiymətləndirmiş və Xersonda sülh bərqərar olduqdan sonra onları geri qaytaracağına söz vermişdir. O, həmçinin heyvanların təxliyə edilməsi barədə Xerson vilayətinin Rusiya işğal administrasiyasının rəhbəri Vladimir Saldonun ona müraciət etdiyini bildirmişdir.

Reaksiyalar

Ukraynada

13 noyabr 2022-ci il tarixində Ukraynanın "UAnimals" heyvanları müdafiə təşkilatının təsisçisi Aleksandr Todorçuk Rusiya komandanlığının yenotu Xerson zooparkından oğurladığını bəyan etmiş və heyvanların Krıma aparılması faktını təsdiqləmişdir. Dolqareva sonradan oğurluq faktını təkzib etmişdir, lakin onun ilkin paylaşımının ekran görüntüsü "Twitter" şəbəkəsində sürətlə yayılmış, bu da yenot haqqında çoxsaylı mem və zarafatların yaranmasına səbəb olmuşdur.

"BBC News"un Ukrayna bürosu yenotun müharibənin və paltaryuyan maşınlardan tutmuş tualet ləvazimatlarına və heyvanlara qədər hər şeyi oğurladığı hesab edilən "Rusiya hərbi sisteminin absurdluğunun" simvoluna çevrildiyini qeyd etmişdir. Ukraynalı sosial şəbəkə istifadəçiləri rusyönümlü kütlənin yenotun oğurlanmasını qeyd etməsini ələ salmış, Rusiya ordusunun Ukraynadakı hədəflərinin ölkə ərazisini tam tutmaqdan zooparkdan yenot oğurlamağa qədər dəyişdiyini bildirmişlər. Onlar heyvanın qaçırılmasını Rusiya "xüsusi hərbi əməliyyatının müqəddəs hədəfi" adlandırmış, yenotun ələ keçirilməsinə görə xüsusi medalın təsis edilməsini təklif etmiş və Vladimir Putinin bu hadisəyə reaksiyasını əks etdirən memlər yaratmışdılar. Bəzi memlərdə "Sıravi Rayanı xilas etməli" filminə işarə vurularaq "Sıravi Yenotu xilas etməli" kimi parodiyalarla heyvanın azad edilməsi tələb olunmuşdur.

Odessa Vilayət Hərbi Administrasiyasının sözçüsü Sergey Bratçuk istehza ilə yenotu on rusiyalı hərbi əsir ilə dəyişdirməyi təklif etmişdir. Ukrayna Prezidentinin Ofisinin saytında yenotun Odessadakı II Yekaterina abidəsi ilə dəyişdirilməsi barədə petisiya yaradılmış və 22 noyabr 2022-ci il tarixinə qədər bu təklif 6 500-dən çox imza toplamışdır.

"Ukrpoçta"nın baş direktoru İqor Smilyanski qurumun Xerson yenotunun təsvir olunduğu yeni poçt markası buraxa biləcəyini qeyd etmişdir. Xerson Vilayət Şurasının üzvü Sergey Xlan yenotun Xerson üçün simvolik əhəmiyyətinin Xerson qarpızı ilə müqayisə oluna biləcəyini vurğulamışdır.

Rusiyada 22 noyabr 2022-ci il tarixində Rusiyanın "Vesti" telekanalı yenotun götürülməsi barədə süjet yayımlamış, aparıcı yenotun rus əsgərlərinin və onların qələbələrinin simvolu olduğunu iddia etmişdir. Süjetdə yenot müsbət mənada rus əsgərləri ilə eyniləşdirilmiş və onlayn səsvermə nəticəsində ona "Xerson" adının verildiyi bildirilmişdir. Rusiya mediası yenotun səngərlərdə rus əsgərləri ilə birlikdə yaşadığını, "dəcəllik" etməyi və əsgərlərin yaşayış yerini "alt-üst etməyi" sevdiyini iddia etmişdir.

Şərhçilər yenotun Rusiya təbliğatında "mifoloji" məna kəsb etdiyini, Rusiya ordusunu "sürətli və hiyləgər", lakin "zahirən xoşagəlimli və qeyri-aqressiv" göstərmək üçün bir vasitəyə çevrildiyini qeyd etmişlər. Oğurluqdan bir neçə həftə sonra "Telegram"da yenotun adına rusyönümlü kanal açılmış və orada mütəmadi olaraq heyvanla bağlı, o cümldən uşaqlar üçün nəzərdə tutulmuş materiallar paylaşılmışdır.

2022-ci ilin dekabr ayında Vladimir Saldonun videoya çəkilmək məqsədilə yenotu sığallamağa çalışarkən heyvan tərəfindən dişləndiyini əks etdirən görüntülər yayılmışdır.

İstinadlar

Kateqoriya:İnternet memləri Kateqoriya:Ukrayna yumoru Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda)