Stiven Sadəddin Saran (; ) — ABŞ–Türkiyə iş adamı, keçmiş milli idmançı, media maqnatı, maşınqayırma mühəndisi və idman funksioneri. "Saran Group"un təsisçisi olan Saran 25 sentyabr 2025-ci il tarixindən etibarən "Fənərbağça" İdman Klubunun 34-cü prezidentidir.

Kentukki Universitetində təhsil alan Saran 1984–1985-ci illərdə Türkiyə üzgüçülük üzrə milli komandasının kapitanı olmuşdur. Məzuniyyətindən sonra Arkanzas ştatının Littl-Rok şəhərində texniki dəstək mühəndisi kimi çalışmışdır. Türkiyəyə qayıtdıqdan sonra Mədəniyyət və Turizm Nazirliyində xarici əlaqələr üzrə məsləhətçi vəzifəsində xidmət etmişdir. 1991–1995-ci illər aralığında "Martin Marietta" (hazırkı adı ilə "Lockheed Martin") şirkətinin Ankara nümayəndəliyini idarə etmişdir. Daha sonra ESPN telekanalının Türkiyə təmsilçisi kimi fəaliyyət göstərmişdir. 1990-cı ildə "Saran Holding"i təsis etmişdir.

2001–2003-cü illərdə Əziz Yıldırımın rəhbərlik etdiyi "Fənərbağça" İdman Klubunun idarə heyətində vitse-prezident vəzifəsini tutmuşdur. 2004-cü ildə Bundesliqa təmsilçilərindən olan "Borussiya Dortmund"un səhmdarları sırasına daxil olmuşdur. 2024-cü il Fənərbağça seçkili ümumi yığıncağında prezidentliyə namizədliyini elan etmişdir, lakin sonradan Əli Qoçun xeyrinə mübarizədən çəkilmişdir. 2025-ci il seçkili ümumi yığıncağında yenidən namizəd olmuş və Əli Qoçu 257 səs fərqi ilə qabaqlayaraq "Fənərbağça" İdman Klubunun 34-cü prezidenti seçilmişdir.

İlk illəri və təhsili Sadettin Saran 30 avqust 1964-cü il tarixində Amerika Birləşmiş Ştatlarının Denver şəhərində anadan olmuşdur. Onun anası ABŞ vətəndaşı, atası isə türkiyəli olmuşdur. O, dörd qardaşın ən böyüyü idi. Ata tərəfindən əslən Kırıkkalenin Kəskin rayonundandır. Saran erkən yaşlarında Türkiyəyə gəlmişdir.

Universitet təhsili almaq üçün yenidən Amerika Birləşmiş Ştatlarına yollanan Saran Kentukki Universitetində maşınqayırma mühəndisliyi üzrə bakalavr dərəcəsi almışdır. Ali təhsil aldığı illərdə ESPN kanalında fəaliyyət göstərmişdir.

Biznes karyerası Universitet təhsilini tamamladıqdan sonra Littl-Rok şəhərində yerləşən "Ensco Environmental Services" şirkətində texniki dəstək mühəndisi kimi çalışmışdır. Türkiyəyə qayıtdıqdan sonra Mədəniyyət və Turizm Nazirliyində xarici əlaqələr üzrə məsləhətçi vəzifəsində xidmət etmişdir. 1990–1995-ci illər aralığında ABŞ-nin aerokosmik və müdafiə sənayesi müəssisəsi olan "Martin Marietta"nın Ankara nümayəndəliyində fəaliyyət göstərmişdir. ESPN-in Türkiyə təmsilçisi kimi ölkədə idman yayımçılığı və yayım hüquqları sahəsinə daxil olmuşdur. 1990-cı ildə öz şirkətini quraraq "Saran Holding"in təməlini qoymuşdur.

Amerika Birləşmiş Ştatlarında tələbəlik dövründə universitetin üzgüçülük komandasının kapitanı olmuş və iki il ardıcıl olaraq ən dəyərli idmançı seçilmişdir. 1984–1985-ci illərdə Türkiyə üzgüçülük üzrə milli komandasına kapitanlıq etmişdir. O, 50 metr məsafəyə sərbəst üsulla üzmədə 25 yaşdan yuxarı ustadlar arasında Türkiyə rekordunu qırmışdır.

