Anna Bayerova (; ) — Çexiyalı həkim və feminist. O, (Bohuslava Keçkovadan sonra) ikinci çex qadın həkimi kimi tanınır. Onların hər ikisinin öz ölkələrində tibb həkimi kimi fəaliyyət göstərməsinə icazə verilmədiyi üçün Keçkova çex mamaçası oldu, Bayerova isə Berndə tibbi praktikaya sahib idi. Həyatı Anna Bayerova 4 noyabr 1853-cü ildə Avstriya imperiyasının Bohemiya bölgəsindəki Voytexov kəndində (hazırda Çexiyanın Mşeno şəhərinin hissəsidir), Yozef və Mari Bayerin sonuncu övladı olaraq anadan olub. O, 1868-ci ilə qədər Melnikdə məktəbə gedib, daha sonra Praqaya köçərək orada yazıçılar Elişka Krasnohorska və Sofiya Podlipska ilə tanış olub. Gimnaziyada oxumağına icazə verilməməsinə baxmayaraq, gimnaziya imtahanlarını müvəffəqiyyətlə verib.

1875-ci ildə Bayerova Sürixə köçüb və Sürix Universitetində dərslərdə iştirak etməyə başlayıb. Lakin maliyyə problemləri ilə üzləşdiyi üçün 1878-ci ildə evinə qayıdıb. Nəhayət, təhsilini davam etdirmək üçün vəsait tapdıqdan sonra Anna Bayerova Bern Universitetini bitirib və beləliklə, 1881-ci ildə ikinci çex qadın həkimi olub. Lakin, ilk çex qadın həkimi (1880-ci ildə Sürix Universitetini bitirən Bohuslava Keçkova) kimi, Bayerova da Çexiya universiteti deyil, İsveçrə universiteti məzunu idi və doktorluq dərəcəsi vətənində tanınmadığı üçün xaricdə fəaliyyət göstərməli olub. Üçüncü qadın həkim isə Anna Honzakova idi. Bayerova Bern Universitetindən məzun olmuş və uğurlu təcrübə keçən ilk həkim olub. Bohuslava Keckova ilk ixtisasa sahib olsa da (o, çex mama-ginekoloqu olub), Bayerova Berndə öz şəxsi klinikasını qurub.

1889-cu ildə Bayerovonun nailiyyəti xalqın dəstəyi ilə tanınıb. 700 qadın ona və "Ženské listy" jurnalına açıq məktub yazıb. Məktubda onun geri qayıda biləcəyinə ümid ifadə olunurdu, çünki onlar öz ölkələrində qadın həkimlər görmək istəyirdilər.

Bundan sonra o, Praqadakı sanatoriyaların birindən gələn iş təklifini qəbul etdi. Lakin burada cəmi bir ay işlədi və yenidən tez-tez iş yerini dəyişdiyi İsveçrəyə yollandı. 1901-ci ildə Leyzindəki ağciyər xəstəlikləri institutunda, növbəti il Cenevrədə, 1903–1904-cü illərdə Şardonda (Cenevrə gölü yaxınlığındakı Veve şəhəri yaxınlığında) su ilə müalicə (hidroterapiya) institutunda, daha sonra yenidən Cenevrədə qızlar pansionatında və 1905–1906-cı illərdə Val Mouts Territetdəki doktor Vidmerin xəstəxanasında həkimlik etdi. 1907-ci ildə o, bir həmkarı ilə birlikdə Cenevrədəki "Château La Châtelaine" sanatoriyasını icarəyə götürməyə cəsarət etdi, lakin bu müəssisə zərərə uğradı.

Uğursuzluqdan sonra İngiltərəyə getdi və 1909-cu ilə qədər orada bir aristokrat qadına evdə qulluq göstərdi. Həmin il Praqaya qayıtdı və burada sənaye məktəbində, eləcə də Qadın İstehsalat Birliyinin məktəbində alman dilindən dərs dedi. 1912–1913-cü illərdə qısa müddət ərzində Drezdendə çalışdı. Avstriya hökumətinin ona məcbur etdiyi bu xaricdəki "sərgərdan həyatdan" yalnız o halda xilas ola bilərdi ki, 1896-cı il qanununun imkan verdiyi kimi, Çexiyada diplomunun tanınması (nostrifikasiya) üçün müraciət etsin. Lakin bunun üçün qadın həkim Çexiyada yenidən yetkinlik imtahanı (maturita) verməli idi. Bayerova bu şərti alçaldıcı hesab edirdi, çünki o, artıq İsveçrədə ağır imtahanlardan keçmişdi və Avropanın müxtəlif yerlərində zəngin tibbi təcrübəyə malik idi.

1914-cü ildən etibarən o, Praqada gigiyena professoru vəzifəsini aldı və nəhayət, Praqa dairəsində tibbi fəaliyyətlə məşğul olmaq hüququ qazandı. Belə ki, qadın birliklərinin çoxsaylı petisiyalarından sonra rəsmi Vyana onun tibbi diplomunu əlavə imtahanlar olmadan tanıdı. Həmin vaxt onun 60 yaşı var idi.

O, 24 yanvar 1924-cü ildə Praqada, 70 yaşında vəfat edib. Olşanı qəbiristanlığında dəfn olunub. Doğulduğu şəhərdə onun şərəfinə adlandırılmış bir küçə var.Street Anny Bayerové, Kurzy.cz, Retrieved 3 November 2016

İstinadlar

Xarici keçidlər 150 LET OD NAROZENÍ MUDR. ANNY BAYEROVÉ – PRVNÍ ČESKÉ LÉKAŘKY