Sadəddin Saran 2004-cü ildə Bundesliqa klubu "Borussiya Dortmund"un 4 milyon avro dəyərində səhmlərini satın almışdır. Almaniya mənbələri Saranın klubdakı payını 10 faizə qədər artırdığını bəyan etmişdir, lakin 2005-ci ildə sarı-qaralar klubunda ortaya çıxan maliyyə qalmaqalından sonra "Dortmund" azarkeşlərinin etirazları ilə əlaqədar olaraq səhmlərini satmışdır.

"S Sport", "Radyospor", "Radyo Müzik", "Radyo Trafik" kimi media quruluşları, həmçinin "Ajansspor" internet saytı və "tuttur.com" mərc saytı Sadəddin Sarana məxsusdur. O, öz soyadını daşıyan "Saran Holding" vasitəsilə Türkiyə televiziyalarında yayımlanan idman yarışlarının 50 faizindən çoxunun yayım hüququnu əlində saxlayır.

Fənərbağça İK rəhbərliyində thumb|right|230x230px|Saran namizədliyi dövründə tərəfdarları ilə danışır. 2025-ci ilin avqustu.

Sadəddin Saran, "Fənərbağça" İdman Klubunun 9945 qeydiyyat nömrəli Ali Divan Kurulu üzvüdür. O, Əziz Yıldırımın prezidentliyi dövründə xarici əlaqələr və futbol şöbəsindən məsul vitse-prezident qismində klub rəhbərliyində təmsil olunmuşdur. Əziz Yıldırım rəhbərliyinin fəaliyyətini dəstəkləmədiyi və açıq şəkildə tənqid etdiyi üçün prezidentlə münasibətləri pisləşmiş, nəticədə Əziz Yıldırım tərəfindən qaydalara zidd şəkildə rəhbərlikdən uzaqlaşdırılmışdır. Sadəddin Saran klub üzvlüyündən haqsız yerə xaric edilməsi ilə bağlı qərara qarşı məhkəmə iddiası qaldırmışdır. "Fənərbaxça" klubu ilə Sadəddin Saran arasında 7 il davam edən üzvlükdən haqsız xaric edilmə davasında Apellyasiya Məhkəməsi Sadəddin Saranın lehinə qərar vermişdir.

Saran 16 dekabr 2021-ci il tarixində ilk fürsətdə "Fənərbağça" İdman Klubunun prezidentliyinə namizəd olacağını bəyan etmişdir. O, 14 mart 2024-cü il tarixində İstanbul Ticarət Palatasında (İTO) verdiyi bəyanatla namizədliyini rəsmən açıqlamış, lakin daha sonra Əli Qoçun lehinə namizədlikdən çəkilmişdir.

21 sentyabr 2025-ci il tarixində keçiriləcəyi elan edilən 91-ci növbədənkənar seçkili ümumi yığıncaq üçün yenidən namizədliyini irəli sürmüşdür. 21 sentyabr 2025-ci il tarixində baş tutan seçkilərdə 12.325 səs toplayaraq rəqibi Qoçu 257 səs fərqi ilə qabaqlamış və "Fənərbağça" İK-nin 34-cü prezidenti seçilmişdir. 2025-ci ilin dekabr ayında başlanan narkotik istintaqından sonra Saranın növbədənkənar qurultayda namizədlikdən çəkiləcəyi iddia edilmişdir.

İstintaqlar Mərc istintaqı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən qanunsuz mərc oyunları ilə mübarizə çərçivəsində aparılan araşdırmalar zamanı Sadəddin Sarana məxsus "S Sport" kanalında yayımlanan oyunlarda qanunsuz mərc reklamlarının yer aldığı iddiaları ilə əlaqədar onun ifadəsi alınmışdır. Saran saxlanılma halının olmadığını bildirərək, oyun yayımları ilə bağlı izahat verdiyini açıqlamışdır. İstintaq çərçivəsində Sadettin Saran barəsində "7258 saylı qanuna zidd hərəkət" şübhəsi ilə işin mövcud vəziyyətinə uyğun olaraq ölkədən çıxış qadağası şəklində qətimkan tədbiri tətbiq edilmişdir. Sonradan həmin qadağa ləğv olunmuşdur.

Narkotik istintaqı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində Saran 19 dekabr 2025-ci il tarixində "şübhəli" qismində ifadə verməyə çağırılmış və evində axtarış aparılmışdır. Həmin vaxt Milanda transfer danışıqlarında olan Saran növbəti gün Türkiyə vaxtı ilə saat 01:00 radələrində İstanbul Atatürk Hava Limanına gəlmişdir. Hava limanında o, "Fənərbaxça" azarkeşləri tərəfindən qarşılanmışdır. Elə həmin gün Çağlayan Ədliyyəsinə gedərək ifadə vermiş, daha sonra ölkədən çıxış qadağası qoyulmaqla məhkəmə nəzarəti şərtilə sərbəst buraxılmışdır. Məhkəmə Tibb Ekspertizası tərəfindən götürülən saç nümunəsində kokain testi müsbət nəticə vermişdir. Bununla bağlı Saran, test nəticəsində aşkarlandığı iddia edilən maddəni həyatı boyu istifadə etmədiyini, hətta həmin maddəni heç vaxt yaxından görmədiyini bildirmiş və ona qarşı "nüfuz suiqəsdi" edildiyini iddia etmişdir. O, həmçinin Məhkəmə Tibb Ekspertizasından təkrar müayinə tələb edəcəyini və beynəlxalq müstəqil laboratoriyada analiz etdirəcəyini elan etmişdir. 24 dekabr 2025-ci il tarixində saxlanılan Saran növbəti gün məhkəmə nəzarəti şərtilə yenidən sərbəst buraxılmışdır.

Şəxsi həyatı Sadəddin Saran iki dəfə ailə həyatı qurmuşdur. İlk evliliyini 1990-cı illərin sonunda Aycan Atəş ilə etmiş və cütlük 2005-ci ildə boşanmışdır. İkinci evliliyini 2012-ci ildə Emek Külür ilə reallaşdırmışdır. Onlar 2017-ci ildə ayrılmışdır. Saran 2013-cü ildə qalxanvari vəzinin xərçənginə (tiroid xərçəngi) yaxalanmış və əməliyyat olunmuşdur.

Siyasi baxışları Saran 2007-ci ildə Demokratlar Partiyasından Hillari Klintonun praymriz kampaniyasına ianə etmişdir. 2008-ci il Amerika Birləşmiş Ştatları prezident seçkiləri ərəfəsində Klinton, Con Makkeyn və Barak Obama ilə görüşlər keçirmişdir.

Atatürkçü olaraq xarakterizə edilən Sadəddin Saran İstanbul Konvensiyasından çıxılmasını yanlış hesab etdiyini bildirmiş, "Qadınlarımızın yeganə təminatı olan İstanbul Konvensiyasına toxunulmasını istəmirəm" deyə qeyd etmişdir. Bundan əlavə, o, homoseksuallara qarşı nifrət ifadələrinin "mədəni cəmiyyətdə yeri olmadığını" vurğulamışdır. Saran "Instagram" hesabından paylaşdığı video müraciətdə tribunlarda səslənən "hökumət istefa" şüarlarından sonra gələn tənqidlərə münasibət bildirmiş, "Tribunlarda çərçivəsi konstitusiya ilə müəyyən edilmiş etiraz hüququndan istifadə edənlərə 'dövlət düşməni' demək, ən bəsit ifadə ilə dövlət və hökumət arasındakı fərqi bilməməkdir" demişdir. Türkiyədəki terror probleminin dözümlülük vasitəsilə həll ediləcəyini müdafiə edən Saran milliyyətçi mühitdə böyüdüyünü və sol meyilli biri olmadığını ifadə etmişdir.

İstinadlar

Kateqoriya:Türkiyə əsilli amerikalılar Kateqoriya:Türkiyə iş adamları Kateqoriya:Türkiyənin kişi idmançıları